Qax rayonunda fəaliyyət göstərən Qax Peşə Liseyində korrupsiya faktları, qeyri-qanuni diplom satışı və tələbələrin təqaüdlərinin mənimsənilməsi barədə yazdıqlarımızdan sonra redaksiyamıza növbəti maraqlı faktlar göndərilib. Hazırda Qax Peşə Liseyində müəllim kimi çalışan və adının açıqlanmasını istəməyən şəxsin redaksiyamıza verdiyi məlumata görə, Qax Peşə Liseyində “Kamalın payı” adlandırılan yeni “vergi” sistemi tətbiq olunur.
Qax peşə Liseyinin direktoru Kamal Muxtarlının tətbiq etdiyi bu qaydalara görə, liseyin müəllimləri və təsərrüfat əməkdaşları hər ay öz maaşlarından lisey direktoruna müəyyən məbləğ ödəməyə məcbur edilir. Müəyyən səbəblərdən işə gələ bilməyən müəllimləri əvəz edən digər müəllimlər buna görə qanunda nəzərdə tutulan əlavə dərs saatı pulunu ala bilmirlər və bu vəsait “Kamalın payı” ad ilə direktor tərəfindən mənimsənilir. Digər müəllimləri əvəz edən və bunun müqabilində heç bir əlavə ödəniş ala bilməyən müəllimlər dəfələrlə bu barədə lisey direktoru Kamal Muxtarlıya etirazlarını bildirsələr də, lisey direktoru bu vəsaitin təhsil naziri Ceyhun Bayramova çatdığını bildirib.
Bundan başqa, Qax Peşə Liseyində əlavə müəllimlər ştatları açılır və heç bir dərs keçilmir, nəticədə həmin “ölü canların” adına yazılan maaşlar yenə də lisey direktoru Kamal Muxtarlı tərəfindən mənimsənilir.
Xatırladaq ki, Qax Peşə Liseyindəki korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanılıb, iş üzrə zərərçəkmiş ifadələri, habelə liseyin direktoru Kamal Muxtarlının ifadəsi alınıb.
Bir-neçə ay bundan əvvəl Oğuz Peşə Liseyinin direktorunun saxlanılmasından sonra təşvişə düşən Kamal Muxtarlı özü barəsindəaçılan cinayət işinə qısa zaman ərzində xitam verilməsi üçün müəyyən dairələrə müraciət etsə də, sözügedən cinayət işi açıqdır və iş üzrə zəruri istantaq tədbirləri davam etdirilir.
Mövzunu diqqətdə saxlayacayıq.
Qax.org