“İstək” liseyi Valideyn Komitəsi liseyin fəaliyyətinin dayandırılması nəticəsində pozulmuş hüquqlarının bərpası məqsədilə müvafiq mərkəzi icra hakimiyyəti qurumlarına müraciət edib. Onlar təhsil müəssisəsinin fəaliyyətini davam etdirməsini istəyirlər.
Bunu bizimyol.info-ya “İstək” liseyi Valideyn Komitəsinin üzvləri Lalə Məmmədova, Mehriban Əliyeva və Emil Qurbanov deyib.
Onlar bildiriblər ki, 2014-cü ildə Təhsil Nazirliyinin lisenziyası əsasında Bakıda və bölgələrdə ümumilikdə 12 kampus, 2000 şagirdin və 600-ə yaxın pedaqoji heyətlə fəaliyyətə başlayan Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinə təhsil xidməti göstərən “İstək” liseyinin fəaliyyəti 5 iyul 2018-ci il tarixində təsisçinin müəmmalı qərarı ilə dayandırılıb.
“Fəaliyyəti dayandırılarkən övladlarımız ciddi psixolojik sarsıntı keçiriblər. Yüksək təhsil verən bu məktəbdən başqa bir məktəbə köçürülmə sayəsində həm adaptasiya probemləri yaşanacaq, həm də övladlarımızın sosial-emosional durumu ciddi şəkildə zədələnəcək”,-deyə valideyn Lalə Məmmədova bildirib.
Valideyn Mehriban Əliyevanın sözlərinə görə, “İstək” liseyində təhsil alan şagirdlərin başqa məktəblərə yerləşdirildiyi haqda mediada gedən xəbərlər həqiqətə uyğun deyil: “Təhsil Nazirliyi mediada məlumat yayıb ki, guya uşaqların çoxu sənədlərini götürüb. Halbuki sənədlərini götürən uşaqlar liseyin hər məktəbində 2-3 nəfər şagirdin valideynləridi. Yəni sənədlərini götürənlər çox deyil. Biz liseyin fəaliyyətinin davam etdirilməsini istəyirik. Biz təhsil nazirinin müavini səviyyəsində qəbul olunmuşuq, Biz valideynlər idarəçiliyi ələ almaq istəyirik. Biz bunun üçün lazımi sənədləşməni etmişik. Qəbulda olarkən nazirlikdən bizə dedilər ki, məktəbin idarəçiliyinin valideynlərə keçməsi üçün ilk öncə nizamnamə hazır olmalıdır. Bizim vəkilimiz də proseduru bildiyi üçün tələb olunma ehtimalı olan bütün sənədləri hazır aparmışdı. Nazirlikdən bizə vəd verdilər ki, nazir Ceyhun Bayramov məzuniyyətdən qayıdan kimi bu məsələ ona məruzə olunacaq və o, valideynlərlə görüşəcək. Biz Təhsil Nazirliyindən bizim məktəbin idarəçiliyini ələ ala biləcəyimizlə bağlı rəy istəyirik. “İstək” liseyi nazirliyin üzünü ağ edən təhsil müəssisəsi olub”.
Valideyn Emil Qurbanov vurğulayıb ki, adıçəkilən lisey Azərbaycanı beynəlxalq olimpiadalarda, elm yarışlarında uğurla təmsil edərək hər il ölkəmizə onlarla qızıl, gümüş və bürünc medallar qazandırıb: “Tələbə qəbulu üzrə imtahanlarda yüksək nailiyyətlər göstəriblər. Çünki bu liseyin tədris metodu fərqlidir, təlim-tərbiyə, nizam-intizam yüksək səviyyədədir. Ali məktəblərə hazırlığın repititor vasitəsi ilə aparılması halı mövcud deyil. Əgər bu şagirdlər başqa məktəblərə köçürülsələr, onlar təhsildən, inkişafdan geri qalacaqlar, məhv olacaqlar.
Burada Türkiyədən gəlmiş müəllimlərin dərs deməsi ilə bağlı məlumatlar da dorğu deyil. Bütün müəllimlər azərbaycanlıdır. Hər gün dərslər himlə başlayır”.
Valideyn Emil Qurbanov təhsil müəssisəsinin bağlanmasını özünü “İstək” liseyinin təsisçisinin nümayəndəsi kimi təqdim edən Şahin Seyidzadənin səriştəsiz fəaliyyətinə bağlayıb: “Bu şəxs kollektivi şəxsi maraqlarına görə idarə edib, milli-mənəvi dəyərlərə hörmətsizlik edib, səhv kadr siyasəti aparıb. Ondan şikayət edildikdə isə məktəbin bağlanması üçün nazirliyə müraciət edib”.