Mənim əsas işim əllərlədir, çünki nevroloqun işi təkcə dərman yazmaqla bitməməlidir. Bəzən biz xəstənin probleminə dərmansız, iki əl vasitəsilə son qoyuruq.
Bu sözləri Axar.az-a açıqlamasında Elmed Tibb Mərkəzinin nevroloqu, manual terapevt Rəşid Muradov deyib.
Nevroloq xəstələrin iki əllə, yəni manual terapiya ilə müalicə edilməsindən danışıb:
“Fəqərə sütununun istənilən patologiyaları – skolioz, kifoz, lordoz –əllə müalicəyə tabe olur. Onurğa yırtıqlarını ölçüsündən, yerindən asılı olaraq manual terapiya ilə sağalda bilirik. Əgər yırtıq orta səviyyədədirsə, bunu neyrocərrah həll edir.
Uşaqlarda, məktəblilərdə skolioz, oturuşda, duruşda əyilmə, ayağın qısalığı kimi problemlər də vaxtında müraciət etdikdə manual terapiyaya tabe olur.
Bəzi həkimlər bel əyriliyi – skolioz zamanı korset təyin edirlər. Daha bilmirlər ki, süni korseti geydirəndə təbii korseti - əzələ sistemini əyirik. Manual terapiyada əzələ korseti əllərlə möhkəmlədilir və xəstə sağalır. Hər şey simmetrik forma alır”.
Nevroloq bildirib ki, həkimlərin boynu ağrıyan, boynunda duz yığılan insanların həmin nahiyələrini şaqqıldatması düzgün deyil:
“Bir çox manual terapevtlər bu metoddan istifadə edir. Bu metod boyundakı blokadanı müvəqqəti götürür, 1 gün xəstə özünü rahat hiss edə bilir, amma sonra yenə eyni problemlər qayıdır.
Mən boynu işlədən, saxlayan əzələləri normaya salıram ki, boyuna, başa qan dövranı bərpa olunsun”.