UEFA İntizam Komitəsi Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovu 3 oyunluq cəzalandırıb.
Millitv.Az report-a istinadən xəbər verir ki, bu barədə milli assosiasiyanın rəhbəri özü bildirib. Buna səbəb bu il fevralın 6-da futzal üzrə Azərbaycan və Portuqaliya yığmaları arasında keçirilən Avropa çempionatının 1/4 final matçı zamanı Z.Axundovun rəqib oyunçu Rikardinyonu itələməsi olub.
"Rikardinyo ilə aramda xoşagəlməz münaqişə yaşandı. Yadıma düşəndə utanıram. Əslində, hadisə yerinə Rikardinyo ilə futzalçımızı ayırmaq üçün yaxınlaşdım. Həmin anda o, yığma üzvümüzün ünvanına nalayiq ifadə işlətdi, dözə bilmədim. Amma istənilən halda, mən səbrimi cilovlamalı, ona qarşı elə davranmamalıydım. Bildiyimə görə, UEFA məni 3 oyunluq cəzalandırıb", - Axundov deyib.
Qeyd edək ki insident matçın 28-ci dəqiqəsində Azərbaycan millisinin futzalçısı Ramiz Çovdarovun het-trik müəllifi Rikardinyoya qarşı kobud oyunundan sonra yaşanıb. Bu zaman Z.Axundov da məsələyə müdaxilə edib. O, Rikardinyonu əli ilə itələyib. Portuqaliyalı futzalçı isə ona eyni qaydada cavab verib.
Görüşü Portuqaliya kollektivinin 8:1 hesablı qələbəsi ilə yekunlaşıb