Rusiyanın Dəniz Donanmasının istefada olan polkovnikinin rəhbərlik etdiyi bir qrup rusiyalı Türkiyənin Marmaris şəhərində 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar.
APA-nın “Deniz Gazete”yə istinadən verdiyi xəbərə görə, yaxtanı qaçıranlardan biri Moskvada saxlanılıb.
Məlumata görə, iyulun 13-də Rusiya vətəndaşları bir həftə müddətində yaxtanı icarəyə götürüblər. Çarter şirkəti isə yaxtanın limana qayıtmadığını bildirib. Sonradan isə yaxta iyulun 16-da Türkiyənin ərazi sularını tərk edib.
Yaxtanı icarəyə verən şirkət "İnterpol"a müraciət etdikdən sonra yaxtanın 8 nəfər tərəfindən qaçırıldığı məlum olub.
Bildirilib ki, Rusiyanın Dəniz Donanmasının istefada olan polkovniki Oleq Popilovun rəhbərlik etdiyi banda son 4 ildir Aralıq dənizində fəaliyyət göstərir. Ötən il onlar 49 yaxta, bu il isə 37 yaxta qaçırıblar. Onlardan yalnız 6-sı tapılıb. Ümumilikdə Türkiyədən 16 yaxta oğurlanıb. Moskvada bandanın bir üzvü Anatoliy Şutov həbs edilib. Digərləri isə beynəlxalq axtarışa verilib.