Axtarış...

Təhsil Nazirliyinin bu bazardan xəbəri var? - GİLEY

Təhsil Nazirliyinin bu bazardan xəbəri var? - GİLEY

Bu ildən etibarən, orta məktəblərə və məktəbəqədər hazırlıq bölmələrinə qəbul elektron qaydada aparılır. Reallıqda isə bu sistem valideynlərin işini yüngülləşdirmək əvəzinə, xeyli artırıb. Əgər belə olmasaydı, hər gün onlarla insan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qarşısında saatlarla gözləməzdi.

Bu gün sözügedən idarənin qarşısında qeyd olunan problemlə üzləşmiş yüzdən çox insan toplanmışdı. Valideynlərin sözlərinə görə, idarənin qarşısı hər gün mitinq meydanını xatırladır. Onlarla insan gəlir, gözlədilir, qəbul edilir, sonra yenə get-gələ salınır.

Adlarının açıqlanmasını istəməyən valideynlər Yenicag.az-a bildirdilər ki, onlar artıq neçənci dəfədir, buraya gəlirlər. Səbəb isə idarədə ərizələrinin qəbul olunaraq, “sizin məsələ həll edildi” sözünə baxmayaraq, məktəbdə “adınız sistemə düşməyib” cavabını almalarıdır.

Elektron qaydada müraciət edənlər yaşadıqları əraziyə yaxın məktəbləri seçirlər. Ancaq nədənsə, həmin məktəbdə “yer olmur”. Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə daha uzaq ərazidə yer olduğunu bildirir və valideynlərə övladlarını oraya yerləşdirməyi uyğun bilir.

Valideynlərdən birinin sözlərinə görə, məktəblərdəki hazırlıq bölmələrindəki yerlər rəsmən satılır. Adının açıqlanmasını istəməyən valideynlərdən biri bizmlə söhbətdə bildidrdi ki, yaşadığı ərazidəki məktəb direktorunun müavini ona 3 min manat pul verərsə, uşağı həmin məktəbə götürə biləcəyini deyib. Sual yaranacaq, axı məktəblər özü şagird qəbul edə bilmir. Doğrudur, məktəblərin belə bir səlahiyyəti yoxdur. Məktəb direktorunun müavini həmin valideynə, pulu aparıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinə verəcəyini və bura göndərilmiş şagirdin birini siyahıdan çıxararaq, onun uşağını məktəbə qəbul etdirəcəyini bildirib. Bunun adı nədir? Açıq bazar!

Ümumiyyətlə, valideynlər hamısı mətkəblərin pulla şagird qəbul etdiyini deyirlər.

İdarənin qarşısındakı narazı valideynlərdən biri isə nəvəsinin işinə görə gəldiyini deyir:

“Nəvəm Moskvada doğulub, orada böyüyüb, indi köçüblər Bakıya. Uşaq Azərbaycan dilində bir kəlmə də bilmir. Onu rus bölməsinə qoymaq istəyirik, ancaq deyirlər, yer yoxdur. Maraqlanmışıq, Bakıdakı mətəblərin heç birində rus bölməsində yer yoxdur. Axı bu, absurddur. Deyirlər, Azərbaycan bölməsinə qoyun. Öz dilimizdə bir kəlmə bilməyən uşağı necə Azərbaycan bölməsinə qoyaq?”

Valideynlərin ümumi narazılığı isə idarənin işinin ancaq yönləndirmə və başdan etməklə məşğul olmasındadır. Belə ki, “həll olundu” deyilən heç bir məsələ əslində, öz həllini tapmır. Bundan əlavə, gündəlik 200-300 nəfər şikayətçi valideyni qəbul etmək üçün cəmi idarədə 2 nəfərin ayrıldığı deyilir. Bu isə növbənin istər-istəməz saatlarla davam etməsinə gətirib çıxarır.

Bir çox valideynlərə isə elektron müraciətdən “imtina” cavabı gəlib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynləri rüşvət verməyə təşviq edir. Bəlkə də ağır ittihamdır. Ancaq idarədə qəbuldan çıxan valideynlərdən birinin dediyini olduğu kimi yazıram:

“Məni qəbul edən şəxs dedi ki, gedib məktəb direktoru ilə görüşün, uşağın yerini dəyişək. Açıqdan-açığa “apar direktora pul ver”, deyir. Yoxsa direktorla görüşüb, çay içib, dünyanın gərdişindən danışası deyiləm ki…

“Uşağımı 100 manata Zabratda 192 saylı məktəbə qoymuşam. Məlum olur ki, uşaq indiyə qədər hələ qeydiyyata düşməyib”, – bunu isə narazı valideynlərdən digəri deyib. Azərbaycanda orta təhsil icbaridir. Ancaq reallıqda valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsini məbcur edirlər ki, övladları məktəblərə götürülsün. Görünən odur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsini yuxarılar məcbur etməsə, bu il onlarla, bəlkə yüzlərlə uşaq təhsildən uzaq qalmağa məcbur olacaq.
yenicag.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz