ABŞ Əfqanıstanda hərbçilərinin sayını iki dəfə azaltmaq niyyətindədir.
Millitv.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Military.com" portalına Pentaqondakı mənbə bildirib.
Mənbə qeyd edib ki, Əfqanıstanda ABŞ və NATO qoşunlarının komandanı general-leytenant Skott Miller 14 min hərbçinin 7 minini vətənə göndərmək niyyətindədir.
Onun sözlərinə görə, Əfqanıstandakı hərbçilərin sayının azaldılması prosesi növbəti 8-12 ay arasında həyata keçiriləcək.
Mənbə, həmçinin qeyd edib ki, xüsusi təyinatlı qoşunlar düşmən mövqelərinə zərbələr endirməyə davam edəcək.
Xatırladaq ki, dekabr ayının sonunda "The Wall Street Journal" qəzeti bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp Pentaqona Əfqanıstandan 7 min hərbçinin çıxarılması üçün plan hazırlamağı tapşırıb. Lakin daha sonra Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Qarret Marki bildirmişdi ki, ölkə rəhbəri Pentaqona bu barədə tapşırıq verməyib və belə qərar qəbul etməyib.
Rəsmi məlumatlara əsasən, hazırda Əfqanıstanda 14 min ABŞ hərbçisi var. Onlar "Taliban" terror hərəkatına qarşı əməliyyatlarda iştirak etməkdən əlavə Əfqanıstan Silahlı Qüvvələrinin təlimləri ilə də məşğul olurlar.
Bundan əlavə, ölkədə 16 min NATO-ya üzv ölkələrin hərbçisi də var. Lakin onlar hərbi əməliyyatlarda iştirak etmirlər və hərbi məsləhətçi rolunu həyata keçirirlər.