İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanında göstərilən kompensasiyaların ödənişi ilə bağlı yaranmış suallara aydınlıq gətirib.
Mediatv.az xəbər verir ki, o, martın 15-dək kompensasiyaların ödənilməsi ilə bağlı qaydaların hazır olacağını bildirib:
“Prezidenti İlham Əliyevin fərmanında bu məsələ aydın şəkildə öz əksini tapıb. Fərmana əsasən, 15 gün ərzində Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankla birlikdə kompensasiyaların ödənilməsi və digər məsələlərlə bağlı mexanizmi işləyib hazırlamalı və prezidentə təqdim etməlidir. Bu, o deməkdir ki, martın 15-dək kompensasiyaların ödənilməsi ilə bağlı qaydalar hazır olacaq”.
V.Qasımlığının sözlərinə görə, ikinci vacib tarix fərmanda göstərildiyi kimi, dövlət qurumları banklarla birlikdə kompensasiya məbləğlərini və siyahını müəyyənləşdirməsi ilə bağlıdır.
“Fərmanda göstərildiyi kimi, aprelin 15-dək bu fərmanın əhatə dairəsinə düşən bütün vətəndaşların siyahısı tam hazır olacaq. Eyni zamanda, həmin vətəndaşlara ödəniləcək kompensasiyaların məbləği müəyyən ediləcək.
Bu məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında yerləşdiriləcək. İstənilən vətəndaş şəxsiyyət vəsiqəsinin FİN-kodunu daxil etməklə öz adını həmin siyahıdan tapacaq və ona düşən kompensasiyanın məbləği ilə tanış olacaq”, - icraçı direktor əlavə edib.
O, vətəndaşlara indiki halda tələsməməyi tövsiyə edib:
“Prezident İlham Əliyevin də tapşırığı ondan ibarətdir ki, bu fərmanda göstərilənlər qısa zamanda rəqəmsallaşsın. Həmin vətəndaşlar banklara dəvət olunacaq. Ancaq cəmi bir dəfə dəvət olunacaqlar”.
V.Qasımlı qeyd edib ki, fərmanda göstərildiyi kimi mayın sonunadək bütün kompensasiyalar ödəniləcək.