"Azərbaycanın milli müdafiə strategiyası, Silahlı Qüvvələrin bütün qollarının gücləndirilməsi ölkə Prezidenti İlham Əliyevin fəaliyyətində öncül istiqamətdir".
Bunu “Report”a ABŞ-ın Viskonsin ştatındakı Markett Universitetinin professoru, politoloq Piter Teys bildirib.
"Azərbaycan Prezidenti vəzifəsinə təkrar seçilməsindən ötən bir il ərzində və ümumiyyətlə, hakimiyyətə gəldiyi gündən etibarən İlham Əliyev həmişə Milli Ordunun inkişafına, gücləndirilməsinə, maddi texniki bazasının möhkəmləndirilməsinə mühüm əhəmiyyət verir. Bunun səbəbi təkcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkənin ərazi bütövlüyünün hələ də təmin olunmaması yox, həm də güclü ordunun həqiqi müstəqilliyi təmin edən mühüm amillərdən biri olduğunu dərindən dərk etməsidir.
Azərbaycanın ərazi bütövlüyü məsələsində çevik addımlar, mühüm liderlik keyfiyyətləri ölkənin müttəfiqləri, Qərb tərəfdaşları tərəfindən etimadı daha da artırıb”, – politoloq deyib.
O, Silahlı Qüvvələrin modernləşdirilməsi və gücləndirilməsinin Azərbaycanı NATO-nun etibarlı tərəfdaşına çevirdiyini söyləyib.
“Azərbaycanın güclü, yaxşı hazırlıq görmüş Silahlı Qüvvələri 30 ildən çoxdur ölkənin suveren ərazisini işğal altında saxlayaraq talan edən, cəbhədə atəşkəs rejimini mütəmadi pozan Ermənistan silahlı birləşmələrinin qarşısını alacaq, Ermənistan tərəfindən irimiqyaslı hərbi müdaxiləyə yol verməyərək Azərbaycanın iqtisadi inkişafı, milli və regional infrastruktur ilə bağlı layihələrin icrasına dəstək verəcək”, – amerikalı ekspert fikrini tamamlayıb.
Rusiyalı hərbi ekspert Yuri Liamin “Report”a bildirib ki, Azərbaycan rəhbərliyinin Silahlı Qüvvələrini gücləndirməyə yönələn siyasəti uzun illərdir davamlı olaraq aparılır: "Belə ki, 2000-ci illərin əvvəlindən həyata keçirilən Azərbaycan ordusunun irimiqyaslı modernləşdirilməsi siyasəti ötən müddət ərzində bir çox nailiyyət qazandırıb".
Bu gün istər sırf kəmiyyət göstəriciləri, istərsə də müxtəlif müasir silahlarla təchiz olmaq baxımından Azərbaycan ordusunun Cənubi Qafqaz ölkələrinin orduları arasında şəksiz lider olduğunu dilə gətirən ekspert, hətta 2014-2016-cı illərdə enerji daşıyıcılarının dünya bazarında qiymətinin kəskin azalması ucbatından bir çox ölkənin müdafiə xərclərini ciddi dərəcədə ixtisar etdiyi bir dövrdə Azərbaycan, əksinə, yenə də hərbi büdcəyə xeyli vəsait yönəldərək yeni-yeni silahlar almağa, əvvəlkilərini daha da modernləşdirməyə davam etdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, bununla yanaşı, dövlət başçısı Qarabağ qazilərinin, şəhid ailələrinin sosial müdafiəsinə də daim böyük diqqətlə yanaşıb.
Xatırladaq ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan, ölən və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölən elan edilən daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə də 11 000 manat məbləğində birdəfəlik ödəmə verilir.
Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, bu fərman həm də ölkədə vətənpərvərlik tərbiyəsi baxımından böyük əhəmiyyət daşıyaraq bu istiqamətdəki işlərə xeyli təkan verəcək.
“Ölkə Prezidenti və Ali Baş Komandanı tərəfindən nəinki Böyük Vətən müharibəsinin, həm də Əfqanıstan və başqa ölkələrdəki hərbi əməliyyatlar iştirakçılarının bundan belə daim dövlətin himayəsi və qayğısı ilə əhatə olunacaqlarını səsləndirilməsi heç şübhəsiz, sevindiricidir”, – ekspert vurğulayıb.
O, ölkə Prezidentinin şəhid ailələrinin mənzil, səhiyyə və digər sosial problemlərini də nəzarətdə saxladığını diqqətə çatdırıb: “Dövlətin xüsusi diqqətinə haqqı çatan təbəqələr bu diqqəti görürlər. Bu, müharibəni keçən, yaxud ölkənin təhlükəsizliyi, ərazi bütövlüyü uğrunda canından keçən soydaşlarımızın ailələridir. Belə ki, dövlət onu müdafiə edənlərə qayğısını göstərməlidir və fikrimcə, bu, həmin fərmanla kifayətlənməyəcək, gələcəkdə də davam etdiriləcək”.