Bioloji Təbabət Klinikasında kadrlar kütləvi olaraq işdən çıxarılır.Axar.az-a verilən məlumata görə, buna səbəb klinikanın dərin maliyyə böhranı keçirməsidir. Qeyd olunur ki, daha çox alman müalicə üsulu kimi tanınan bioloji təbabətin tətbiqini nəzərdə tutan klinikada hazırda peşəkar kadrlar qalmayıb. Belə ki, pasientlərin kəskin şəkildə azalması səbəbindən klinika öz əməkdaşlarının əməkhaqqını vermək imkanında deyil.
Daha doğrusu, klinikanın həkimlərlə bağladığı müqaviləyə görə, hər xəstənin etdiyi ödənişdən müəssisə və həkim öz faizini götürür. Müraciət edənlərin kəskin azalması isə həkimlərin qazancına ciddi təsir edib, buna görə də kadrlar uzaqlaşmağı daha münasib sayırlar.
Texniki heyətin ixtisarını isə klinika özü aparır. İddiaya görə, son aylar klinikanın gəliri 10 dəfədən də çox aşağı düşüb. Qeyd olunur ki, alman təbii dərman vasitələrindən istifadə edən klinikada qiymətlər digər klinikalarla müqayisədə bir neçə dəfə bahadır. Üstəlik, bu müalicə üsulunun özü də ölkəmizdə tam oturuşmayıb və bu sahədə peşəkar, yüksək səviyyəli mütəxəssislər çox azdır. Bu səbəbdən də müalicə nəzərdə tutulan və vəd edilən effekti vermir. Buna görə də klinika pasientlərini sürətlə itirməkdədir. Xəstələr həddən artıq böyük məbləğ ödəyib nəticə almamaqdansa, daha münasib qiymətlər və ənənəvi müalicə üsulları təklif edən klinikalara üz tuturlar.
“Sözügedən klinikada pasientlərə təklif edilən dərman preparatları Almaniyadan gətirilir. Bu səbəbdən də təbii olaraq xəstələrə yazılan dərmanlar olduqca bahadır. Lakin həmin dərmanlar xəstəliyin müalicəsində ciddi effekt vermir. Çünki bioloji təbabət üzrə ixtisaslaşma prosesi davam etmir. Əgər əvvəllər bu klinikaya vaxtaşırı olaraq Almaniyadan mütəxəssislər dəvət edilir və onlar klinika əməkdaşlarına təcrübə keçirdilərsə, son illər bu ənənə kəsilib. Səbəb isə klinikanın maddi durumudur. Peşəkar kadrların yetişməsində yaranan bu problem isə klinikanın nüfuzuna da təsir edir. Az-çox təcrübəsi olanların klinikadan maliyyə səbəbindən uzaqlaşmağa məcbur olması isə daha acınacaqlı vəziyyət yaradıb”, – məlumatda iddia edilir.
Qeyd edək ki, bu problemlər səbəbindən son aylar klinika haqda neqativ fikirlər də səsləndirilir. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da açıqlamalarının birində həmin klinikada pasientin başına gətirilən oyun barədə danışmışdı. Bundan başqa, bir müddət əvvəl klinikanın stomatoloqu Cəfər Fərzəliyev pasienti Sevil Ağamirovanın dişində yanlış əməliyyat aparmışdı. Xəstə buna etiraz etdikdə isə həkim onu təhqir edərək klinikadan qovmuşdu. Sevil Ağamirova bildirib ki, klinikaya xeyli pul ödəyib, əvəzində isə sağlamlığını itirib və maddi ziyana uğrayıb.(azpolitika.info)