Dia.az Azərbaycan Ordusunun Birlik komandiri, milli qəhrəman general-leytenant Rövşən Əkbərovun müsahibəsini təqdim edir.
– Cənab general-leytenant, dövlətimiz tərəfindən ordu quruculuğuna həmişə böyük diqqət və qayğı göstərilir. Ölkə rəhbəri dəfələrlə vurğulayıb ki, ordu quruculuğu dövlət üçün prioritet məsələdir. Bu barədə sizin fikirlərinizi bilmək maraqlı olardı.
– Azərbaycan Ordusunun inkişafı bir neçə mərhələdən ibarətdir. Ermənistanın Azərbaycana əsassız ərazi iddiası onun ölkəmizə qarşı elan olunmamış müharibəsi ilə nəticələndi. Həmin dövrdə istər Dağlıq Qarabağda, istərsə də Ermənistanla dövlət sərhədi boyu yerləşən rayonlarımıza olan hücumların, həmlələrin, təxribatların qarşısını yerli özünümüdafiə taborları alırdı. Ordumuz hələ nizami ordu kimi formalaşmamışdı.
Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev vahid komandanlıq altında idarə olunan nizami ordunun əsasını qoydu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirir. Son illərdə həyata keçirilən irimiqyaslı islahatlar düşmənlə təmas xəttinə yaxın ərazilərdə müasir standartlara cavab verən yeni hərbi şəhərciklərin inşa edilməsi, onların bütün infrastrukturlarla təmin olunması şəxsi heyətin həm döyüş, həm də mənəvi-psixoloji hazırlığının yüksəldilməsini təmin edir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, hazırda Azərbaycan Ordusu nəinki bölgədə, hətta dünya miqyasında belə ən güclü ordular sırasındadır. Azərbaycan Ordusunun və Bakının işğaldan azad edilməsinin 100 illik yubileylərinə həsr olunmuş paradlarda keçid edən hərbi texnika və müxtəlif çoxsaylı döyüş vasitələri dövlətimizin müdafiə qüdrətini, Silahlı Qüvvələrimizin şəxsi heyətinin yüksək döyüş hazırlığını nümayiş etdirdi.
Bu günlərdə başa çatan geniş miqyaslı təlimlər də bir daha sübut etdi ki, Azərbaycan Ordusu dinamik inkişaf edir. Təlimlərdə biz şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi, onun bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə yanaşı, eyni zamanda, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinin formalaşdırılmasına nail oluruq. Diqqətinizə çatdırım ki, hər təlimin öz təyinatı var. Ali Baş Komandanın göstərişi, müdafiə nazirinin rəhbərliyi ilə keçirilən budəfəki təlimlər də şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsində əhəmiyyətli rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordu quruculuğu məsələsini daim diqqətdə saxlayır, ona daim və hərtərəfli qayğı göstərir.
– Təəssüflər olsun ki, ordumuzun əldə etdiyi nailiyyətlərə qara yaxanlar da olur. Belə kəslərə münasibətiniz necədir?
– Onlar fərdlərdir. Onlar həm də el arasında deyildiyi kimi, "kiçik budaqların üstündə oturub böyük budaqları silkələmək istəyən” fərdlərdir. İstər respublikamızda yaşasınlar, istərsə də xaricdə. Ordudan xəbəri olmayanlar, xəbəri olub qara yaxanlar, böhtan atanlar xalqın düşmənidir. Uzaqdan-uzağa Ordumuz haqqında danışanlar, Orduda nöqsan axtaranlar bilsinlər ki, bu, vicdana sığan hərəkət deyil. Bu, heç bir əsl azərbaycanlıya yaraşan hərəkət deyil. Bəzi saytlar belə fərdlərin qərəzli informasiyalarına yer verməklə öz nüfuzunu da nəzərəçarpacaq dərəcədə azaldır. Belə qərəzli fikirlər Azərbaycan Ordusunun nüfuzuna təsir göstərə bilməz.
Ordumuzun arsenalına müasir döyüş texnikalarının böyük əksəriyyəti - Belarusun istehsalı olan yüksək manevr və atəş gücünə malik 301 mm-lik əməliyyat-taktiki raket "Polonez B-300”, İsrailin istehsalı olan 624 mm-lik əməliyyat-taktiki raket LORA, 306 mm-lik taktiki raket EKSTRA, texnika üzərində tank əleyhinə idarəolunan raket kompleksi "Spike-ER” və daşınan tank əleyhinə idarə olunan raket kompleksi "Spike-LR”, Türkiyənin istehsalı olan 300 mm-lik taktiki raket TR-300 E "Qasırğa”, Rusiyanın istehsalı olan 300 mm-lik 9А52-2 "Smerç” (YARS), ağır odsaçan sistem ТОS-1A, 203 mm-lik 2S7 "Pion-M” və 152 mm-lik 2S19 "Msta-S” özüyeriyən artilleriya qurğuları, tank əleyhinə kompleks 9K123 "Xrizantema-S”, Çexiyanın istehsalı olan 122 mm-lik yaylım atəşli reaktiv sistem - YARS RM 70 və 152 mm-lik özüyeriyən artilleriya qurğusu DANA daxil edilib. Bundan əlavə, Azərbaycan Ordusunun arsenalında olan T-90S tankı, ZTR-82A, 152 mm-lik "Msta-S” özüyeriyən artilleriya qurğusu, 220 mm-lik TOS-1A "Solntsepyok” ağır odsaçan sistemi və s. son illərdə tədarük edilib.
