Son illər ölkəmizdə korrupsiya və məmur özbaşınalığı hallarına qarşı mübarizə tədbirləri güclənsə də, bəzi məmurlar hələ də bu çirkin şakərindən əl çəkmək istəmirlər. Nə qədər qəribə olsa da, onların arasında sabiq məmurlar da var. Vəzifədən azad olunmalarına baxmayaraq, saxta sənədlərlə “ənənəvi fəaliyyəti”ni davam etdirirlər.
Redaksiyamıza Badamdar bələdiyyəsinin keçmiş rəhbəri Bəybala Hüseynovla bağlı şikayət daxil olub.
Şikayətçinin AXP.AZ-a verdiyi məlumata görə, Badamdar qəsəbə sakini, sahibkar Fərhad Məzahim oğlu Nağıyev bildirir ki, 2018-ci ilin yanvarında Bəybala Hüseynov şirnikləndirici vədlərlə onu öz “toruna” salıb:
“Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini mənə satdı. Torpağın hər sotuna görə məndən 6 min AZN pul aldı. Baxmayaraq ki, o artıq bələdiyyə sədri deyildi, məni inandırdı ki, torpağı qanuni yolla satır. Çünki onun mənə təqdim etdiyi sənədlərdə Badamdar Bələdiyyəsinin möhürü var idi. Mən ona sual verəndə ki, “Bəybala müəllim, siz artıq bələdiyyə sədri deyilsiniz, bunu necə edirsiniz, axı İcra Hakimiyyətindən razılıq olmalıdır ” – cavabı konkret oldu: “Sənə nə lazımdır, torpaq, yoxsa mənim vəzifəm?”. Nəhayət onunla anlaşdım”.
F.Nağıyev sonradan öyrənib ki, həmin yeri başqa şəxsə də satıblar: “Bəybalanın çox qəribə üsulu var: Adamları üz-üzə qoyur. İstəyirdi ki, mən halal pulumla aldığım torpağı ondan yox, satdığı digər şəxsdən tələb edim. İsrarımı görəndən sonra açıq şəkildə dedi ki, get hara istəyirsən şikayət et. İndiyə qədər müxtəlif instansiyalara müraciət etsəm də, mülkiyyət hüququm təmin edilmir. Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzindən rəsmi cavab gəlib ki, bu ərazi onlarda qeydiyyatda deyil”.
Şikayətçinin sözlərinə görə, digər şəxslər də Bəybala Hüseynovun qurbanı olub: “Özü də bu işi tək həyata keçirmir. Onun ortağı Ramiz adlı şəxs III massivdə keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla qonşudur. E.Mahmudov nazir işləyəndə Ramizin oğlunu rəhbərlik etdiyi qurumda işə düzəldib. Bəybala Ramizlə birlikdə satdığı torpaqları köhnə tarixə sənədləşdirirlər. Elə oyun qurublar ki, guya torpaq B.Hüseynovun bələdiyyə sədri olduğu dövrdə rəsmiləşdirilib”.
“Badamdar qəsəbəsində III massiv deyilən ərazi var. O yer bələdiyyənin balansında deyil” söyləyən F.Nağıyev əlavə edir ki, Bəybala ilə Ramiz həmin ərazidə də torpaqlar satır:
“Satmadıqları yer, aldatmadıqları adam qalmayıb. Əldə etdiyi qanunsuz sərvətlər hesabına çoxlu sayda ticarət obyektlərinə sahib olublar. Bəybala Hüseynov Badamdarda dağı qazıb özü üçün “Bəyoğlu” şadlıq sarayı inşa etdirib. Dağda çökmə təhlükəsi yaranıb və həmin ərazidən keçmək mümkün deyil. Bununla kifayətlənməyib Fövqəladə Hallar Nazirliyinin su anbarının üzərində “İbrahim” mərasim evi tikdirib və uşaq bağçasının ərazisini zəbt edib. Eyni zamanda “Karat” adlı restoran inşa etdirir. Kürdəmirli qohumu Nemətin adına rəsmiləşdirdiyi bu restoranın tikintisi zamanı 263 saylı orta məktəbin ərazisinə daxil olublar”.
Şikayətçi Fərhad Nağıyev qeyd edir ki, adam 5 ilə yaxındır bələdiyyə sədrliyindən çıxsa da, Badamdar sakinlərinə qan uddurur:
“Şikayət etmədiyimiz ünvan, instansiya qalmayıb. Onun haqqında heç bir ölçü götürülmür. Nəticədə ziyan çəkən sadə vətəndaşlar, sahibkarlar olur. Mən buradan üzümü Cənab Prezident İlham Əliyevə, müvafiq qurumlara tutaraq Bəybala Hüseynov və onun Ramiz adlı ortağı barədə hüquqi ölçü götürməyi, bizə vurduğu ziyanı ödəməyi tələb edirəm. Çünki bu çirkin əməllərin qurbanı təkcə mən deyiləm. Badamdar sakini Mehman Şəmiyevə qarşı da oxşar dələduzluq etmişdilər. M.Şəmiyev Bəybalanın oyunlarına dözmədi və vəfat etdi. Biz hüquqi və demokratik dövlətdə yaşayırıq. Əgər hər hansı dələduz onlarla insanı aldadıb, sərvətlərini ələ keçirirsə, onu dayandırmaq lazımdır. İmkan vermək olmaz ki, insanların minbir çətinliklə qazandığını hansısa dələduz aldadaraq əlindən alsın”.(AXP.AZ)