Axtarış...

“Bu cür şayiələrin yayılması cəmiyyətimizin qərəzli siyasiləşməsinin nəticəsidir” - Reaksiya

“Bu cür şayiələrin yayılması cəmiyyətimizin qərəzli siyasiləşməsinin nəticəsidir” - Reaksiya

“MiQ-29" təyyarəsinin qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayılsa da, sosial şəbəkələrdə müzakirələr səngimir. Hadisəyə dair müxtəlif versiyalar irəli sürülüb, fərqli fikirlər səsləndirilir. Əsas müzakirə mövzusu isə təyyarənin hansı səbəbdən qəzaya uğramasıdır.

Müdafiə Nazirliyinin məsələ ilə bağlı yaydığı rəsmi məlumatda bildirilib ki, təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub:

“Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. ”Qara qutu"dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarə olunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb".

Bu açıqlama ilə razılaşmayanlar iddia edirlər ki, quşla toqquşmaya görə təyyarə qəzaya düşə bilməz. Lakin məsələ ilə bağlı xeyli tarixi fakt var ki, qırıcılar məhz quşla toqquşduqları üçün qəzaya düşüblər. Bu barədə ötən həftəki sayımızda geniş məlumat vermişdik. Onu da əlavə edək ki, indiyədək dünyada 50-dən çox təkcə “MiQ-29" qəzası baş verib. Bu qəzalar zamanı 23 pilot həlak olub, 35 pilot sağ qalıb. 16 pilot katapult edə bilməyərək, 7 pilot katapult etsə də həlak olub. Qəzaya uğrayan ”MiQ-29" sayına görə dünyada ilk yerdə 23 hadisə ilə Rusiya dayanıb. Macarıstan və Hindistanın hər birində 3, Ukrayna, Qazaxıstan, Rumıniya, Belarus və Slovakiyanın hər birində 2, Peru, Bolqarıstan, Myanma, İran, Polşa və Misirin hər birində isə 1 “MiQ-29” təyyarəsi qəzalarda sıradan çıxıb.

Quşla toqquşma faktını inkar edənlər əsasən siyasi məqamlara toxunub, bu qəzada Rusiyanı və ya İranı günahlandırırlar. Politoloqlar isə bildirirlər ki, hazırda Azərbaycanın Rusiya ilə münasibətləri olduqca yüksək səviyyədədir və səslənən versiyalar həqiqətdən kənardır.

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, bu cür şayiələrin yayılması cəmiyyətimizin qərəzli siyasiləşməsinin nəticəsidir: “Azərbaycanın Rusiya ilə olan münasibətləri bir çox dövlətləri narahat edir. Əvvəllər hətta ABŞ, Avropa dövlətləri də çox çalışırdılar ki, Rusiyanın Azərbaycanda rolu azalsın. İndi isə həm ABŞ, həm də Avropa Rusiyanın Azərbaycandakı rolu ilə bağlı sabitləşmiş mövqeyə malikdirlər. Azərbaycan-Rusiya münasibətləri bu dövlətləri qıcıqlandırmır. Lakin İranda müəyyən bir dövlətə yaxın qruplar var ki, onlar indi də maraqlıdır ki, Azərbaycanın daxilində Rusiya zəif, neqativ fonda görünsün. Bunun üçün bizim cəmiyyətin bütün siniflərini işə salırlar. Cəmiyyətimizdə antirusiyaçılığı dayandırmaq mümkün deyil. Düşünün, nə üçün Rusiya Azərbaycanın təyyarəsini vurmalıdır? Hər bir dövlətin təyyarə markasının qəzaya düşməsi həmin dövlətin imicinə kifayət qədər ciddi zərbədir. İkincisi də təyyarənin qəzaya düşdüyü yer də Xəzər dənizində Azərbaycan-Rusiya sərhədində xeyli uzaqdadır. Demək olar ki, Bakının ətrafında bu cür qəza baş verib. Təyyarənin hissələri xeyli axtarıldı. Qalıqların çıxarılmasında keçid mərhələsi məhz rusiyalı mütəxəssislər işə qoşulandan sonra mümkün oldu. Yəni əgər Rusiyanın özünün radio elektron mübarizəsi bu işi görmüş olsaydı, o zaman rusiyalı mütəxəssislər bu hissələrin tapılmasında maraqlı olmazdılar. Ona görə də düşünürəm ki, sadəcə olaraq, bizim cəmiyyətdə, sosial şəbəkələrdə müəyyən adamlar, qruplar var ki, Rusiyanın əleyhinə danışmaq üçün bəhanə axtarırlar. Heç kim bilmir ki, Heydər Əliyev ”Əsrin müqaviləsi"ni imzalayan zaman Amerikanı nəyə inandırdı. Rusiyanın nümayəndə heyəti 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak etməsəydi, amerikalılar, ingilislər həmin müqaviləyə qol çəkməyəcəkdilər. Gürcüstana bir baxın, iki dəfə bu dövlət üçün Qərb donor konfransı keçirib. Ancaq Gürcüstana pul ayrılmır. Ona görə ki, bu dövlətin Rusiya ilə münasibətləri gərgindir. Qafqazda, Mərkəzi Asiyada Qərb investisiya qoyduğu zaman hökmən həmin ölkənin Rusiya ilə münasibətlərinə nəzər salır. Əgər təhlükə yoxdursa, o zaman investisiya qoyur".

Politoloq həmçinin qeyd edib ki, Rusiya Azərbaycanı zəiflədə bilməz:

“Şimali Qafqazda vəziyyət o zaman sakitləşdi ki, Azərbaycan və Rusiya gücləndi. Həm də bir-birinə qarşı çox normal münasibət qurdular. İndi Rusiya Azərbaycanı zəiflədərsə, o deməkdir ki, Şimali Qafqazda özünün ərazi bütövlüyünün pozulmasına hazırlaşır. Ona görə də çox xahiş edirəm ki, bir şeyi öyrənib, bildikdən sonra rəy versinlər. Anti-Rusiya əhvalı Azərbaycan üçün indiki məqamda çox zərərlidir. Bu təyyarə söhbətində belə fikirlərin ortaya atılması isə iki dövlət arasındakı xoş münasibəti istəməyənlərin işidir. İranın o təyyarəni vurmasını deyənlər də yanılırlar. İranın Xəzər dənizinin qeyd olunan istiqamətində belə bir qəzanı törətməsi üçün texniki imkanı mövcud deyil. Əgər olsaydı, İran bunu şişirdərək bütün dünyaya yaymışdı. Biz görürük ki, İran qürrələnən dövlətdir və əlindəki kiçik bir silahı belə şişirdərək, nümayiş etdirir. Çox təəssüf ki, bu cür peşəkar pilotumuzu bizdən quş dəstəsi aldı. Ən düzgün versiya rəsmi məlumatdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz