Axtarış...

Ramiz Mehdiyev getdi, Ramiz Tatarov isə – islahat dalğası müavinlərə çatır…



Ağstafada icra başçısı dəyişkənliyi rayonda probemlərin həllinə heç də rəvac verməyib. Goranboydan gələn Nizaməddin Quliyevin Ağstafaya rəhbərliyi dövründə vəziyyətin daha da dramatikləşdiyini, tragik olduğunu təkcə noyabrın 16-da baş verən dəhşətli hadisə ifadə edir.

Reportyor.info yada salır ki, rayonun Vurğun qəsəbəsində acınacaqlı şəraitdə yaşayan Kəmalə Məmmədovanın 6 aylıq körpəsinin soyuqda donub ölməsi Ağstafa İH-nin vətəndaşların problemlərinə laqeydliyinin göstəricisidir.

Anası deyir ki, balaca Turan nə xəstə olub, nə ağrıları varmış: “Səhər durub gördüm ki, balam ölüb. Biz icra hakimiyyətinə, başqa ünvanlara ev, işıq, qaz. Su üçün müraciət etmişik, baxılmayıb”.

Əvvəllər yarımçıq tikilidə məskunlaşan ailə qohum-qonşu hesabına bir evə köçürülüb, lakin kadrlardan görünür ki, olduqca şəraitsiz, bumbuz, təmirsiz bir daxmada yaşayırlar.

Ağstafada yaranmış acı həyatın, sosial problemlər girdabında boğulan sakinlərin dərdinə biganəliyin baiskarı təkcə icra başçısı Nizaməddin Quliyev deyil, həm də komandasıdır.

Məsələn, rayonun “ömürlük təyin edilmiş” başçı müavini Ramiz Tatarov Ağstafada “meydan sulayır”, hegemonluq edir, heç kəsi saymır. Əslində, prezidentin icra strukturlarında apardığı islahatların növbəsi müavinlərə də çatmalıdır.

Bu proses başlayarsa, ilk cərgədə yola salınmalı məmurlardan biri də Ağstafa İH başçısının I müavini Ramiz Tatarov ola bilər. O, Məhərrəm Quliyevin başçı olduğu dövrdə də rayonda “at oynadıb”.

Rayonda 27-28 il bundan əvvəl doğulan uşaq bu insanı heykəlləşmiş bir simvol kimi təsəvvür edir.

Yəni ölkədə bu qədər də vəzifə tutmaq olarmı? Tankın, topun gücü çatmayan Ramiz Tatarov olduqca uzun bir məmur kürsüsü keçib.

Əfsus ki, 6 aylıq körpənin bumbuz evdə donub ölməsi belə onun “tükünü tərpətmədi”, bu ailəyə baş çəkmək də yadına düşmədi.

Çünki onun Ceyrançöldə fermalarına, torpaq sahələrinı, doğulduğu Aşağı Göycəli kəndində “Tatarov” marketinə, Bakıda torpaq sahələrinə, mənzillərin başı çox qarışıqdır. Tatarov həm də Ağstafa Rayon YAP təşkilatının sədridir.

Rayonda işə düzələn, işdən çıxan, torpaq alan, torpaq satan, hətta evlənən də bu məmurla məsləhətləşir. Əks halda həmin sakinin başına elə bir oyun açar ki, adı da yadından çıxar.

Adicə bir misal. Bu yaxınlarda mətbuatda yazılmışdı, üstəlik həmin xəbər Prezident Administrasiyasına qədər gedib çıxmışdı. Demə, Ramiz Tatarovun iş otağından içərisində 800 000 manat olan dəmir seyf oğurlanıb.

Tatarov nə təsdiq, nə təkzib etdi. Bu qədər vəsaitin başçı müavinində haradan olduğu sualına ehtiyac yoxdur, yuxarıda əmlaklarını və hansı işlər gördüyünü açıqlamışıq.

Sadəcə, PA rəhbəri Ramiz Mehdiyev belə vəzifəsindən azad olunsa da, uzun müddətdir Ağstafa RİH-də I müavin postunu tutan adaşı Ramiz Tatarov təqaüdə getmək istəmir.

Bu baxımdan təkcə Ağstafa İH deyil, əksər bölgələrdə kadr islahatları həm də müavinləri əhatə etməlidir. Hətta bəzi regionlarda onlar özlərini başçı kimi aparırlar.

Yeri gəlmişkən, təkcə Ağstafa RİH-dəki I müavin yox, araşdırmalarımızda digər bölgələrin başçı müavinlərinin fəaliyyəti barədə də məlumat verəcəyik.

Reportyor.info-ya verilən xəbərə görə, Ağstafa rayonuna hansı formada icra başçısı gəlirsə gəlsin, rayon sakinləri hər şeyi Tatarovla ölçüb – biçir, birinci bu insana müraciət edirlər. Çünki özünü rayonun ağası kimi aparır.

Təsadüfi deyil ki, 2015-ci ildə onun korrupsiya fəaliyyəti də Hesablama Palatası tərəfindən ifşa edilmişdi. Hesabat sənədində nöqsanlara yol verən 3 nəfərə, o cümlədən RHİ-in birinci müavininə (Ramiz Tatarov), 1 şöbə müdirinə və 1 mütəxəssisə xəbərdarlıq edildiyi qeyd olunub.

Amma rayonun “qara” imicə malik, reputasiyası zədəli məmuru ilə bütün başçılar işləməyə üstünlük verirlər. Görünür, “Pir mənimdir, kəramətinə bələdəm” prinsipi başçıları, eləcə də indiki rəhbər N.Quliyevi qane edir.

Bir müddət əvvəl rayon sakini İsayev Telman Tapdıq oğlunun sözlərinə görə fəaliyyətləri ciddi narazılıqlara səbəb olanlar icra başçısının ətrafındakılardır:

“Xüsusilə də Ağstafa RİH başçısının birinci müavini Ramiz Tatarov rayondakı bir çox müəmmalı işləklərin müəlliflərindən hesab olunur.

Ramiz Tatarov və rayondakı adamlarının yarıtmaz fəaliyyəti isə sonda icra başçısının ayağına yazıldığından tənqid hədəfi də məhz Nizaməddin Quliyev olur”.

Əslində, Tatarov Ağstafanın başçısı olmaq üçün hər zaman dəridən-qabıqdan çıxıb. Lakin əməlləri, dosyesi imkan verməyib ki, prezident ona etimad göstərsin. İstisna edilmir ki, kadr islahatları müavinləri də əhatə edəcək və Tatarovla da yollar ayrılacaq…

Reportyor.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz