Axtarış...

“Evrascon” ASC çətin durumda - Bakıda liman tikən şirkət borc dənizində niyə batdı

“Evrascon” ASC çətin durumda - Bakıda liman tikən şirkət borc dənizində niyə batdı

Azərbaycanın ən böyük inşaat şirkətlərindən biri olan “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin üzləşdiyi maliyyə çətinlikləri davam edir. Bu barədə redaksiyamıza məlumat verən mənbənin dediyinə görə, şirkətdə əmək haqları aylarla verilmir, yubanma 4-5 aya çatır: “Son aylarda yüzlərlə işçi ixtisara salınıb, hamıya layihələrin bitdiyi, yenilərinin olmadığı deyilir. Hətta deyirlər, bəzi layihələrdə iş yarımçıq saxlanılıb, iş şirkətdən alınıb”.

Mənbənin verdiyi məlumata görə, “Evrascon” ASC-nin Dövlət Sosial Müdafiə Fonduna külli miqdarda borcu yığılıb: “Xəstəlik kağızı alan işçilər üçün ödənişlər aylarla verilmir. Pensiya Fonduna müraciət edəndə deyirlər ki, şirkət aylardır ödənişləri ləngidir, ona görə də fond onun işçilərinin ödənişini vaxtında edə bilmir”.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandıran “Evrascon” ASC Direktorlar Şurasının üzvü Namiq Kərimli bildirdi ki, həqiqətən də əmək haqlarının ödənişində müəyyən çətinliklər var: “Etiraf edək ki, bu sahədə müəyyən geriləmə var. Elə bu gün işçilərin əmək haqları kartlarına köçürülüb. Ondan sonra haradasa 2 aylıq əmək haqqı borcumuz var”.

İxtisarlara gəlincə, N.Kərimli qeyd etdi ki, söhbət bir sıra başa çatmış layihələrin icrasına müvəqqəti cəlb olunmuş işçilərdən gedir: “Məsələn, Ələt dəniz limanının tikintisi başa çatdı. Ora müvəqqəti əsaslarla cəlb etdiyimiz işçilərlə müqavilələrin müddəti başa çatıb. Haradasa 2 min nəfərə yaxın adam işləyirdi orada. Bakı-Astara yolunun tikintisi də demək olar ki, yekunlaşıb. Bu layihələrdə işləyən mütəxəssisləri digər layihələrə yönləndirmişik, qalanlarla işi dayandırmışıq”.

N.Kərimlinin dediyinə görə, “Evrascon” hazırda iki dövlət əhəmiyyətli layihənin icrasına başlayıb: “Bunlardan birincisi Azərbaycan-Rusiya sərhədində DSK adlı yerdə körpünün tikintisidir. Digəri isə Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 60 kilometrini biz inşa edirik. Hazırda bu layihələrin icrası istiqamətində ciddi iş gedir”.

DSMF-yə borcun yığılmasına gəlincə, şirkət rəsmisi bunun yanlış olduğunu qeyd etdi: “Bizim dövlət qurumlarına hər hansı borcumuz yaranan kimi hesablarımıza sərəncam qoyulur. Sosial Müdafiə Fonduna da həmçinin. Bizim bu quruma borcumuz yığılmayıb, bu, həqiqətə uyğun deyil”.

Xatırladaq ki, Ələtdə yeni və müasir tipli dəniz limanının tikintisi ilə bağlı işlərə 2007-ci ildən başlanıb. Ötən illər ərzində tikinti işlərində xeyli ləngimələr qeydə alınıb. Belə ki, hələ 2008-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun mətbuata verdiyi açıqlamada limanın birinci mərhələsinin 2008-2011-ci, ikinci mərhələnin 2011-2013-cü, üçüncü mərhələnin isə 2013-2015-ci illəri əhatə edəcəyi, tikinti işlərinə bütövlükdə təqribən 400 milyon ABŞ dolları sərf olunacağı bildirilmişdi. Liman kompleksi akvatoriyasında dibdərinləşdirmə işləri istisna olmaqla, bütün işlər “Evrascon” ASC-yə həvalə olunub. Lakin işlər ciddi şəkildə yubanıb, ona çəkiləcək xərclər də artıb. 2008-ci ildə elan edilən 400 milyon dollar (təxminən 300-320 milyon manat) 2012-ci ildə 870 milyon manata çatıb. ASC-nin İdarə Heyətinin sədri Manaf Şirinov özü də Ələt Limanının tikintisi ilə bağlı işlərdə problem yarandığını təsdiq edib. O, 2015-ci ilin yekunları ilə bağlı səhmdar cəmiyyətin səhmdarlarının yığıncağında bildirib ki, limanın tikintisi ilə bağlı 2014-cü il üçün görülən işlərə sərf olunacaq 50 milyon manatı ona büdcədən 2015-ci ilin may-iyun aylarında ödəyiblər. Bu üzdən də ASC layihə üzrə işləri davam etdirmək üçün dollar və avro ilə kreditlər götürüb.

2017-ci ilin yanvarında hökumət müşavirəsindəki çıxışında ölkə prezidenti İlham Əliyev Ələt limanının tikintisindəki yubanmanı kəskin tənqid edib. Bildirib ki, tikintinin birinci mərhələsinin başa çatması ilə bağlı qrafikə əməl olunmayıb: “Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda, özlərindən küssünlər”.

Prezidentin çıxışından sonra Ələt limanının tikintisinə nəzarət Nəqliyyat Nazirliyindən alınaraq İqtisadiyyat Nazirliyinə verilib və bundan sonra işlər sürətləndirilib.

Qeyd edək ki, “Evrascon” ASC-nin baş nazirin sabiq müavini Abid Şərifova bağlı olduğuna dair mətbuatda çoxsaylı məlumatlar yer alıb. Hətta A.Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızının “Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisi olduğu deyilir. A.Şərifovun vəzifədən uzaqlaşdırılması ilə şirkətin vəziyyətinin də pisləşdiyinə dair informasiyalar dolaşmaqdadır. Hətta bu ilin iyulunda şirkətin İdarə Heyətinin sədri Manaf Şirinov prokurorluq orqanları tərəfindən həbs edilib. Bununla bağlı Baş Prokurorluğun yaydığı məlumatda həbsin qum-çınqıl yataqlarından qanunsuz istifadə, qanunsuz sahibkarlıq və sairlə bağlı olduğu qeyd edilib. Əldə etdiyimiz məlumata görə, M.Şirinov qısa müddətdən sonra həbsdən azad olunub, hazırda “Evrascon” ASC-dəki işinin başındadır.
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz