Ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək və bu sahədən gəlirləri artırmaq, ümumiyyətlə, onun neft-qaz sektorundan irəli çıxmasına nail olmaq üçün hökumətin gördüyü işlər məlumdur. Nəticələr göz qabağındadır: təkcə 2019-cu ilin yekunlarına görə, ölkədə ÜDM 2,2 faiz, o cümlədən, qeyri-neft sektoru 3,5 faiz, qeyri-nef sənayesi isə 14,3 faiz artıb. Dövlət başçısı İlham Əliyev demişkən, bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür.
Qeyri-neft sektorunun inkişafında ölkənin bilavasitə qida və ərzaq təhlükəsizliyinə aid məhsulların istehsalına və çeşidinin genişlənməsinə xüsusi diqqət yetirilir. Bu, qeyri-neft sektorunun inkişafında prioritetdir. Belə ki, ümumən kənd təsərrüfatı sahəsində emal, xüsusən də yeyinti məhsulları istehsal edən müəssisələrin sayının artmasına böyük önəm verilir. Prezident onu da qeyd edib ki, Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti, həm də özəl sektorun fəaliyyəti nəticəsində artıb. "Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaq",- deyə dövlət başçımız sonuncu müşavirədə vurğuladı.
Belə bir fonda misal üçün, adı "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC olan İmişli Şəkər Zavodu ilə bağlı real olaraq yaranmış vəziyyət təəssüf doğurur. "Azərsun Holdinq”in təsisçisi olduğu, İmişli rayonunda yerləşən şəkər emalı zavodu bağlanmaq təhlükəsindədir. Adı çəkilən qurumun bu barədə açıqlamasında bildirilir ki, hazırda İmişli Şəkər Zavodunda fəaliyyətin dayandırılması ilə bağlı ölkə qanunvericiliyinin tələbinə uyğun olaraq işçilərə müvafiq ödənişlər edilir. Belə ki, müəssisə 2020-ci ildən etibarən, sadəcə payız mövsümündə məhdud miqdarda şəkər çuğunduru emal etməklə fəaliyyətini məhdudlaşdıracaq ki, bununla əlaqədar olaraq da, mövcud işçi heyəti ixtisar ediləcək. Çünki, zavodu 3 ildir zərərlə işləyir.
Xatırladım ki, zavodun inşasına 2003-cü ildə başlanmışdı. 70 hektar ərazidə inşa olunan müəssisəyə ilkin mərhələdə 83 milyon ABŞ dolları məbləğində investisiya qoyulmuşdu. Zavod 27 aya tikilib. Bu müddətdə gündəlik 1800-2500 nəfər çalışıb. Qeyd olunanlara görə, dünya standartlarına cavab verən texnologiyalar ilə təchiz edilmiş İmişli Şəkər Zavodunun layihə və montaj işləri Almaniya, Polşa, Türkiyə və Ukrayna mütəxəssislərinin nəzarəti altında yerli mühəndis və montaj heyəti tərəfindən həyata keçirilib. 2006-cı ildə açılan zavod şəkər tozu, heyvan yemi, kəlləqənd və etanol istehsalı sahələrində fəaliyyət göstərirdi. Cənubi Qafqazda ən böyük şəkər zavodu sayılan müəssisənin gündəlik emal gücü 5 min ton şəkər çuğunduru və ya 1800 ton xam şəkərdir. Açılış mərasimində müəssisənin təsisçiləri bəyan etmişdilər ki, gələcəkdə gündə 9000 ton çuğundur emal etməklə 1500 ton şəkər tozu istehsal olunacaq ki, işçilərin sayı 1400 nəfərə çatacaq.
Bəs, nə baş verib? İmişli Şəkər Zavodu niyə bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb?
"Azərsun Holdinq” buna idxalın səbəb olduğunu bildirib. 2016-cı ildən Rusiyadan ölkəmizə şəkər tozu idxalının durmadan artması və üstəlik, idxal olunan məhsulun qiymətinin dempinq siyasəti yolu ilə formalaşması əsas problem kimi göstərilib. Bu, doğrudurmu?
Əlbəttə, heç bir şirkət istəməz ki, müəssisəsi bağlansın, nəticədə çox mühüm bir sahədə bazarı və avtomatik olaraq da, gəlirlərinin bir qismini itirsin. Ancaq bunun bir neçə səbəbi var. Əvvəla, qeyri-neft sektoruna aid məhsul istehsal edən şirkət və ya müəssisə bu məhsullarla dünya bazarına çıxmaq, rəqabətqabiliyyətlilik, ixrac imkanları barədə də düşünməli və bu sahədə strateji plana sahib olmağı planlaşdırmalıdır. Düzdür, qeyri-neft məhsulları seqmentində bu, çətindir. Amma sırf daxili bazara hesablanmaq da iflasa bəri başdan rəvac deməkdir.
