Beyləqan rayonunun Mil qəsəbəsi yaşayış məntəqlərini əhatə etməklə 1610 ha əraziyə malikdir. Əhali 497 təsərrüfat olmaqla 2500 nəfərdir.Eyni zamanda kənd ərazisində Füzuli və Cəbrayıl rayonlarından 120 nəfərdən çox üzvü olan 36 məcburi köçkün ailəsi məskunlaşıb. Ərazidə məktəb, tibb məntəqəsi, klub, 2 uşaq bağçası, kitabxana, poçtfilialı, telefon stansiyası, Sudan İstifadə edənlər Birliyi və əlbəttə ki, bələdiyyə fəaliyyət göstərir. Rəsmi mənbələrdə əhalinin əsas çətinliyi kimi içməli su təminatındakı çatışmazlıqlar göstərilsə də, sakinlərin sözlərinə görə başlıca problem bələdiyyə mülkiyyətində olan torpaqların istifadəyə və icarəyə verilməsində ədalət prinsiplərinin və qanunların pozulmasıdır. Səbəbkar da bələdiyyə sədri Rasim Mehdiyevin təkbaşına qərar verməsidir.
Qəsəbə sakinlərinin “RealMedia.az”-a verdikləri məlumata görə, yerli özünüidarəetmə qurumunun rəhbəri “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli Fərmanının tələblərini pozmaq yolu ilə bələdiyyə mülkiyyətində olan torpaqları (müqaviləli və ya müqaviləsiz) icarəyə verir və bu müstəvidə torpaq verdiyi şəxslərin seçimində ayrı-seçkilik edir.
Yada salaq, həmin qanunda göstərilir: “Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”. Rasim Mehdiyevin isə nə vaxt hərrac keçirdiyini heç kəs xatırlamır. Sədrin özü də geniş torpaq sahələrini şəxsi maraqları üçün əkib mənfəət götürür. Sorağı uzaqlara yayılan moteli də var. Barəsində belə bir ictimai rəy də var ki, “Rasim yeyib-içən oğlandı”. Deyilənə görə, heç Ramazan ayında da izafi xərclərini təxirə salmır, eyş-işrət məclislərindən qalmır.
Jurnalistlərlə təmas məsələsində Rasim qağanın işlərinin necə deyərlər, qabağı ağlamalıdı, dalı hırıldamalı. Ağlamalıdı ona görə ki,kişi cinsindən olan media işçiləri onu arayanda müxtəlif bəhanələrlə, məsələn, pambıq mövsümündən sonra müsahibə verə biləcəyini deyərək təmasdan yayınır. Gülməlidi ona görə ki, KİV-in əsasən “zərif nümayəndələri” ilə arası yaxşıdır, onlara motelində hədsiz qonaqpərvərlik nümayiş etdirir. Barəsində yazılan təqdiredici yazıların altında əsasən xanım jurnalistlərin imzalarına rast gəlinir. (“RealMedia.az”)