Cəlilabadda müəllimi döyən şəxslərdən biri həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə "Ölkə.Az" açıqlamasında bildirib ki, hadisəni törətməkdə təqsirli bilinən Şakir Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq orqanı tərəfindən hadisənin digər iştirakçılarının işi araşdırılır.
Qeyd edək ki, Cəlilabad rayonu Uzuntəpə kənd 3 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizov mayın 17-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 16-da saat 22 radələrində bir qrup həmkəndlisi tərəfindən döyüldüyünü bildirib. Müraciət əsasında polis tərəfindən müvafiq izahatlar alınıb, hadisə yerinə baxış keçirilib, məhkəmə tibbi ekspertizası təyin edilərək müvafiq rəy əldə edilib və digər təxirəsalınmaz hərəkətlər icra olunub. Ekspertizanın rəyində A.Əzizovun döyülmə nəticəsində sağlamlığına yüngül zərər vurulduğu müəyyən edilib.
Sosial şəbəkələrdə isə Cəlilabad rayonunda müəllimin qız şagirdə sataşdığı üçün döyülməsinə dair görüntülər yayılıb.