İkincisi, bəli, bu və ya digər malın keyfiyyəti yüksək olarsa, maya dəyəri də artıq olur. Ancaq müasir dünyada rəqabət elə kəskin xarakter alıb ki, istehsalçılar məhsulun keyfiyyətini artırmaqla bərabər, maya dəyəri də aşağı salmağa çalışırlar. Bu, malın rəqabətqabiliyyətliliyinin təminində ən mühüm şərtdir. Məsələ bundadır ki, İmişli zavodunda istehsal edilən məhsul baha başa gəlir ki, bunu müəssisənin məxsus olduğu Holdinq də dolayısı ilə etiraf edir. Yəni, zavodun məhsulları ona görə bahadır ki, maya dəyəri yüksəkdir. Bu da ona dəlalət edir ki, həmin zavodda istifadə edilən texnologiya müasir deyil. Düzdür, Holdinqin açıqlamasında xeyli vəsait sərf olunduğu, texnologiyanın yeniləndiyi və sair qeyd olunur. Amma zavodun məhsulları qiymət baxımından əlverişli olsaydı, Rusiyadan idxal bunları bazardan sıxışdırıb çıxara bilməzdi.
Üçüncüsü, hər şeyin səbəbini dempinq siyasətində görmək heç də düzgün deyil. Hər bir ölkədə, ixrac edilən məhsulun qiymətini aşağı salmaq istəyi var ki, yerli məhsulla rəqabətdə üstün gəlsin. Bu təbii halı hansısa ölkəyə irad tutmaq düzgün deyil. Azərbaycan da öz məhsulunu başqa ölkəyə ixrac edəndə, həmin bazarda aşağı qiymətlə təklifə çalışır ki, yerli məhsullarla rəqabət apara bilsin.
Digər tərəfdən, ölkəmizdə antidempinq sahəsində müvafiq hüquqi-normativ baza - “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun var. Bu qanun ölkənin iqtisadi maraqlarının müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyir. Həmin qanunun əsas anlayışlara dair 1-ci maddəsində yazılıb ki, malın normal dəyərindən (oxşar malın mənşə və ya ixrac ölkəsinin daxili bazarında adi ticarət dövriyyəsindəki satış qiymətindən) aşağı qiymətə Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilməsinə dempinqli idxal deyilir. Bəli, Azərbaycan kimi ölkələrdə antidempinq siyasəti xüsusən vacibdir. Ona görə ki, bizim bazar kiçik, dempinq siyasəti həyata keçirən potensial ölkələrin sayı çoxdur. Üstəlik, keyfiyyət amili də var. Bütün bunların fonunda isə Azərbaycanda bazarı qorumaq sahəsində hökumətin üzərinə böyük vəzifələr və yük düşür.
Ancaq, burada bir məsələ də var ki, daxili bazarımız real olaraq bir sıra zəruri idxal məhsullarından asılı vəziyyətdədir. Odur ki, antidempinq siyasəti elə həyata keçirilməli, bu sahədə elə mexanizm təşkil olunmalıdır ki, bu, inhisarçılığın güclənməsinə və yerli istehsalın rəqabətqabiliyyətli inkişaf tempindən kənarda qalmasına şərait yaratmasın.
Qısası, sözügedən zavod, bazarın tələblərinə əsasən lazımı səviyyədə yenilənmədiyi, yeni texnologiyalar və əlavə investisiya vasitələrini vaxtında tətbiq etmədiyi üçün bu cür vəziyyətə düşüb. Bu, mənim bir iqtisadçı kimi subyektiv fikrimdir. Əlbəttə, qeyri-neft sektorunda belə bir halın müşahidə edilməsi çox acınacaqlı haldır. Çünki həmin zavodun bağlanacağı təqdirdə xeyli insan işsiz qalacaq. Üstəlik, söhbət region əhəmiyyətli böyük bir müəssisədən gedir. Ölkə daxilində bu cür müəssisələrin fəaliyyəti diqqət mərkəzində saxlanılmalı, ucuz idxalın qarşısı alınmalıdır. Həmçinin, bu cür istehsal obyektlərinin yenilənməsi və texnoloji cəhətdən təkmilləşdirilməsinə, bazarın tələblərinə əsasən fəaliyyət göstərməsinə nəzarət olmalıdlr. Hesab edirəm ki, "Azərsun Holdinq” hökumətə müraciət edərək, müvafiq kredit və ya maliyyə resursları cəlb etməklə, müəssisə yenilənməlidir.
Yazını yazarkən, Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına da nəzər yetirdim: ölkəyə keçən il ərzində ən çox idxal olunan məhsullar sırasına baxdım və şəkərə rast gəlmədim, ixrac edilən məhsullar sırasında isə adı çəkilən məhsul növü var idi ki, ümumi ixracda payı 0,14 faiz təşkil edirdi.
Azvision.az