Bu ay Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və İran prezidentlərinin sammiti keçiriləcək. Bundan əvvəl analoji zirvə görüşləri Tehran və Bakıda baş tutub. Əsas hədəf bu üç qonşu dövlətin iştirakçısı olduğu “Şimal-Cənub nəqliyyat dəhlizi” layihəsi çərçivəsində birgə fəaliyyətlə baği sonrakı ortaq addımları müzakirə etməkdir. Layihədə Azərbaycan mühüm aralıq, tranzit ölkə qismindədir və heç şübhəsiz, bu statusu ölkəmizə əlavə və ciddi iqtisadi dividentlər gətirəcək.
Söhbət təkcə mal və yüklərin ən sərfəli marşrutla nəqlindən getmir. Bu istiqamət üzrə həm də energetik sahədə bir sıra ortaq fəaliyyəti nəzərdə tutulur ki, bütün bunlar sonunda üç ölkə arasında həm də siyasi bağların artması və bir-birinin problemlərinə həssas yanaşılması üçün zəmin deməkdir. Azərbaycanın ən böyük problemi isə Dağlıq Qarabağ məsələsidir. Bundan əlavə, iki böyük qonşu ilə münasibətlərin inkişafda olmasını bizim milli mənafeyimiz tələb edir - Moskva və Tehranla ABŞ-ın münasibətləri gərgin olsa da.
Ancaq Azərbaycan, Rusiya və İran arasında ilişgilərin sıxlaşması heç şübhəsiz, ABŞ-dan çox işğalçı Ermənistanı narahat edir. Bir səbəb deyildi: üçtərəfli əməkdaşlıq sayəsində Bakının Moskva və Tehran yanında Qarabağ məsələsində daha güclü söz sahibliyi qazanması ehtimalı.
İkinci səbəb təbii ki, düşmən ölkənin blokadasının daha da ağırlaşması, ona ən yaxın müttəfiqlər sayılan Rusiya və İranın Azərbaycana daha çox bağlanmağa başlamasıdır. Hər halda, işğalçı ölkədə də yaxşı anlayırlar ki, iqtisadi bağlılıq siyasi bağlılığa gətirir. Artıq İrəvandan SOS siqnalları səslənməyə başlayıb.
*****
Məsələn, energetik təhlükəsizlik məsələləri üzrə erməni ekspert Vaqe Davityan qarşıdakı Soçi sammitindən ölkəsi adına narahatdır. Çünki onun sözlərinə görə, sammitin gündəliyində Ermənistanın maraqlarına zidd layihələr yer alıb. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, yerli jurnalistlərə açıqlamasında deyib.
“Məsələn, Şimal-Cənub energetik dəhlizinin inşası - nəyin çərçivəsində ki, İran və Rusiyanın enerji sistemlərinin Azərbaycan vasitəsilə sinxronlaşması nəzərdə tutulur. Həmçinin layihədə Azərbaycana Cənub-Şimal beynəlxalq nəqliyyat-logistik dəhlizində xüsusi status tanıyır”, - deyə o qeyd edib.
Erməni ekspertə görə, bu, Ermənistana açıq-aşkar ziyan vuracaq: “Ona görə ki, o halda Ermənistanın iştirakı ilə Cənub-Şimal layihəsinə, sadəcə, ehtiyac qalmayacaq və o, öz aktuallığını itirəcək. Onsuz da bu layihə yerindən tərpənmirdi - hərçənd o, Ermənistan üçün mühüm inteqrasiya layihəsi sayılırdı. Bakı 2018-ci ildən etibarən enerji axınlarının qarşılıqlı tənzimlənməsi üçün Moskva və Tehranla Rusiya və İranın enerji sistemlərinin Azərbaycanın infrastrukturları hesabına sinxonlaşmasına yönəlik danışıqlar prosesi aparır. Danışıqların növbəti raundu sentyabrda, ola bilsin Bakıda olacaq. Ancaq artıq biz indidən deyə bilərik ki, tərəflər bu dəhlizin reallaşması üçün prinsipial razılıq əldə ediblər”.
