Axtarış...

“Dumanlı Albion”a sığınan azərbaycanlı zənginlərin başı dərddə - yeni gəlişmə

“Dumanlı Albion”a sığınan azərbaycanlı zənginlərin başı dərddə - yeni gəlişmə

İngilislərin adını “İzahedilməz Sərvət Sərəncamı”(UWO) qoyduqları qanun Londona sığınan dünya korrupsionerləri üçün qorxulu yuxu statusunu almaqdadır. 1 il əvvələ qədər dünyanın hər tərəfindən Böyük Britaniyaya axan, korrupsiya yolu ilə ələ keçirilən böyük maliyyələr artıq sahiblərinə ciddi baş ağırısı, həbs perspektivi vəd edir.

Britaniyada xaricilərin bank hesablarının dondurulmasına imkan verən 2017-ci il Cinayət Aktının tətbiqinə İzaholunmaz Sərvət Qanununun qəbulu ilə eyni vaxtda başlanıb. İzaholunmaz Sərvət Qanunu və ya ingiliscə qısa adı UWO olan qanunvericilik aktı polisə korrupsiyada şübhəli bilinən xarici rəsmilərin və ya onların ailə üzvlərinin sərvətinin araşdırılması səlahiyyəti verir.

London polisinin diqqət mərkəzinə düşmək üçün Zamirə Hacıyevanın pulla davranışlarını təkrarlamaq kifayətdir.

Britaniya məhkəmələri legitim mənşəyi məlum olmayan belə sərvətin müsadirəsi barədə qərarlar çıxara bilər. Böyük Britaniya ərazisində mal-mülkləri olan əcnəbilər, xüsusən şübhəli maliyyə gəlirləri olanlar qanunun qəbulundan sonra çətin duruma düşüblər. Bu dövlətin ərazisində xərclədikləri pulların oğurluqla deyil, qurduqları biznesdən qazandıqlarını sübut etmək kimi öhdəlikləri yaranıb. Sorğulara cavab verə bilməyənlərin mal-mülkləri İzaholunmaz Sərvət Qanunun təsiri altına düşür və Böyük Britaniya dövlətinin nəfinə müsadirə edilir. Hazırda Londona sığınan zənginlər, xüsusən keçmiş MDB ölkələrindən olanlar nəfəslərini içlərinə çəkib təlaş içində bu qanunun şamil olunduğu kəslərin məhkəmələrini izləməkdədirlər.

London məhkəməsi ötən il Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı 55 yaşlı Zamirə Hacıyeva ilə bağlı işə baxmağa başlayıb. Londonda böyük diqqətlə izlənən bu işlə paralel məhkəmədə Moldovanın keçmiş baş naziri Vladimir Filatın oğlu Luca Filatın da işi araşdırılmağa başlayıb və artıq qərar da var. London məhkəməsinin qarşısına çıxarılan Luca Filat hesablarında olan 650 milyon dolların mənbəyini izah edə bilməyib. Bundan əvvəl Luca Filatla bağlı işi Britaniya Milli Cinayət Agentliyinin (NCA) xəfiyyələri aparırdılar. Yada salaq ki, Zamirə Hacıyeva ilə bağlı da eyni prosedur gerçəkləşdirilib, Britaniya Milli Cinayət Agentliyinin xəfiyyələri araşdırmalarının nəticələrini məhkəməyə təqdim ediblər. Luca Filatın işi ilə Zamirə Hacıyevanın işində oxşarlıqlar çoxdur.

Zamirə Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyev həbsdə olduğu kimi, Luca Filatın atası Vladimir Filat da həbsdədir. Cahangir Hacıyev 4 milyard 700 milyon manat, Vladimir Filat 1 milyard dolları Moldova banklarından yoxa çıxarmaqda ittiham edilir.

Londonda keçirilən məhkəmədə aydın olub ki, Luca Filat Qərbi Londondakı dəbdəbəli mülkün kirayəsi üçün əvvəlcədən ödədiyi 500 min dolları atasının “qanunsuz fəaliyyəti nəticəsində” əldə edib. Vladimir Filat Moldova banklarından 2009 və 2013-cü illər arasında 1 milyard dolların yoxa çıxması ilə bağlı 2016-cı ildə məhkum edildikdən sonra hazırda 9 illik həbsxana cəzası çəkir.

İtən vəsait Moldovanın bir dövlət kimi ÜDM-nin 10 faizi deməkdir.

Azərbaycanlı iqtisadçıların hesablamalarına görə, Cahangir Hacıyeva də Azərbaycanın bir dövlət kimi ÜDM-nin 10 faizini çırpışdırmaqda ittiham edilir. Zamirə Hacıyevanın həyat tərzi ilə Luca Filatın yaşayışı fərqli olmayıb.

Zamirə Hacıyeva Londonun məşhur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərclədiyi günlərdə 22 yaşlı Luca Filat London küçələrində 259 min dollar qiyməti olan “Bently”də gəzib. Bahalı mal və xidmətlərə əhəmiyyətli məbləğlər xərcləyib, dəbdəbəli həyat tərzi keçirib. O da Zamirə Hacıyeva kimi həyat tərzinə görə London polisinin diqqət mərkəzinə düşüb. Britaniya Milli Cinayət Agentliyi bildirir ki, Britaniyada “heç bir qeydiyyatlı gəliri olmayan” Luca Filatın 3 bank hesabına əsasən Türkiyə və Kayman adalarındakı şirkətlərdən böyük vəsaitlər daxil olurdu. 2018-ci ilin mayından bəri bu işin polis təhqiqatına başlanması ilə əlaqədar həmin hesablar dondurulub. Britaniya məhkəməsi ötən həftə aylar əvvəl dondurulmuş hesablardakı vəsaitin müsadirəsi barədə hökm çıxarıb.

Hakim Mikael Snou deyib ki, bu vəsaitlərin mənşəyinin Moldovada törədilmiş cinayət əməli olduğu tamamilə sübuta yetirilib. Britaniyada mənzillənmiş Global Witness antikorrupsiya qeyri-hökumət təşkilatı indi də Britaniya Milli Cinayət Agentliyini Luca Filatın hesabına milyonlar oturdan qurumların təhqiqatına çağırıb. Təşkilatın nümayəndəsi Ava Lee bu barədə deyib: “Milli Cinayət Agentliyi indi bankı, universiteti, ev kirayəsi agentini və maşın satan şirkəti sorğu-sual etməlidir ki, bu şübhəli pul xərcləyən və onun Kayman adasındakı şirkətləri barədə lazımi məlumatı niyə tələb etməyiblər”.

Yada salaq ki, Milli Cinayət Agentliyi 2018-ci ilin sonlarında İzaholunmaz Sərvət Qanununun mandatı ilə Azərbaycan vətəndaşı Zamirə Hacıyeva barədə təhqiqata başlayıb. Z.Hacıyeva hazırda Britaniyadan Azərbaycana ekstradisiya olunmamaq üçün məhkəmə müstəvisində mübarizə aparır. Azərbaycanda ona qarşı mənimsəmə ilə bağlı 2 ittiham irəli sürülüb. Onun həyat yoldaşı Cahangir Hacıyev Azərbaycanda dələduzluq və mənimsəmə ittihamları ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən il noyabrın 8-də Londondakı Yüksək Məhkəmə xanım Hacıyevanı zaminə buraxıb. Hakim Jeremy Baker deyib ki, onun zaminə buraxılmaması üçün “sanballı əsas” yoxdur. Xəbər verilir ki, Zamirə Hacıyeva 500 min funt sterlinq zamin pulu ödəməklə buraxılır, lakin onun Londondakı evində elektron xəbərdarlıq cihazının qurulması barədə qərar qəbul edilib. Zaminin şərtlərinə görə, xanım Z.Hacıyeva axşam saat 21-dən səhər saat 6-dək evindən çıxmamalı və gündəlik qaydada polis məntəqəsinə məruzə etməlidir. Ona habelə hər hansı beynəlxalq tranzit qovşaqlarında olmaq və ya səfər sənədləri üçün müraciət etmək qadağan olunub.

2019-cu ilin iyununda Zamirə Hacıyeva London məhkəməsinə orada aldıqları mal-mülklər, xərclədiyi pulların mənbəyi haqda məlumat verməlidir. Qarşıdakı 3 ayda Zamirə Hacıyeva sübut-dəlilləri toplaya bilməsə, onun 2013-cü ildə nəzarət etdiyi şirkət üzərindən Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında 10 milyon funta (13.15 milyon dollar) aldığı təmtəraqlı qolf kursu və əmlakını - Mill Ride Golf Clubu, Harrods-ın bahalı avtomobil parkındakı iki xüsusi yer, 42 milyon funta (55.24 milyon dollar) aldığı “Gulfstream G550 jet” təyyarəsi müsadirə ediləcək.
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz