Axtarış...

Azyaşlı uşaqların gözü qarşısında DƏHŞƏTLİ QƏTL

Azyaşlı uşaqların gözü qarşısında DƏHŞƏTLİ QƏTL
Sumqayıtda arvadını öldürməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Ramil Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Ramil Şükürov 2003-cü ildə qeyri-rəsmi nikaha daxil olduğu Xəyalə Həsənovadan sonuncunun təşəbbüsü ilə 2016-cı ilin mayında ailə münaqişəsinə görə ayrılıb.

Bununla bağlı onların arasında olan aliment tələbi üzrə iddiaya Sumqayıt şəhər Məhkəməsində baxılıb. 23 sentyabr 2016-cı il tarixli hər ay, hər uşağa görə 117 manat olmaqla, 4 uşaq üçün 468 manat sabit pul məbləğinin Ramil Şükürovdan tutulub, həmin vəsaitin Xəyalə Həsənovaya verilməsi barədə qiyabi qətnamə çıxarılıb.

Bu qətnamə qəbul olunandan sonra Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Elkin Kərimli müəyyən edilmiş alimentin ödənilməsini Ramil Şükürovdan tələb edib.

Qətl planı

Bundan sonra Ramil Şükürov Xəyalə Həsənovadan qisas almaq və onu qəsdən öldürmək qərarına gəlib. O, cinayət əməlini həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləyib.

Ramil Şükürov 4 iyul 2017-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istifadəsində olan "VAZ 2101" markalı avtomobili ilə yaşadığı ev istiqamətində hərəkətdə olan zaman Xəyalə Həsənovanı "Ruzi" marketin yaxınlığında görüb.

Coratda qətl

Bu zaman Ramil Şükürov onu qəsdən bıçaqla öldürmək niyyətini həyata keçirmək üçün yaşadığı evə gedib və evin mətbəxindən bıçaq götürdükdən sonra geri qayıdıb.

Ramil Şükürov geri qayıdanda Xəyaləni Corat qəsəbəsi, C.Cabbarlı küçəsi istiqamətində gedəcəyini zənn edib onu qarşıdan qabaqlamaq üçün həmin küçəyə yollanıb.

Azyaşlı uşaqların gözü qarşısında qətl

Orada Ramil Şükürov Xəyaləni anası Elza Həsənovanın, azyaşlı övladları - 2005-ci il təvəllüdlü Samit Şükürovun, 2008-ci il təvəllüdlü Ədilə Şükürovanın, 2013-cü il təvəllüdlü İbrahim Şükürovun gözləri qarşısında yerə yıxaraq bıçaqlayıb və xüsusi amansızlıqla öldürüb.

Bu zaman Xəyalənin anası Elza Həsənova cinayətin qarşısını almaq istəyib. Ramil Şükürov qadını itələyərək yerə yıxıb. Elza Həsənova da xəsarət alıb.

İstintaq orqanı tərəfindən Ramil Şükürovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Xəyaləyə qaçmaq təklifini elədim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramil Şükürov bildirib ki, Xəyalə ilə 2003-cü ildə iş zamanı mağazalarının birində rastlaşıb: "İşlə bağlı mağazaları gəzirdim. Birdən Xəyaləni gördüm, ondan xoşum gəldi. Bunu bir neçə gün sonra Xəyaləyə dedim. O da məni bəyəndi. Atam və anam ölmüşdü. Toy eləməyə imkanım yox idi. Xəyaləyə qaçmaq təklifini elədim, razılaşdı. Onu qaçırdım. Bir müddət sonra isə öz qohumlarımı da Xəyalənin valideynlərinin yanına göndərdim. Barışıq elan edildi. Evliyimizdən 2 oğlumuz, 2 qızımız oldu. Özüm balıq işi ilə məşğul idim. Balıq tutub, aparıb onu satıb, ailəmi saxlamışam. Xoşbəxt, problemsiz ailəmiz olub. Arada məişət mövzusunda bir-iki problem olurdu. Xəyaləni mağazaya, uşaqların məktəbinə gedib gəlməyə qoymamışam. Sadəcə son illər işimin çoxluğundan hərdən buna şərait yaradırdım. Xəyalə evdar qadın olub, onu heç yerdə işləməyə qoymamışam".

"Qapının açılmasını eşitdim"

Ramil Şükürov qeyd edib ki, bir dəfə evdə yatan zaman telefonu yoxa çıxıb: "Həmin gün işə çıxmamışdım. Evdə yatmışdım, bu vaxt qapının açılmasını eşitdim, yuxudan ayıldım. Telefona baxmaq istədim ki, görüm kimsə zəng edibmi? Telefonumu tapa bilmədim. Xəyaləni səslədim. Gördüm evdə yoxdur. Onda bildim ki, Xəyalə telefonumu götürüb. Evdən çölə çıxdım. Qonşunun telefonu ilə öz nömrəmə zəng elədim. Gördüm məşğuldadır. Təxminən 40-45 dəqiqə dayanmadan öz nömrəmə zəng elədim, baxdım yenə məşğuldadır. Uşaqları qonşudan çıxan gördüm. Onlara analarını tapmalarını tapşırdım. Bir müddət sonra Xəyalə qonşuluqda yaşayan ailəli qızla evə gəldi. Qız bir az oturdu. Bu vaxtı Xəyalədən heç nə soruşmadım. Bir-iki saat keçdi, qonşu getdi. Onda Xəyaləni çağırdım. Ondan harada olduğunu və telefonumla kimlə danışdığımı soruşdum. Xəyalə mənə dedi ki, telefonla o yox, qonşunun qızı danışıb. Bu zaman özümdən çıxdım. Xəyaləyə dedim ki, gedib o qızdan soruşacam. O isə bunun ayıb olduğunu, qıza heç nə deməməyimi xahiş elədi".

"Özünü məhkəmə işçisi kimi təqdim etdi"

Ramil Şükürov bildirib ki, bir gün ona Sumqayıt şəhər Məhkəməsindən zəng gəlib: "Həmin şəxs özünü məhkəmənin icra şöbəsinin əməkdaşı kimi təqdim elədi. Bildirdi ki, Xəyalə məni alimentlə bağlı məhkəməyə verib. Məhkəmə də aliment kimi aylıq 400 manatdan çox pul kəsib. İcraçıya dedim ki, imkanım yoxdur. O qədər məbləğdə pul verə bilməyəcəm. Əslində pulum da olsaydı, ödəmək kimi bir fikrim yox idi. Çünki Xəyaləni öldürmək niyyətimdən əl çəkməmişdim. Gecələr yuxularım qarışırdı, onun xəyanətini həzm edə bilmirdim. Onu harada görsəydim, öldürəcəkdim".

"Xəyalənin mağazaya girdiyini gördüm"

Ramil Şükürov qeyd edib ki, hadisə günü Corat qəsəbəsində keçmiş həyat yoldaşını görüb: "Maşınla keçirdim, Xəyalənin mağazaya girdiyini gördüm. Fikirləşdim ki, həmin gün gəlib çatıb. Tez evə gedib, mətbəx bıçağını götürdüm. Maşını tez sürüb, Xəyalənin atasının evinin qabağına gəldim. Uzaqdan gördüm ki, Xəyalə gəlir. Həmin vaxt gözümü qan bürümüşdü. Bu zaman Xəyalənin anası Elzanın səsini eşitdim. O, qızına "qorxma, qələt edir" dedi. Mən də "düz deyirsən, məndən niyə qorxasan ki?" dedim. Gözümü o qədər qan bürümüşdü ki, heç Elzanın üzünü görmürdüm. Ancaq qulağıma səsi gəlirdi. Xəyaləyə tərəf iri addımlarla getdim, şalvarımın dalından bıçağı çıxartdım. Bıçaqla ona dəfələrlə zərbələr vurdum. Lakin neçə dəfə vurduğumu, hansı yerindən vurduğumu xatırlamıram. Onu öldürdüyümə əmin də ola bilmədim. Çünki özümdə deyildim, oradan necə getdiyimi, haralarda olduğumu bilmirəm".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Şükürov 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Ramil Şükürov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən də apelyasiya şikayəti verilib. Hüquqi varis birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Ramil Şükürovun azadlıqdan məhrum edilməsini istəyib.

5 il həbsxana rejimi, 12 il ciddi rejim

Tərəflərin şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Bu günlərdə hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada tərəflərin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti şikayətləri araşdırdıqdan sonra qərar elan edib. Bu yaxınlarda çıxarılan qərara görə, zərərçəkmiş tərəfin şikayəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, Ramil Şükürova 18 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzasının ilk 5 ilini həbsxana rejimində, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Təqsirləndirilən Ramil Şükürovun apelyasiya şikayəti təmin olunmayıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz