Axtarış...

Səfər Mehdiyevin gömrüyü belə işləyir... - Buna son qoyulacaqmı?

Azərbaycandan getmək və ölkəyə gəlmək sözün həqiqi mənasında böyük bir əziyyət hesabına başa gəlir.

Bunun əsas səbəbi sərhəd-keçid məntəqələrində yaradılan bürokratik əngəllər, lüzumsuz yoxlamalardır. Hazırda ölkədən çıxanda və ya geri qayıdanda eyni qurumun əməkdaşlarına 4 ayrı məntəqədə sənəd göstərməli olursan. Bu, heç bir yük gətirməyən, sadəcə, turist səfəri edənlər üçün nəzərdə tutulan yoxlamanın yalnız bir prosedurudur. Digər tərəfdən, sərhəd-keçid məntəqələrində yaranan uzun növbələr daim narazılıqla müşahidə olunur.

Müxtəlif zamanlardan bununla bağlı faktlara əsaslanan materiallar yayılsa da, nəticədə müsbətə doğru hər hansı bir irəliləyiş gözə çarpmır. Yenə də sərhəd-keçid məntəqələrində uzun növbələr yaranır ki, bu da ölkədən gedən və gələn insanların ciddi vaxt itkisinə səbəb olur. Maraqlıdır ki, digər ölkələrdə, elə Azərbaycanla sərhədləri olan Gürcüstan, İran, Rusiyanın sərhəd-keçid məntəqlərindən keçmək çox asan başa gəlir.

Əslində, qanunvericiliklə sərhəd-keçid məntəqələrinin iş mexanizmi çox asan, vəətndaşın mənafeyinə yönəlik təyin olunub. Belə ki, sərhəd nəzarəti dövlət sərhədini pozan şəxslərin aşkar edilməsi və onların qarşısının alınması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısının alınması, buraxılış məntəqəsində müəyyən edilmiş rejimin təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Sərhəd nəzarəti nəzarət-buraxılış məntəqələrinin xidmət-operativ fəaliyyətinin əsasını təşkil edir. Bu fəaliyyətə aşağıdakılar daxildir:

-Azərbaycan Respublikasına gəlmək və Azərbaycan Respublikasından getmək hüququna dair sənədlərin yoxlanması;

-Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə açdırılması;

-Zəruri olduqda nəqliyyat vasitələrinin müşayiət edilməsi;

-Azərbaycan Respublikasına gəlməsi qadağan olunmuş şəxslər üzərində nəzarət;

Sərhəd nəzarəti operativ və rejimin təmin edilməsi üçün nəzərdə tutulmuş digər tədbirlərlə qarşılıqlı şəkildə həyata keçirilir.

Gömrük fəlsəfəsi qanunvericilikdə beynəlxalq təcrübəyə uyğunlaşdırılıb. Amma icrasında problemlərin olduğu danılmazdır. Əgər qaydalar, qanunlar, iş mexanizmi eynidirsə, niyə Azərbaycan sərhəd-keçid məntəqələrində uzun, bəzən kilometrlərlə müşahidə olunan növbələr yaranır, amma digər dövlətlərin eyni qurumlarında bu cür problemlər olmur?

Bu gün bütün dünya, o cümlədən Azərbaycan rəqəmsal idarəçiliyə keçib. Demək olar ki, bütün sənədlər, elanlar, məlumatlar internet bazada yerləşdirilir və istənilən dövlət qurumu bu məlumatları çox asanlıqla əldə edə bilir. Hansı şəxsin axtarış, cinayət, ölkədən çıxmaq, ölkəyə daxil olmaq, borc və digər bu kimi məsələlərdə adı hallanırsa, həmin məlumatlar ümumi bazaya yerləşdirilir. Bununla da kimin ölkədən çıxması və ölkəyə daxil olması qanunvericiliyə ziddirsə, ona qarşı müvafiq tədbir görülür. Amma sərhəd-keçid məntəqəsinə daxil olarkən, ilkin yoxlama zamanı heç bir problemə rast gəlinmirsə, həmin şəxsə bürokratik əngəllər yaratmaq, süni yoxlamalar aparmaq yaranan narazılığın əsas səbəbidir.

Sərhəd-keçid məntəqələrində sıxlığın qarşısını almaq, insanların asan şəkildə ölkədən çıxmasına və ya gəlməsinə şərait yaratmaq üçün gömrükdə “qırmızı” və “yaşıl” zolaqlar yaradılıb. Amma görünən odur ki, “rəngli zolaqlar” da sərhəd-keçid məntələqini özlərinəməxsus “gömrük fəlsəfəsindən” daşındıra bilməyib.

Əziyyətin bitmədiyi nöqtələrə çevrilən sərhəd-keçid məntəqələrinin iş mexanizminin dəyişməsi ilə bağlı müxtəlif təkliflər səslənsə də, hələ də problemin həlli ilə bağlı əməli addım atılmayıb. Bu problem özü ilə yanaşı, bir çox sahələrə, o cümlədən son illər dövlətin əsas prioritetlərindən biri olan turizmə ciddi zərbə vurur. Sərhəddə ciddi bürokratik əngəllərlə üzləşən turist növbəti dəfə ölkədə gəlməkdən ən yaxşı halda imtina edir. Sahibkarlar isə gömrükdə üzləşdiyi çətinlikləri idxal etdiyi malların üzərinə əlavə qiymət olaraq gəlir və bu da bazarda bahalaşma yaradır. Mütəxəssislər də hesab edir ki, bu problemin aradan qalxması üçün ilk növbədə sərhəd-keçid məntəqələrində “iş fəlsəfəsi” dəyişməlidir.
Cebhe.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz