Yerli mətbuatda Cahangir Hacıyevin bir neçə əvvəl təcridxana rəhbərliyindən kamerasının dəyişdirilməsini tələb etdiyi, əks təqdirdə özünə xəsarət yetirəcəyini söylədiyi, eləcə də Penitensiar Xidmətin işçilərinə pul təklif etməklə əlavə telefon danışığı imtiyazı almaq istədiyi haqda iddialar yer alıb.
Ancaq onun vəkili Aqil Layicov Gununsesi.org-a bu iddiaları yalanlayıb: “Cahangir Hacıyev heç vaxt özünə xəsarət yetirmək istəməyib”.
İdarə Heyətinin sabiq sədri olduğu Azərbaycan Beynəlxalq Bankında kütləvi fırıldaqçılıqda ittiham olunan Cahangir Hacıyev mətbuatda haqqında yazılan iddialara etiraz edib.
Vəkil Aqil Layıc deyib ki, o, bu məsələ ilə bağlı Cahangir Hacıyevlə danışıb, cənab Hacıyev isə iddiaları rədd edərək “cəfəngiyat” adlandırıb.
“Mətbuatda məlumat yayılıb ki, guya Cahangir Hacıyev özünə xəsarət edəcək, buna cəhd edib və ya kiməsə vəd verib. Bu tipli məlumatlar ancaq qulaqdandolma məlumatlardır və reallığı əks etdirmir”.
Cənab Layıc deyir ki, müvəkkili “məhrumiyyətə məruz qalıb” və sual edir ki, “bu halda olan insan necə pul qarşılığında imtiyaz əldə edə bilər?”
“Nəinki imtiyazlı danışıq vaxtı, axı Cahangir Hacıyevin telefonla danışıq hüququ ümumiyyətlə əlindən alınıb. O, bu günədək ailə üzvləri ilə nə telefonla danışa, nə də görüşə bilir. Azərbaycanda bu günədək həbs olunan heç kəsə bu qədər məhdudiyyət qoyulmayıb. İstər siyasi məhbuslar, istər keçmiş dövlət məmurları, istərsə də bank sədrləri, heç kimə qarşı bu dərəcədə sərt tədbirlər həyata keçirilməyib”.
Penitensiar Xidmətdən BBC News Azərbaycancaya Cahangir Hacıyevə qarşı məhdudiyyətin olmadığı bildirilib.
“Onun görüşlərinin və telefon danışıqlarının təmin olunması qanunvericiliyə uyğun qaydada və sayda həyata keçirilir”, – Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov söyləyib.
Vəkil məhdudiyyətlərlə bağlı Penitensiar Xidmətə və məhkəməyə müraciət etdiyini, lakin onlardan “cavab ala bilmədiyini” deyir.
O əlavə edib ki, indiyədək mütəlif vaxtlarda Cahangir Hacıyevə şəxsi əşyaların ötürülməsində və vəkilləri ilə görüşməsində də məhdudiyyətlər qoyulub.
Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının keçmiş sədridir.
O, 2016-cı ildə böyük dələduzluq və yeyintinin bir hissəsi olmaqda ittiham edilərək 15 il müddətinə həbs edilib. Onun rəhbərlik etdiyi bankdan on milyonlarla funt sterlinq pul yoxa çıxıb.
Hakimlər ona 39 milyon funtu (51.30 milyon dollar) geri ödəməyi əmr edib
Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva 2018-ci ilin oktyabrında Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun, “İzahedilməyən Sərvət Sərəncamı”nın ilk hədəfi olub.
Böyük Britaniya məhkəməsi Zamirə Hacıyevadan 10 il ərzində Londonun məhşur dükanı Harrodsda xərclədiyi pulların, 16 milyon funt sterlinqin mənbəyini soruşub.
O həmçinin məhkəməyə Londonun ən bahalı ərazilərindən birində evin və Berkshire qraflığında qolf klubunun hansı pulla alındığını açıqlamalıdır. Əgər pulların mənbəyini açıqlamaq mümkün olmasa, əmlakların itirilməsi riski mövcuddur.
Zamirə Hacıyeva dəfələrlə heç bir yanlış iş tutmadığını bildirib və “İzahedilməyən Sərvət Sərəncamı”nı mübahisələndirərkən deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri sayəsində müstəqil var-dövlət qazanmış qanuni iş adamı olub.
Zamirə Hacıyevanın vəkilləri Ali Məhkəməyə deyiblər ki, o və əri kütləvi ədalətsizlikdən əziyyət çəkiblər.
2018-ci ilin noyabr ayında Zamirə Hacıyeva Azərbaycan hakimiyyətin onun Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olaraq həbs olunub.
İki gün sonra o, 500 min funt sterlinq qarşılığında zəmanətə buraxılıb və onun evinə elektron etiketləmə cihazı da qoyulub.
Gununsesi.org