Sabiq deputatın oğlu dələduzluğa və mənimsəməyə görə həbs edilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1983-cü il təvəllüdlü Məmmədov Elvin Dünyamalı oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Elvin Məmmədovun keçmiş iş yoldaşı Nail Seyfullayev dindirilib.
O, "Risk" şirkətində anbardar işlədiyini deyib. Sərbəst ifadə verən Nail Seyfullayev vəzifəsinin anbarda mallara nəzarət etmək olduğunu bildirib.
"Rəhbərliyin imzası ilə gələn sənədə əsasən malı buraxırdıq. Heç kim sənədsiz mal çıxara bilməzdi. Elvinin də imzası ilə anbardan mal çıxarılıb. Amma malın hara, kimə, neçəyə satılmasından xəbərim yoxdur. Mən Elvinin həbs edilməsini eşidəndə şoka düşdüm. Buna heç cür inana bilmirdim. Mənim indi də ürəyim ağrıyır ki, Elvin ordadır. Elvin müştərilərlə yaxşı əlaqəsi olan, işi quran adam idi. Onun adını həmişə görülən yaxşı işlərdə eşitmişəm"- deyə şahid qeyd edib.
Suallara cavab verən Nail Seyfullayev söyləyib ki, şirkətdən Elvindən başqa şəxslər də mal götürüb: "Hər kəslə bir-bir hesabatlar aparılıb. Kimin malı hara göndərdiyi, satdığı sənədlərlə sübuta yetirilir".
Məhkəmədə şirkətin digər əməkdaşı Samir Aşımov da ifadə verib.
Anbarda çalışdığını deyən Aşımov qeyd edib ki, Elvinin imzası ilə gələn mallar anbardan çıxarılıb.
Elvin Məmmədov isə deyir ki, mallar onun imzası olan sənədlərlə çıxarılsa da, kimə çatmasından xəbərsizdir. O iddia edir ki, malları anbardan götürən başqa şəxslər olub.
Şahid Aşımov qeyd edib ki, Elvinin və digər vəzifəli şəxslərin imzası olan sənədlər olmasaydı, mallar anbardan çıxarılmazdı: "Malları kimin hara aparmasını bilimirəm. Amma fakt budur ki, mallar yoxdur".
Prosesdə Tofiq Məmmədov da şahid qimsində dindirilib. Tofiq Məmmədov şirkətdə kompüter sistemində malların anbardan çıxarılmasına nəzarət etdiyini deyib. O bildirib ki, onun razılığı olmasa, mallar anbardan çıxarıla bilməzdi. Sifariş sistemdə görünürdü. Mən də rəhbərliyə zəng edirdim ki, sifariş var. Malın kimə, hara getməsi dəqiqləşdirilirdi, mənə razılıq veriləndə çıxışa icazə verirdim. Sistemdə "razılıq verirəm" düyməsini vurduqdan sonra mal anbardan çıxırdı".
Şahidlərin ifadələrindən məlum olub ki, "yox" olan mallar əsasən Dövlət İmtahan Mərkəzinə (DİM) göndərilən mallara görə yaranıb. Belə ki, DİM-ə göndərilən kompüter avadanlıqlarının pulu şirkətə ödənilməyib. Şirkət iddia edir ki, DİM-ə göndərmək adı ilə çıxarılan mallar başqa şəxslərə satılıb. Bu məsələ ilə bağlı qalmaqal başlayan zaman Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbasszadə də xəbər tutub. Şirkət rəhbərliyi ilə M.Abbaszadə arasında da telefon danışığı olub. Məlum olub ki, kompüter avadanlıqları DİM-ə yox, başqa bir quruma göndərilib.
Elvin Məmdova bunu etiraf edərək bildirib ki, bunu hansısa vəsaiti ələ keçirmək niyyəti ilə etməyib.
Məhkəmə iclası iyulun 2-də davam etdiriləcək.
Elvin Məmmdov həbs edilənə qədər kompüter avadanlıqlarının satışını həyata keçirən "Happy Baku" MMC-nin direktoru olub. İş üzrə iki nəfər zərərçəkmiş var.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.
Qeyd edək ki, Elvin Məmmədov sabiq deputat Dünyamalı Məmmədovun oğludur. Dünyamalı Məmmədov 1995-ci ildə 96 saylı Cəlilabad seçki dairəsindən deputat seçilib.
Musavat.com