Mayın 31-nə kompensasiya hesablanmış vətəndaşların 95,5 faizinə ödənişlər edilib
Problemli kreditlərin həllinə dair Fərmanın icrası uğurla başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə problemli kreditlərin həllinə dair Fərmanın icrası ilə əlaqədar Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə açıqlamasında deyilir.
Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası uğurla başa çatdırılıb. Belə ki, mayın 31-nə kompensasiya hesablanmış vətəndaşların 95,5 faizinə ödənişlər olunub ki, bu da cəmi ayrılmış məbləğin 91,4 faizinın təşkil edir.
Müxtəlif səbəblərə görə (şəxslərin ölkə xaricində olması, vəfat edənlər və sair) kompensasiyaların alınması üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur ki, onların 20,5 minə yaxını lisenziyası ləğv edilmiş bankların və bank olmayan kredit təşkilatlarının, 7 minə yaxını isə fəaliyyətdə olan bankların payına düşür. Həmin vətəndaşlar mayın 31-dən sonra da banklara və poçt rabitəsinin milli operatoruna müraciət edərək kompensasiya məbləğini ala bilərlər. Bundan əlavə, 13 minədək vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apellyasiya Komissiyası çərçivəsində bu müraciətlərin növbəlilik prinsipi əsasında cavablandırılması təmin olunacaq.
İcra edilmiş ödənişlər Maliyyə Nazirliyi tərəfindən 6 tranş çərçivəsində ayrılmış 600,1 milyon manat məbləğində vəsait hesabına həyata keçirilib. Bu vəsait 562 min nəfər fiziki şəxsin 288,8 milyon manat ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilib.
Bütövlükdə Fərman çərçivəsində 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pulları banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinmiş və bu proses davam etməkdədir. Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanıb, restrukturizasiya proseslərinə başlanılmaqla bu günə 10 minədək borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya olunub və bu proses cari ilin sonunadək davam edəcək.
Fərmanın icrası çərçivəsində proseslərin şəffaflığının və operativliyinin təmin edilməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılmış xüsusi elektron portala problemli kreditlərə dair məlumatların sorğulanması üçün 685 min istifadəçi tərəfindən 1,7 milyon sorğu daxil olub. Ümumilikdə həmin portal üzrə cəmi baxış sayı 3 milyonadək olub. Palatanın 966 Çağrı mərkəzinə daxil olan 117 mindən çox zəng cavablandırılıb.