Aldığımız müasir artilleriya sistemlərinin proqram təminatı İsrailin mütəxəssisləri tərəfindən yenilənərək ən yeni sistemlərlə təchiz edilib. Bu da öz növbəsində düşmənin REM vasitələrinin təsirini məhdudlaşdırır və asanlıqla onun üzərində atəş üstünlüyə nail olunur. Həmçinin bu döyüş texnikaları mütəmadi keçirilən irimiqyaslı təlimlərdə tətbiq edilir. Bu və ya digər texnikanın "köhnə” olduğunu iddia edən həmin fərd texnikanın adını niyə demir?! Xalqını, dövlətini sevməyənlər olmayanları var kimi təqdim etməyi bacara bilməz. Qoy o fərdlər unutmasınlar ki, yalançı vətənpərvərliyin sonu yoxdur. Sözü ilə əməli düz gəlməyənlər gec-tez ifşa olunur. Elələri də var ki, bircə gün belə olsa orduda xidmət etməyib, əlinə silah almayıb. Belələrinin ordu haqqında fikir söyləməyə haqqı çatırmı?! Ordu quruculuğu haqqında səmərəli fikri varsa, buyursun desin.
Raket və artilleriya sistemləri 2016-cı ilin aprel döyüşlərində tətbiq edildi və uğurun əldə olunmasında əhəmiyyətli rol oynadı. Köhnə qurğular buna qadir ola bilməzdi. Bunu Ordumuza qara yaxanlar da bilir, lakin belə faktları etiraf etməyə cəsarətləri çatmır. Cəmiyyətdə diqqəti çəkən nüfuzu, hörməti olmayanların Ordunun rəhbərliyi, ali rütbəli zabitləri haqqında fikir söyləməyə qətiyyən haqları çatmır. Belə qarayaxmalar düşmənə ağlına gələni danışmağa əsas verir. Ona görə hər kəs öz xalqın, dövlətin mənafeyi baxımından fikir səsləndirməlidir. Həm də buna haqqı, savadı və biliyi çatırsa.
– 2016-cı ilin aprelində Azərbaycan Ordusu tarix yazdı. Azərbaycan Respublikasının Prezidenti bu qələbəni "Aprel zəfəri dərsliklərə salınmalıdır” tarixi kəlamı ilə dəyərləndirdi.
– 2016-cı ilin aprel döyüşləri də, qazanılan qələbə də tarixdir. Bu tarixi Azərbaycan əsgəri qətiyyəti ilə, Vətən sevgisi ilə yazdı. Bu qələbə ilə dünya ictimaiyyəti gördü və inandı ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etməyə qadirdir. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatlarının qarşısı qətiyyətlə alındı, əks-həmlə ilə Lələtəpə, Bayraqtəpə kimi olduqca əhəmiyyətli yüksəkliklər də daxil olmaqla min hektarlarla ərazi işğaldan azad edildi. Bu, Azərbaycan Ordusunun arsenalında olan ən müasir silahların gücünü, şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu, Ordu ilə xalqın birliyini, xalqın sərkərdəsinə inamını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Orduya diqqət və qayğısını təsdiqləyən böyük qələbə oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş mərasimdə dediyi "Azərbaycan dövləti, Azərbaycan xalqı heç zaman imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın” kəlamı hər bir hərbi qulluqçunun hərbi xidmət amalıdır. Bəli, Aprel zəfəri Azərbaycan Ordusunun döyüş və mənəvi-psixoloji hazırlığını, Ordu ilə xalqın birliyini, istər hərbçilərin, istərsə də mülki əhalinin dövlətə, dövlətçiliyə sədaqətini təsdiqlədi. Bu qələbə Ordumuzun yaxın vaxtlarda qazanacağı Böyük Qələbənin başlanğıcıdır. Aprel zəfəri təsdiqlədi ki, Ordumuz torpaqlarımızı işğaldan tam azad etməyə qadirdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev deyib: "Azərbaycan güclü dövlətdir və onun güclü Ordusu vardır”. Bu inam, etimad Azərbaycan Ordusunun şəxsi heyətini böyük qələbəyə ruhlandırır. Azərbaycan Ordusunun şəxsi heyətinin şücaəti, qeyrəti bu böyük qələbəni təmin etməyə əsas verir. Ordu dövlətin və dövlətçiliyin qarantıdır. Ali rütbəli bir zabit, komandir kimi əminliklə deyirəm ki, biz Konstitusiya ilə müəyyən edilən vəzifələrimizi, cənab Ali Baş Komandanın istənilən əmrini bundan sonra da yerinə yetirməyə hazırıq. Torpaqlarımızı tezliklə işğaldan tam azad edəcəyik! (ordu.az)