Bu gün Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100-cü ildönümü tamam olur
Bu gün Azərbaycan teatrının görkəmli nümayəndələrindən olan, milli kino sənətimizin bənzərsiz simalarından sayılan Leyla Bədirbəylinin anadan olmasından 100 il ötür. Leyla Bədirbəyli fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib.
AZƏRTAC xəbər verir ki, Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli yaratdığı təkrarsız obrazlarla öz adını Azərbaycan sənət tarixində yazdırmağı bacaran sənətkarlardandır.
Görkəmli aktrisanın fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Prezident İlham Əliyev ötən ilin dekabrın 29-da imzaladığı Sərəncamla bu il ölkəmizdə Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək.
O, 1920-ci ilin yanvarın 8-də Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.
Balaca Leylanın uşaqlıq illəri Bakıda, daha doğrusu, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Belə ki, fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət edilir.
Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunur. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.
Kinoda iki rolu olsa da, o qədər tanınmayan bu xanımın parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.
Əlbəttə, Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakarcasına xidməti təkcə Gülçöhrə ilə bağlı deyildir. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.
“Azərbaycan gözəli” adını almış aktrisa 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.