Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nda 1/4 final mərhələsi başa çatıb.
GOAL.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki,10-cu dəfə keçirilən ənənəvi beynəlxalq turnirdə Məhəmməd Abdullayevin (+91 kq) ardınca Azərbaycan millisinin daha 2 idmançısı adını yarımfinala yazdırıb.
52 kq çəki dərəcəsində qüvvəsini sınayan Məsud Yusifzadə rusiyalı Bair Batlayevlə qarşılaşıb. Döyüş Azərbaycan təmsilçisinin 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.
Rahil Məmmədli (91 kq) də 1/4 finalda çıxışını qalib kimi bitirib. O, ermənistanlı boksçu Henrik Sarkisyana heç bir şans verməyərək, layiqli qələbə qazanıb – 4:1 (28:27, 29:26, 29:26, 27:28, 29:26).
Beləliklə, hər 3 boksçu yarımfinala vəsiqə əldə etməklə, özləri üçün bürünc medalı da təmin ediblər.
Onlardan fərqli, Kamran Şahsuvarlı (75 kq) rusiyalı Aleksey Semikinə, Rauf Rəhimov (81 kq) özbəkistanlı Kozimbek Mardonova məğlub olub.
Qeyd edək ki, yarışda 15 ölkə yığması mübarizə aparır.