Axtarış...

Şamaxıda bələdiyyə sədrindən şikayət var... - İTTİHAM

Şamaxıda bələdiyyə sədrindən şikayət var... - İTTİHAM

Hörmətli redaksiya!
Ötən həftə Şamaxı rayonu, I Çaylı kənd bələdiyyəsinin sədri Əzizbaba Fətullayevin qanunsuz əməlləri ilə bağlı bir sıra məlumatları təqdim etmişdik. Lakin Ə.Fətullayevin özbaşınalıqları həmin faktlarla bitmir. Bu cür saysız-hesabsız faktlar sadalamaq olar ki, mən onlardan bir neçəsini oxucuların və aidiyyatı orqanların diqqətinə çatdırmaq istəyirəm.
Əvvəla ondan başlayaq ki, Əzizbaba Fətullayev bələdiyyənin ehtiyat fondunda olan torpaq sahəsini torpağı olmayanlara vermək əvəzinə öz qohumlarının adına sənədləşdirib. Bunu bütün kənd camaatı təsdiq edə bilər.
Məlumat üçün onu da bildirim ki, bələdiyyə sədrinin oğlu Sərxan Fətullayev Şamaxı Aqroservisinin müdiri vəzifəsində işləyir. Acınacaqlısı isə odur ki, həmin qurumun texnikası Şamaxı zəhmətkeşlərinə deyil, yalnız Fətullayevlərə xidmət edir. Həmin texnikalardan istifadə etmək üçün mütəmadi şəkildə yeni-yeni torpaq sahələri ələ keçirirlər. Misal olaraq göstərə bilərəm ki, rayondakı Peşə məktəbinin balansında olan, təlim-tədris üçün nəzərdə tutulmuş 30 ha torpaq sahəsi zorla və saxta sənədlərlə ələ keçirilib. Bundan başqa I Çaylı bələdiyyəsinin ehtiyat fondundan 41 ha, o cümlədən Çaylı sakinlərinin xəbəri olmadan 3-cü və 4-cü pay torpaqları, ümumilikdə 120 ha torpaq sahələri qanunsuz olaraq Aqroservisin texnikası ilə əkilib-biçilir.
Narahatlıq doğuran bir məsələ də ondan ibarətdir ki, qaydalara görə həyətyanı üçün nəzərdə tutulmuş torpağa (KİP) kotan vurmaq qadağan olsa da, buna əhəmiyyət verilmir. Belə ki, bələdiyyə sədrinin tapşırığı ilə onun adamları həyətyanı sahə üçün nəzərdə tutulmuş 6 ha torpağı şumlayıb əkiblər.
Ə.Fətullayevin özbaşınalığı o həddə çatıb ki, hətta heç kəsdən çəkinmədən bələdiyyənin balansında olan idarə binasını hərracdan kənar Heybətov Zahir Qubad oğluna satıb. O da idarə binasını öz şəxsi əmlakı kimi hasarlayıb. Bu əməlin özü cənab Prezidentin sərəncamına ziddir. Hazırda həmin ərazidə aparılan tikintiyə bələdiyyə sədri "göz yumur" ki, burada da maddi maraq güdülür. Onu da təəssüflə qeyd edək ki, hazırda kənd ərazisində əməlli-başlı antisanitariya hökm sürür. Ancaq başı var-dövlət toplamağa qarışan bələdiyyə sədrini bu vəziyyət heç də narahat etmir. Əgər narahat etsəydi, bununla bağlı tədbir görərdi.
Əzizbaba Fətullayevin daha bir neçə qanunsuz hərəkətinə diqqət yetirək. Belə ki, bələdiyyə sədri Şamaxı Ağsu yolunun üstündə Eldar şamı ağaclarını kəsdirərək həmin ərazidə ev və tövlə tikdirib.
Qızının əri Vahidə və daha on nəfərə yaxın qohumuna həyətyanı torpaq sahəsi ayırıb.
Məlumat üçün onu da bildirirəm ki, Ə.Fətullayev Şamaxı şəhərində yaşayır. O, qonşu Quşçu kəndindən 500 baş qoyunu olan Məzahir adlı bir nəfəri gətirib öz evində yerləşdirib və kəndin örüş sahəsinin xeyli hissəsini də ona verib. Üstəlik də tapşırıb ki, soruşan olsa de ki, sürü bələdiyyənindir. Əslində isə bələdiyyə sədrinin borcudur ki, kəndin örüş sahəsini kənar sürülərdən və onların sahiblərindən qorusun.
I Çaylı kənd sakinlərinin pay torpaqlarının 500 hektarı "Nəcəf" adlanan ərazidə yerləşir. Biz orada arpa, buğda əkib becəririk. Həmin sahəyə gedən yol 3 körpü tamamilə uçulub dağılıb, demək olar ki, kəndlə əlaqə kəsilib. Bələdiyyə sədrinə dəfələrlə deyilməsinə baxmayaraq, heç bir tədbir görülmür. Yığılan vergi pulunu və dövlətin ayırdığı dotasiyanı bu cür işlərə sərf etmək əvəzinə, müxtəlif adlar altında mənimsəməklə məşğuldur.
Misal olaraq deyə bilərəm ki, 2014-cü ildə taxıl istehsalçılarına ayrılmış subsidiya verilərkən bələdiyyə sədri kənd sakinlərindən bir neçə nəfərin imzasını saxtalaşdıraraq 8000 (səkkiz min) manat dövlət vəsaitini mənimsəmişdir.
Hörmətli redaksiya!
Sonda onu da bildirirəm ki, sadaladığımız bu faktlarla bağlı əlaqədar təşkilatlara, dövlət orqanlarına dəfələrlə məlumat verilib. Lakin hər dəfə başdansovdu, səthi yoxlamalar aparılıb. Ona görə də heç bir tədbir görülməyib, heç bir hüquqi qiymət verilməyib. Bir sözlə, bələdiyyə sədri Əzizbaba Fətullayevin qanunsuz əməllərinə hələ də "goz yumulur"
Ancaq ümid edirik ki, sizin saytınız vasitəsi ilə bu məsələlər ictimailəşdikdən sonra dövlət orqanları ciddi ölçü götürəcəklər. Biz isə yaxın vaxtlarda yeni-yeni faktlar təqdim edəcəyik.
Ardı var.
Gülüyev Vüsal Fazil oğlu \\qanun-namine\\
Text-to-Speech

DİNLƏ






Şərh yaz