Şabran rayonunda qətl törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ağayəhya Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Şabran rayon sakini Rəşid Əhmədov Ağayəhya Abbasovun bibisi Əzizə Abbasovanı 1991-1992-ci illərdə evlənmək adı ilə aldadıb və qısa müddətdə faktiki nikah münasibətlərində olub.
Bir il sonra Rəşid Əhmədov Əzizə Abbasova ilə ailə həyatı qurmaqdan imtina edib və ondan ayrılıb. Əzizə Abbasova ata evinə qayıdandan sonra bu barədə ailədə söz-shbətlər yaranıb.
Ailədə bu söz-söhbət zamanı Ağayəhyanın 4-5 yaşı olub. Uşaqlıq yaşlarından qisas almaq niyyəti ilə böyüyən Ağayəhya Abbasov bu istəyini həyata keçirmək üçün düz 26 il gözləyib.
Ağayahya Abbasov 2018-ci ilin yayında niyyətini həyata keçirmək üçün fürsət gözləyib. O, bir qadın kimi bibisinin, eləcə də onun qohum-əqrəbasının adına və namusuna xələl gətirdiyinə görə qisas almaqla Rəşid Əhmədovu öldürmək qərarına gəlib, öz niyyətini həyata keçirmək üçün münasib vaxtı və əlverişli şəraitin yaranmasını gözləyib.
2018-ci il iyulun 9-da tanışı Asif Şükürovun toy məclisində spirtli içkilər qəbul etdikdən sonra sərxoş vəziyyətdə telefonla Rəşid Əhmədova üç dəfə zəng edib. O, Rəşid Əhmədovla həmin gün mütləq görüşüb, sözügedən məsələni həll etməklə söz-söhbətlərə son qoyacağı, onu “deşik-deşik edəcəyi" ilə hədələyib.
Rəşid Əhmədov rayon ərazisində olmadığını bildirib görüşdən boyun qaçırmaq istəsə də, sonuncu israr edib. Elə həmin gün Mehralı Qasımovun Şabran şəhərində yerləşən mağazasından aldığı mətbəx bıçağını da götürüb və niyyəti barədə heç bir məlumat vermədiyi taksi sürücüsü kimi fəaliyyət göstərən Natiq Daşdəmirovun “Lada Priora” markalı avtomaşınla Rəşid Əhmədovu axtarmağa başlayıb. Onu iş yerində tapa bilməyib, saat təxminən 20.30-da Rəşid Əhmədovun yaşadığı Şabran şəhərində yerləşən evinin qarşısına gəlib.
Ağayəhya Abbasov orada Rəşid Əhmədovu özünə məxsus “İnfiniti FX 35” markalı avtomobilin salonunda oturub və mobil telefonla danışdığını görüb. O, əli ilə avtomaşının bağlı pəncərəsini döyüb, ondan maşından düşməyi tələb edib.
Rəşid Əhmədov onun gəlişinin məqsədini bildiyi üçün maşının içindən əl barmağı ilə ona “bir dəqiqə gözlə, gəlirəm” işarəsi verib. Ağayəhya Abbasov Rəşid Əhmədova məxsus avtomobildən bir neçə metr aralandıqdan sonra sonuncu özünü müdafiə etmək məqsədi ilə maşınından götürdüyü “Churchill” markalı ov silahını nümayiş etdirib, arxadan onun üzərinə tutmaqla oradan getməyi və sözügedən məsələ ilə bağlı bir daha onu narahat etməməyi tələb edib.
Buna baxmayaraq, Ağayəhya Abbasov öz niyyətini həyata keçirmək fikrindən daşınmayıb. Geriyə dönərək sol əli ilə üzərinə tuşlanmış ov silahının lüləsindən tutub və dartaraq həmin silahı yerə salmaqla Rəşid Əhmədovu tərk-silah edib. Bundan sonra əynindəki şalvarın cibində gəzdirdiyi mətbəx bıçağını çıxararaq onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Rəşid Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Ağayahya Abbasov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağayahya Abbasov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Ağayəhya Abbasov apelyasiya şikayəti verib. O, işinə yenidən baxılmasını, ədalətli qıərar qıəbul edilməsini istəyib.
Ağayəhya Abbasovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub. Şikayət təmin edilməyib.