“Dövlət universitetlərində ödənişli təhsilin ləğvinin zəruriliyini yazmışdım. Bu da rəsmi statistika – son 5 ildə təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali təhsildən imtina edib”.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Qadir İbrahimli deyib. O, bildirib ki, həmin 7 min tələbə istisnasız kasıb ailələrin uşaaqlarıdır.
“İnsanları varlı və ya kasıb təbəqəyə mənsub olmasına görə qiymətləndirməyi qəbul etmirəm. Hər iki zümrədə vicdanlı və vicdansızlar kifayət qədərdir. Ancaq uzun müddətli müşahidələr göstərir ki, təhsilə və elmə önəmli töhvəni məhz kasıblar verir.
Çünki tunelin sonundakı işığa çatmaq üçün sivil yolun təhsildə olduğunu dərk edib səbrlə bu yolla gedirlər və sonda həqiqətən işığa çatırlar.
Yamaqlı şalvarda universitetə qəbul olub akademik səviyyəsinə çatanların övladları bəzən heç dosent səviyyəsinə də çatmırlar. Çünki gözlərini artıq işıqa çatmış ailələrdə açıblar və tunelin sonundakı ışıq onları maraqlandırmır.
Müasir Azərbaycanda tunelin sonundakı işığa doğru cant atan 7 min tələbəyə işığa yetmək şansı qapadıldı. Kobud desək, “pulun yoxdur, cəhənnəm ol buradan” deyildi.
Təbii ki, həyat davam edir, onların arasında normal iş, sənət adamları da çıxa bilər. Ancaq yeniyetmə dövrünün bu acı şilləsini ömürlərinin sonuna qədər unutmayacaqlar və bu, onlara əzab verəcək.
Təxminən “anamın ölməsini, xalamdan ikinci dəfə yemək istəyəndə hiss etdim” deyən qızın kədərli hekayəti kimi xatırlayacaqlar bunu. Ölkənin təhsil siyasəti onlara sahib çıxmaq istəmədi, “dogma ata” yox, “qəddar ögey ata” oldu.
Təkrar yazıram, istisnaları nəzərə almasaq, onlar yaxşı vətəndaş olmayacaq və nə qədər acı olsa da, bunun üçün əsasları da var. Eyni sözləri övladının universitetdən qovulmasına görə sınan və ancaq əlindən heç nə gəlməyən valideynlərə də aiddir.- onlar da yaxşı vətəndaş ola bilməyəcək, bu toplumu sevməyəcək.
50 milyard dollar valyuta ehtiyatı olan hökumət üçün bu problem həll etmək çətin deyil. Dövlət universitetlərində ödənişli təhsili ləğv etmək üçün hər il büdcədən 150-200 milyon manat ayrılması yetərlidir. Ancaq bir müddət sonra bu vəsait dolayısı ilə büdcəyə arıqlaması ilə qayıdacaq – təhsilin və elmin inkişafı hesabına. Xüsusilə o halda ki, ödənişli təhsildən yığılan pulların əhəmiyyətli kəsimini rektorlar “təmir-tikinti” adıyla ciblərinə ötürür. Bu həm də effektiv anti-korrupsiya siyasəti olar”.