“Hökumətin hesabatı göstərdi ki, ötən il həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dövləti daha da güclənib, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Bunun nəticəsində xalq-iqtidar birliyi daha da möhkəmlənib”.
“Ölkə.Az” xəbər verir ki, bunu deputat Musa Qasımlı Parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.
O bildirib ki, gömrük və vergi sistemində həyata keçirilən islahatlar nəticəsində bərabər imkanların yaradılması islahatların fəlsəfəsində, mahiyyətində duran məsələdir.
Deputat söyləyib ki, ötən il ölkəmizin dəmir yolu sisteminin inkişafında görülən işlər də qeyd edilməlidir:
“Beynəlxalq bazarlara çıxış, qeyri-neft sektorunun artması ötən ilin uğurlarından biridir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, iqtisadi inkişaf olmasaydı sosial müdafiə istiqamətində mühüm addımlar atılmazdı”.
Deputat Musa Qasımlı əhaliyə təbii qazla bağlı limitin qoyulmasınının aradan qaldılrmasını hökumətə təklif edib.
Onun sözlərinə görə, təbii qaza qoyulan limit narazıçılığa səbəb olub, hökumət bu problemin aradan qaldırılması məsələsinə baxsaydı yaxşı olardı.
Çıxışı zamanı təkliflərini irəli sürən M. Qasımlı təmsil etdiyi Yardımlı rayonuna yaxın kəndlərin təbii qazla təmin olunmasını təklif edib:
“Onların təbii qazla təmin olunması meşələrin qırılmasının qarşısını alacaq. Bundan başqa seçicilər qaza qoyulan limitin ləğvini istəyirlər”.
Kəndlərdə qızların təhsilə cəlbi ilə bağlı problemlərin olduğunu deyən deputat qeyd edib ki, hər bir kənddə qadın müəllimi olarsa, o zaman qızların təhsilə cəlbində problem olmayacaq.
Xaricdə təhsil alanların diplomlarının tanınması məsələsini gündəmə gətirən deputat bildirib ki, diplomların tanınması məsələsində çox söz-söhbət gəzir, bu söhbətləri yığışdırmaq üçün Təhsil nazirliyi həmin institutlara elekton müraciət göndərməklə problemi aradan qaldıra bilər.
O, eyni zamanda təhsilin keyfiyyətinə fikir verməyin zəruriliyni qeyd edib. Bildirib ki, bunun üçün məktəb direktorları və müavinləri yerində olmalıdır.
“Bundan başqa ən ciddi problem Elm və Müdafiə Şuralarının rəhbərləri ilə bağlıdır. Güc-bəla ilə elmi iş müdafiə edib, heç bir yerdə elmi məqaləsi çıxmayan şəxs Elm və Müdafiə Şurasına həmsədr seçilir. Bu Azərbaycan elminə təhqirdir, ayıbdır. Bu məsələlərə ciddi diqqət yetirmək lazımdır. Bu şuralarda dəyişiklik edilməlidir”, - deyə deputat bildirib.