Erməni ekspert ardınca özünə təsəlli ruhunda deyir: “Bu, əlbəttə, o demək deyil ki, tərəflər Ermənistandan keçən Şimal-Cənub dəhlizi layihəsindən imtina edəcəklər. Ancaq mən düşünürəm ki, bu layihə siyasi ritorika müstəvisində qalacaq. Necə ki, vaxtilə İran-Ermənistan dəmir yolu layihəsi eyni aqibəti yaşadı. O zaman Moskva və Tehran həmin layihəyə çox qısa zamanda alternativ tapmışdı. Əgər obyektiv olsaq, deməliyəm ki, son illər Bakı özünün energetik diplomatiyası üçün effektli rıçaqlar yarada bilib - hansını ki, həm qaz nəqlində, həm də elektrik enerjisi kommunikasiyalarında istifadə edir. Əfsus ki, bizim belə diplomatik rıçaqlarımız yoxdur. Əvvəllər olduğu kimi, indi də bizim onları yaratmaq hədəfimiz yoxdur”.
Davtyan acı təəssüf hissi ilə onu da əlavə edib ki, “bu gün Azərbaycan və Türkiyə Ermənistanın energetik təcridi və blokadası proqramını həyata keçirir - hansı ki, gündən-günə yeni-yeni layihələrdə özünü göstərməkdədir”.
*****
Əlbəttə ki, bunun tək günahkarı Ermənistan və onun davam etdirdiyi işğalçılıq siyasətidir. İkinci yandan, hər bir dövlət ən əvvəl özünün milli maraqlarından çıxış edir - o cümlədən Ermənistana ən yaxın dövlətlər sayılan Rusiya və İran. Üstəlik, dünya okeanına çıxışı olmayan işğalçı ölkə iqtisadi cəhətcə də maraq kəsb eləmir.
Bu arada məlum olub ki, avqustun 11-12-də Türkmənbaşı şəhərindəki “Avaza” milli turizm zonasında birinci Xəzər İqtisadi Forumu keçiriləcək və tədbirə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın başçılığı ilə nümayəndə heyəti də qatılacaq.
“Rusiyanın böyük əhəmiyyət verdiyi birinci Xəzər İqtisadi Forumu region ölkələri arasında bir çox sahələrdə əməkdaşlığa təkan verəcək”. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Türkmənistanın xarici siyasəti və diplomatiyası” jurnalına müsahibəsində qarşıdakı toplantıdan bildirib (Report).
“Hökumətlər, aidiyyəti iqtisadi qurumlar, Xəzər regionunda çalışmaqda maraqlı olan işgüzar dairələr arasında birbaşa təmaslar üçün ixtisaslı meydanın qurulması çoxdandır yetişib. Bu mənada mütəmadi keçiriləcək Xəzər İqtisadi Forumuna dair Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü vaxtında irəli sürülüb”, - Rusiya XİN başçısı deyib. O, həmin forumun ticarət, sərmayə, turizm kimi sahələrdə əməkdaşlığa əlavə təkan verəcəyini, nəticədə Xəzərin dünyanın ən iri nəqliyyat və rabitə qovşaqlarından birinə çevriləcəyini söyləyib.
*****
Əlbəttə ki, bu, sırf xoş məramdır. Belə iqtisadi birliklər az deyil, amma onların səmərəli olmasını görən yoxdur. Məsələn, Azərbaycan və Ermənistanın təmsil olunduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı. Adı var, özü yox. Bir şey dəqiqdir ki, Azərbaycan bu format çərçivəsində də işğalçı ölkə ilə heç bir əməkdaşlıq layihəsində iştirak etməyəcək - məlum səbəbdən. Xəzər hövzəsində Azərbaycanın qatılmadığı çoxtərəfli nəqliyyat-ticari layihələr isə həyata vəsiqə qazana bilməz. Çünki Azərbaycan enerji resursları ilə zəngin, əlverişli tranzit ölkə sayılır. Ermənistan isə hətta müttəfiq Rusiya və İran üçün də iqtisadi maraq kəsb etmir. Yalnız əlavə və boş xərclər.
Demək, Ermənistanın “tullantı ölkə” statusu davam edəcək. Bu kimi acı gerçəkliklərin nəticəsidir ki, artıq Ermənistana İran kimi simsar bir dövlətin rəsmiləri də son vaxtlar Qarabağ məsələsində Azərbaycanın xeyrinə tez-tez açıqlamalar verirlər. Məsələn, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif son günlər Azərbaycan - Ermənistan dövlət sərhədində atəşkəsin tez-tez pozulmasına münasibət bildirkən deyib ki, İran hər zaman Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olub.
Odur ki, İrəvan işğal bitənədək “dütdülü” ilə (nərddə qoşa “iki”) təsəlli tapmalı olacaq...
“Yeni Müsavat”