Bakı Şəhər İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyəti Ə.Əzimzadə, R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsindəki köhnə tikililərin sökülüb yerində çoxmərtəbəli binaların tikilməsi üçün sərəncamlar verib. O ərazidəki ikimərtəbəli yaşayış binaları və başqa tikililər sökülüb. DİA.AZ xəbər verir ki, söküntüdən sonra "Azəristiliktəchizat" ASC bu işləri həyata keçirən tikinti şirkətindən - "FVS-İnşaat" MMC-dən tələb edib ki, oradakı qazanxananı bərpa etsin. Üç ildir ki, buna görə tərəflər arasında məhkəmə çəkişməsi gedir. Yəqin ki, çəkişmə bundan sonra da aylarla davam edəcək. Çünki bugünlərdə ikinci dəfə bu mübahisəyə baxan Ali Məhkəmə yenə aşağı instansiyanın qərarını ləğv edib, təkrar araşdırma üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.
"Azəristiliktəchizat" iddia edir ki, 16 saylı İstilik Sistemləri İstismar Sahəsinin balansında olan 277 saylı qazanxana onlara xəbərdarlıq edilmədən sökülüb. Söküntü vaxtı qazanxana fəaliyyətsiz olsa da, onu yaxın gələcəkdə rekonstruksiya edib, istismara buraxmağı nəzərdə tutmuşdular.
"FVS-İnşaat" MMC-nin nümayəndələri isə deyir ki, "Azəristiliktəchizat" 99 kvadratmetrlik qazanxananın məhz bu şirkət tərəfindən sökülməsini təsdiqləyən heç bir sübut ortaya qoymur. Vurğulayıblar ki, ən əsası, ərazidəki söküntü işlərinə dövlət orqanları icazə verib. Ortada Bakı Şəhər İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyətinin sərəncamları olduğuna görə burada qanunsuz hərəkətdən söhbət gedə bilməz: "Şəhərsalma və Arxitektura Komitəsinin "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən ərazinin tikinti planlaşdırılma eskizi tərtib edilib. Həmin eskiz Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırılıb".
Şirkətin təmsilçiləri onu da əlavə edib ki, o qazanxana işlək olsaydı belə, istiliklə təmin etməli olduğu ikimərtəbəli köhnə binalar qəzalı vəziyyətdə olduğuna görə sökülüb. Yerində tikiləcək çoxmərtəbəli binaları isə şirkət istiliklə təmin edəcək.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qazanxananın bərpası barədə "Azəristiliktəchizat"ın iddiasını təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi isə bu qurumun xeyrinə qərar verib. Bu dəfə şirkət narazı qalaraq Ali Məhkəməyə şikayət verib. Apellyasiya məhkəməsinin qərarı ləğv olunub, iş yenidən araşdırılması üçün həmin instansiyaya qaytarılıb. Bu qurum yenə qazanxananın bərpasına qərar verib. Tikinti şirkəti bir daha Ali Məhkəməyə üz tutub. Ali Məhkəmə iyulun 10-da bir daha apellyasiya instansiyasının qərarını ləğv edərək işi təkrar bur quruma qaytarıb.(DİA.AZ)