Ağstafa sakinlərinin sözlərinə görə Məhərrəm Quliyev icra başçısı təyin olunduqdan sonra idarə və müəssisə rəhbərlərindən, iş adamlarından alınan aylıq rüşvətin məbləği bir neçə dəfə artırılmışdır.
Məhz buna görə də rayonun bütün idarə, müəssisə və təşkilatlarında rüşvət alma adiləşib. Dövlət büdcəsindən maliyyələşən bütün təşkilatlarda korrupsiya elementləri mövcuddur.
Ağstafa rayonunun abadlıq-quruculuq işləri üçün büdcəsindən ayrılan vəsaitlərin çox hissəsi Məhərrəm Quliyevin şəxsi təşəbbüsü ilə təyınatı üzrə xərclənmir və mənimsənilir.
Hər yerdə olduğu kimi Ağstafa rayonunda da əhalinin yaşayışı dözülməzdir. İnsanlar sözün əsl mənasında yaşamaq uğrunda mübarizə aparırlar. Gündəlik ehtiyaclar məngənəsində sıxılan rayon sakinlərinə dövlət orqanları heç bir kömək göstərmir. İnsanlar sağlamlıqlarını qoruya bilmir. Xəstəliklərdən əziyyət çəkən adamların çoxunun müayinə və müalicə olunmağa, dərman almağa belə pulları yoxdur.
Əmək qabliyyətli insanların böyük əksəriyyəti təsadüfi qazanclara ümid edirlər. Əhalinin sosial müdafiəsinə yerli icra hakimiyyəti tərəfindən təminat yoxdur.
Rayonun təhsil sistemi bərbad vəziyyətdədir. Əsaslı və cari təmirlər üçün, zəruri inventarların alınmasından ötrü büdcədən ayrılan vəsaitlər mənimsənildiyinə görə bir çox məktəblər baxımsız qalıb. Normal tədris və intizam olmadığından, laqeyidlikdən şagirdlərin dərsə davamiyyəti acınacaqlı duruma düşmüşdür. Əhalinin böyük əksəriyyətinin yoxsulluq həddində yaşaması və ehtiyaclar məngənəsində sıxılması valideyinlərdə və şagirdlərdə təhsilə olan inamı zəiflətmişdir.
Ağstafa rayonunun səhiyyə və mədəniyyət müəssisələrində də dözülməz vəziyyət hökm sürür. Ölkədə əhalinin sosial problemlərinin arzuolunmaz səviyyəyə qalxdığı hamıya məlumdur. Lakin Məhərrəm Quliyev şəxsi çıxarlarına görə Ağstafa rayonunda sosial böhran şəraiti yaradır. Sakinlər onun qanunsuz əməllərindən beziblər. Ali dövlət orqanlarına göndərilən minlərlə şikayət və müraciətlər cavabsız qalır. Görünür Məhərrəm Quliyev toxunulmazlıq statusuna malikdir.
7GUN.az