Ölkənin ən böyük sənaye mərkəzində idarəetmə böhranı yaşanır. Söhbət Sumqayıt Texnologiyalar Parkından gedir. Ölkənin qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən ən böyük layihə hesab olunan Sumqayıt Texnologiyalar Parkından hakimiyyət gözlənilən nəticəni əldə bilmir. Belə ki, böyük ümidlərlə qurulan Sumqayıt Texnologiyalar Parkı ilbəil bazardakı payını itirməkdədir.
STP-dən AzToday.az-a daxil olan məlumatlara görə, texnoparkda keyfiyyətli məhsulların istehsal olunması üçün hər bir şərait yaradılsa da mövcüd idarəetmədəki problemlər, korrupsiya və rəhbər şəxslərin merkantil maraqları dövlətin Sumqayıt Texnologiyalar Parkının potensialından tam şəkildə yararlanmasının qarşısını alır. STP-də çalışan və adının açıqlanmasını istəməyən mühəndisin sözlərinə görə, Sumqayıt Texnologiyalar Parkının imkanlarından heç 20 faiz istifadə edilmir: “Səbəb istehsal prosesində bir gündə olsun işləməyən adamların rəhbərlikdə olmasıdır…”
Qeyd edək ki, rəsmi təbliğat vasitələri Sumqayıt Texnologiyalar Parkını Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən ən böyük layihə kimi təqdim edib. Hazırda özündə 12 zavodu birləşdirən böyük Texnopark 2009-cu il dekabr ayının 22-dən istismara verilib. Bu layihəyə nə qədər investisiya qoyulduğu açıqlanmasa da, bunun 100 milyonlarla ölcülə biləcəyi şübhə doğurmur. Çünki fəaliyyətə başlayan zavodlarda ən müasir, ən son və təbii ki, ən bahalı avadanlıq və texnologiyalardan istifadə edilir. Belə ki, Sumqayıt Texnologiyalar Parkında ”Liebherr”, “Komatsu”, “Hitachi”, “Bomag”, “Borg”, “Mercedes” və s. kimi dünyanın qabaqcıl texnikasından, maşın və mexanizmlərindən istifadə edilir. Hazırda Sumqayıt Texnologiyalar Parkında Kabel zavodu, Polimer məmulatlar zavodu, Elektrik avadanlıqları zavodu, Sendviç panelləri zavodu, Mexaniki amak zavodu, Qaynaq quraşdırma zavodu, Antikorroziya örtükləri zavodu, Aliminium və mis profilləri zavodu, Texniki qazlar zavodu, İnşaat məmulatları sexi və Transformator zavodu fəaliyyət göstərir.
250 hektar ərazisi olan Texnoparkda əvvəllər 4500-dən çox işçi çalışırdı. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan və Cənubi Qafqazda unikal istehsalat kompleksi olan STP-nin, yaxın gələcəkdə ixrac təyinatlı məhsul istehsalı ilə məşğul olan 30 müəssisəni əhatə etməsi planlaşdırılırdı. Yeni zavodlar istifadəyə veriləndən sonra işçilərin sayı 10 min nəfərdən çox olacaqdı.
Əlbəttə, ökədə qeyri-neft sektorunun inkişafı baxımından belə böyük layihələrin həyata keçirilməsi vacibdir. Ancaq təəssüf ki, ölkənin gələcəyi baxımdan böyük əhəmiyyət daşıyan bu layihələrin icrasına məsul olan şəxslər də qanunsuzluqlara, ədalətsizliyə və mənimsəmələrə yol verməklə, bu istehsal kompleksini də məhv etmək üzrədirlər.
STP-də çalışan işçilərin AzToday.az-a verdiyi məlumata görə, on minə yaxın adamın çalışması üçün nəzərdə tutulan texnoparkda kütləvi ixtisarlardan sonra hazırda 1800 nəfər qalıb.
Xatırladaq ki, 2 il əvvəl “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktor vəzifəsinə Emin Yaşar oğlu Məmmədov təyin olunub. AzToday.az-a daxil olan məlumatlar göstərir ki, bu təyinat çox uğursuz olub. Belə ki, STP-nin əvvəlki satış göstəriciləri Emin Məmmədovun “uğurlu” bank menecmenti sayəsində dəfələrlə azalıb. Təəccüblüdür ki, STP-nın istehsal və satış həcminin artırılması üçün dövlət vəsaitlərindən STP-yə böyük həcmdə investisiya qoyulsa da Emin Məmmədovun rəhbərliyi altında nəzərdə tutulan satış göstəriciləri artmaq əvəzinə azalıb.
AzToday.az-a daxil olan məlumatlarda bildirilir ki, Emin Məmmədov istehsalatda heç bir təcrübəsi olmayan şəxsləri STP-də məsul vəzifələrə təyin etdirməsi nəticəsində texnoparkda vəziyyət dözülməz həddə çatıb. Belə ki, Emin Məmmədov STP-yə baş direktor vəzifəsinə təyin olunandan sonra işçilərlə əmək münasibətləri Azərbaycan qanunvericiliyi ilə deyil, baş direktorun qoyduğu şərtlərlə tənzimlənir. Bu isə STP rəhbərliyinə imkan verir ki, STP-də işləyib, təcrübə toplamış işçiləri heç bir təcrübəsi olmayanlarla əvəz etsin. Təbii ki, bu prosesdən STP rəhbərliyi merkantil maraqları üçün yararlanır. Ötən ilin sentyabr-oktyabr aylarından başlayaq STP-dən yüzlərlə əməkdaş müxtəlif bəhanələrlə işdən çıxarılıb.
İşdən çıxarılan işçilərin AzToday.az-a verdiyi məlumatlarda xüsusi ilə bildirilir ki, STP-nin Təhlükəsizlik Departamentinin direktoru Rüfət Ağamaliyev STP-də elə bir şərait yaradıb ki, hansı işçi ona “işverənlik” etmir, onu müxtəlif bəhanələrlə işdən azad etdirir. Bu işdə Rüfət Ağamaliyevin köməyinə Kadrlar Şöbəsinin müdiri Leyla Babayeva gəlir. Leyla Babayeva işçilərə müxtəlif təzyiqlər edir və onlardan işdən azad olunması üçün hədə-qorxu ilə ərizələr alır. Bu iki şəxs STP-də kimi istəyir işə qəbul edir, kimi istəyir işdən azad etdirir. AzToday.az-a daxil olan məlumatlarda bildirilir ki, işçilərə qarşı qeyri-insani davranışları ilə tanınan Leyla Babayeva işə qəbul və işdən çıxarma proseslərindən şəxsi maraqları üçün yararlanır. STP-də işlədiyi 2 il müddətində Leyla Babayevanın böyük varidata sahib olduğu da məlumatlarda öz əksini tapıb.
AzToday.az-a daxil olan məlumatlara görə, STP-də ən böyük maxinasiyalar satış departamentində həyata keçirilir. Belə ki, STP-də istehsal olunan məhsulların təyinatı barədə heç bir anlayışı olmayan Satış departamentinin direktoru Çinarə Əliyevanın rəqəmlərlə maxinasiya etmək sahəsində “uğurlu” təcrübəyə sahib olduğu bildirilir.
Növbəti yazılarımızda STP-də baş verən maliyyə maxinasiyaları barədə geniş məlumat verməyə çalışacağıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. ( AzToday.az)