Bərdə rayonunun Qaraqoyunlu kənd məktəbinin binası bərbad haldadır. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə kənd sakinləri məlumat veriblər.
Qaraqoyunlu kənd sakini Eldar Əmirov bildirib ki, Qaraqoyunlu, Böyük Ərəb və Bala Ərəb kəndlərinin şagirdlərinin təhsil aldığı məktəb binası 1950-ci ildə inşa olunub: "Uşaqlarımız o vaxt taxıl anbarı kimi istifadə edilmək məqsədilə tikilmiş, hazırda istifadəyə yararsız olan binada təhsil alırlar. Məktəb binasının tikintisi ilə bağlı 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevə müraciət etdik. Həmin il kənd camaatının müraciəti nəzərə alındı və Qaraqoyunlu kəndində 600 nəfərlik, iki mərtəbəli məktəb binasının tikintisinə göstəriş verildi. Tikinti işləri başlasa da, tam başa çatdırılmadı, dam örtüyü vurulmadı. Buna baxmayaraq, məktəbin keçmiş direktoru Süleyman Ağayev binanın beton tavanına yuxarıdan polietilen örtük çəkdirib üstünü suvatdırdı".
"Məktəb bir neçə il bu qaydada fəaliyyət göstərdi, ancaq əlverişli şərait yaradılmadığına görə fəaliyyətini dayandırdı. Binanın tam tikintisini başa çatdırılmaq əvəzinə, heç bir iş görülmədi. Rayon rəhbərliyindən kimlərsə binanı uçurub, materialları şəxsi mülklərinin tikintisinə sərf elədilər. Tədrisin davam etdirilməsi üçün məktəb yenidən əvvəlki "taxıl anbarı"na köçürüldü" – deyə kənd sakini əlavə edib.
E.Əmirovun sözlərinə görə, Qaraqoyunlu kənd məktəbinin bərbad halda olması ucbatından kənd sakinləri övladlarını Bərdə şəhərində yerləşən təhsil müəssisələrinə aparmalı olublar.
Kənd sakinləri yeni məktəb binasının tikintisi üçün ölkə başçısı İlham Əliyevə müraciət edir, köməklik göstərməsini xahiş edirlər. İnanırlar ki, tezliklə kənd məktəbinin binası yenidən inşa olunacaq və məktəblə bağlı qayğılarına son qoyulacaq.
Deyilənləri yerində araşdırmaq üçün Qaraqoyunlu kəndinə üz tutduq. Təəssüflər olsun ki, dərs günü olmasına baxmayaraq, məktəbin boş olduğunu gördük. Həyətdə bir qədər var-gəl etdikdən sonra bir ağbirçək qadın göründü və məlum oldu ki, məktəbin texniki işçisidir. O, direktora zəng edərək, "çağırılmayan qonaqlarının" olduğunu xəbər verdi. Az keçmədi ki, dərs hissə müdiri və direktorun təlim-tərbiyə işləri üzrə müavini gəldi. Ardınca da məktəbin direktoru Aygün Məhərrəmova ilə təsərrüfat müdiri özünü yetirdi.
Söhbət əsnasında məlum oldu ki, məktəblilərin dərs aldığı binalardan biri kolxozun anbarı olub. Digəri isə 1999-cu ildə "Uşaqları qoruyun" Beynəlxalq təşkilatı tərəfindən inşa edilib.
Məktəb direktoru bildirdi ki, 128 şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur. Direktor kəndlərin sakinlərinin uşaqlarını başqa məktəblərə aparmasını isə təkzib etdi. Məktəbdə təhsil alan uşaqların sayının az olmasının isə demoqrafik vəziyyətlə əlaqəli olduğunu dedi. Yeni məktəb binası ilə bağlı isə Rayon Təhsil Şöbəsinin məşğul olduğunu vurğuladı.
Bərdə Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Teymur Kərimov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, məktəb binasının yenidən inşası üçün Təhsil Nazirliyinin Tikinti İdarəsi ilə danışıqlar aparılır: "Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov Tikinti İdarəsinin rəisi ilə danışıb. Məktəbin mövcud durumunu əks etdirən şəkilləri çəkib göndərmişik. 10 otaqdan ibarət modul tipli məktəb binası, çox güman ki, yeni tədris ilində hazır olacaq".
Ümid edirik ki, tezliklə üç kənd üçün bir məktəb binası tikiləcək. Sakinlər uşaqlarının təhsil qayğılarından xilas olacaqlar.