Cari ilin sonuna qədər daha 4 bankın bağlanacağı gözlənilir. Bağlanacaq banklar öhdəliklərini yerinə yetirə bilməyənlərdir.
Cebhe.info-ya daxil olan məlumata görə, bağlanacaq bankların siyahısında “Unibank”, “Bank of Baku”, “AG Bank” və “Yapı Kredi Bank” ilk dördlükdədir.
“Sözügedən banklarda problemli kreditlərinin həcmi ümumi kredit portfelində nəzərdə tutulandan daha çoxdur. Onlara problemli kreditlərin həcminin azaldılması üçün ilin sonuna qədər vaxt verilib. Ancaq banklar bu vaxtdan səmərəli istifadə edə bilməyib. Ona görə də ilin sonuna qədər adıçəkilən bankların bazardan çıxacağı gözlənilir”,-deyə mənbə vurğulayıb.
Qeyd edək ki, devalvasiyadan sonra bankların sağlamlaşdırılması prosesi çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 11 bankın lisenziyasını ləğv edib. Ancaq sonradan bu proses dayandırılıb. Görünən odur ki, Palata bu prosesə yenidən başlayacaq.
Digər tərəfdən, bankların sağlamlaşdırılma prosesi 2018-ci ilin sonuna qədər bitməlidir. Bu haqda ölkə Prezidentinin ötən il mayın 3-də "Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi qaydası"nın təsdiq edilməsi ilə bağlı fərmanında da göstərilib. Sənədin tam şəkildə icrası üçün ödəmə qabiliyyətini tamamilə itirən bankların bazardan çıxarılması vacibdir.
Görünən odur ki, sözügedən banklar haqqında qərar ilin sonuna qədər yekun qərar veriləcək.