Axtarış...

“Prezidentin 15 illik fəaliyyəti ölkəmizin inkişaf salnaməsinə tarixi töhfə verib” - deputat

“Prezidentin 15 illik fəaliyyəti ölkəmizin inkişaf salnaməsinə tarixi töhfə verib” - deputat

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, iqtisad üzrə elmlər doktoru, professor Eldar İbrahimovun AzNews.az saytına müsahibəsi.
- Eldar müəllim, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməsindən 15 il ötür. 15 illik tarixi yola baxışınız bizim üçün maraqlıdır.

- Keçən əsrin 90-cı illərinin əvvəlində ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycan Respublikasına səriştəsiz rəhbərlik nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində tənəzzül başladı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində tezliklə bu tənəzzülün qarşısı alındı. Əsası Heydər Əliyev tərəfindən qoyulan bu siyasət 2003-cü ildə böyük səs çoxluğu ilə Prezident seçilən İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilir və zamanın tələbinə uyğun olaraq daim təkmilləşdirilir. İlham Əliyevin imzaladığı Regionların inkişafına, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, yoxsulluğun azaldılmasına və digər məsələlərə dair Dövlət Proqramlarının icrasının nəticəsidir ki, ölkəmizin bütün bölgələrinin siması kökündən yaxşılaşıb, yaşayış məntəqələrinin infrastruktur və kommunal xidmətlərlə təminatı səviyyəsi yüksəlib. 2003-cü ilə nisbətən 2017-ci ildə əhalinin orta aylıq əmək haqqı 8,6 dəfə artıb, işsizliyin səviyyəsi 5 faizədək, yoxsulluğun səviyyəsi isə 5,4 faizədək azalıb. 2003-cü ildən keçən dövr ərzində 3000 –dən çox məktəbdə, 500-dən çox məktəbəqədər təhsil müəssisəsində və 650-yə yaxın səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Ümumi daxili məhsil istehsalı 9,8 dəfə artaraq keçən il 70 milyard manatdan çox olub.

- Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən aqrar sisayət barəsində nə deyə bilərsiniz?

- İlham Əliyev cənabları hakimiyyətinin ilk dövründən aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan edib və ölkənin aqrar siyasətinin əsas məqsədinin Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin tamamilə yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsi olduğunu önə çəkib. Bu barədə cənab İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi bütün iclaslarda, digər görüş və müsahibələrində dönə-dönə vurğulayıb və bu istiqamətdə çox böyük əhəmiyyəti olan tədbirlər həyata keçiribdir. Bu düşünülmüş siyasətin nəticəsidir ki, kənd təsərrüfatının ümumi məhsulu 4,5 dəfə artaraq 6 milyard 580 milyon manat təşkil etmiş, kənd təsərrüfatı bitkilərinin əkin sahəsi həmin dövr ərzində 37 faiz artaraq 1 milyon 666 min hektara çatıb. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir.

- Sahibkarlara yaradılan şərait sizcə bu sahənin inkişafında hansı rol oynayır?

- Hörmətli Prezidentimiz aqrar sahədə uğurlu nəticələr əldə etmək üçün İlk növbədə kənd təsərrüfatında çalışan sahibkarlara əlverişli şərait yaradılmasının və onlara dövlət dəstəyinin göstərilməsinin vacibliyini nəzərə alaraq kənd təsərrüfatı məhsul istehsalçılarının 2001-ci ildən başlayaraq torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi müddəti 2018-cü ilin sonuna kimi uzadılıb. Bunun nəticəsində fermerlərin 2001-2017-ci illərdə dövlət büdcəsinə ödəməli olduqları 2 milyard manatdan çox vəsait onların öz sərəncamında qalaraq istehsalın genişlənməsinə yönəldilib. 2007-ci ildən isə əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, mineral gübrələrə görə, habelə toxumçuluğu və damazlıq işini yaxşılaşdırmaq üçün fermerlərə dövlət büdcəsindən subsidiya ödənilir. Bundan başqa kənd təsərrüfatı istehsalçılarına digər istiqamətlər üzrə birbaşa və dolayı subsidiyalar verilir və güzəştlər tətbiq edilir(gömrük rüsumlarından azad olmalar və güzəştlər, və s. güzəştlər). Ölkə Prezidentinin kənd təsərrüfatına və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan insanlara gündəlik qayğısı və diqqəti nəticəsində 2007- 2017-cı illərdə yalnız yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrə və reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən hər il 150-180 milyon manat həcmində subsidiya verilmişdir. Respublikamızda aqrar sahədə yüksək nəticələr əldə edilməsində və kənd təsərrüfatında hər il dinamik artıma nail olunmasında fermerlərə güzəştli kreditlərin verilməsi və onlara müasir texnika və texnologiyaların lizinq yolu ilə güzəştli qiymətlərlə satılması və ya icarəyə verilməsi də mühüm rol oynayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, habelə xidmət və infrastruktur(soyuducu və taxıl anbarı kompleksləri) sahələrinin inkişafına 1 milyard manata yaxın dövlət vəsaiti güzəştli şərtlərlə fermerlərə kreditə verilmişdir.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2005-cı ildən başlayaraq indiyə kimi 40,2 min ədəd kənd təsərrüfatı texnikası və 32 min başa yaxın iri buynuzlu damazlıq heyvan güzəştli şərtlərlə fermerlərə lizinqə verilib. 2005-2017-cı illər ərzində müxtəlif növ kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, mineral gübrələr, damazlıq heyvanlar alınmasına, 9 Regional nümayəndəliyin tərkibində 44 rayon bölməsinin təşkilinə və onlardan 38 rayon bölməsinin müasir infrastrukturla təchiz edilməsinə, təmir emalatxanalarının yaradılmasına, 6 regional logistik gübrə bazasının tikilərək istifadəyə verilməsinə və ASC-nin fəaliyyətinin təşkilinə 1,56 milyard manat büdcə vəsaiti yönəldilmişdir.

- Aqrar sahədə diqqət göstərilən məsələlərdən biri də aqrar sahənin emal sənayesidir. Bu sahədə işlər hansı səviyyədə qurulub?

- Məlumdur ki, müasir şəraitdə aqrar bölmənin emal sənayesini inkişaf etdirmədən kənd təsərrüfatının artımına nail olmaq qeyri mümkündür. Son illər bu istiqamətdə əsaslı işlər görülmüş, respublikamızın bir çox rayonlarında kənd təsərrüfatının inkişafını təmin edən yeni bitkiçilik və heyvandarlıq məhsulları emalı obyektləri, soyuducu və taxıl anbarı kompleksləri və digər emal müəssisələri tikilib istifadəyə verilib, onlar müasir texnologiya ilə təchiz olunublar. Bununla belə daxili tələbat və ixrac potensialı nəzərə alınaraq bəzi məhsulların emalını tam təmin etmək üçün yeni müəssisələrin yaradılmasına ehtiyac vardır. Bu barədə dövlət başçısı İlham Əliyev cənabları Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etmişdir ki, ölkəmizdə cins və damazlıq qaramalın sayının sürətlə çoxalması istiqamətində aparılan işlər yaxın vaxtlarda süd istehsalını xeyli artıracaq. Ona görə də respublikamızda yeni süd zavodları yaradılmalıdır. İclasda 2017-ci ildə ölkəmizdə 10 xalça fabrikinin istifadəyə verilməsinin nəzərdə tutlması ilə əlaqədar 2017-2018-ci illərdə bölgələrdə müasir yun qəbulu məntəqələrinin açılması barədə də göstəriş verilib. Bu məntəqələrin yaradılması həm də onunla əlaqədardır ki, gələn il Sumqayıt şəhərində əyirici-boya fabrikinin açılışı gözlənilir və həmin fabrik iplik istehsalı üçün yerli xammalla təmin edilsin və ixracdan asılılığa son qoyulsun.

- Kənd təsərrüfatında daxili tələbatın ödənilməsi istiqamətində atılan addımlar hansı nəticələrin əldə olmasını şərtləndirir?

- Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyev cənablarının daxili bazarın tələbatını ödəmək və xarici bazarlara çıxmağa dair formalaşdırdığı müasir aqrar siyasətin mühüm istiqamətlərindən biri də ölkəmizdə kənd təsərrüfatının inkişafında iri təsərrüfatların və aqroparkların yaradılmasına xüsusi önəm verilməsidir. Bu isə ölkəmizdə mövcud olan müxtəlif təsərrüfatçılıq formaları içərisində xırda təsərrüfatların xüsusi çəkisinin həddindən çox yüksək olması ilə əlaqədardır. Xırda təsərrüfatlar isə məlum olduğu kimi əhalinin ərzaq təhlükəsizliyini və xarici bazarlara çıxışı təmin etmək üçün lazımi imkanlara malik deyillər. Məhz iri təsərrüfatlarda yüksək məhsuldar bitki sortları və heyvan cinsləri, yeni müasir texnika və texnologiyalar tətbiq etmək üçün əlverişli şərait yaranır ki, bu da əmək məhsuldarlığını artırmağı və rəqabət qabiliyyətli məhsul istehsalını təmin edir. Bu amillər isə daxili bazarı qorumaq və ixrac potensialını artırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də ilk növbədə iri təsərrüfatlar idxaldan asılılıq davam edən məhsullar üzrə yaradılır. Ölkəmizdə əsasən idxaldan asılılıq taxıl, süd və balıq məhsullarınadır. Bunu nəzərə alaraq, hörmətli Prezidentimiz əkin dövriyyəsində olmayan torpaqları cəlb etməklə 50 iri taxılçılıq təsərrüfatları yaradılması tapşırığını verib. Artıq bir neçə rayonda 32 iri təsərrüfatlar fəaliyyət göstərir və yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənirlər. Belə ki, 2012- ci ildə Ağcabədi rayonunda fəaliyyətə başlayan “Qarabağ taxıl” MMC hər hektardan 55-60 sentner buğda və 110-120 sentner qarğıdalı məhsulu əldə edir. Qəbələ, Xaçmaz və digər rayonlarda istifadəyə verilmiş südçülük komplekslərində isə hər inəkdən 6-7 min litr süd sağılır. Belə yüksək məhsuldarlıq hələ respublikamızın tarixində müşahidə olunmayıb və bu təsərrüfatlarının sayının artırılması ölkəmizdə kənd təsərrüfatının intensiv inkişafını təmin etməklə taxıla və süd məhsullarına olan tələbatın yerli istehsal hesabına təmin edilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

Balıq və balıq məhsullarının artırılması və bu məhsullara olan tələbatın yerli istehsal hesabına tam ödənilməsi üçün “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilib və akvakulturanın inkişafını təmin edən maddələr əks olunub. Bunun nəticəsidir ki, 2003-cü ilə nisbətən 2017-cı ildə göl və nohur balıqçılığı ilə məşğul olan təsərrüfatların sayı 15-dən 104-ə çatdırılıb, tutulmuş(ovlanıb) balığın miqdarı isə 107 tondan 707 tona(6,6 dəfə çox) çatıb. 2017-ci ildə respublikamızda adambaşına 6,7 kiloqram balıq istehsal edilmişdir ki, bu da 2003-cü ilə nisbətən 2,4 dəfə çoxdur.

- Aqrar siyasətdə meliorasiya və irriqasiya məsələləri ilə bağlı nə deyə bilərsiniz?

- Kənd təsərrüfatının intensiv inkişafı torpaqların münbitliyi və su ilə təminatı ilə sıx bağlı olduğu üçün ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi müasir aqrar siyasətdə meliorasiya və irriqasiya məsələlərinə də xüsusi diqqət verilir. Dövlət büdcəsinin vəsaiti hesabına “Taxtakörpü” su anbarının, “Taxtakörpü-Ceyranbatan” kanalının, “Vəlvələçay-Taxtakörpü” kanalının” istifadəyə verilməsi, Şəmkirçay su anbarından Goranboy rayonuna kanalın və Neftçala su kanalının tikintisinin davam etməsi, habelə digər layihələrin reallaşması nəticəsində keçən il 31,5 min hektar sahədə suvarılan torpaqların su təminatı və 16,7 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşıb, 71,5 min hektar yeni torpaq sahələrinə suvarma suyunun çatdırılması təmin edilib. Oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin qeyd edib ki: “Bu il biz 100 min hektar torpağa su çatdırmışıq, 270-dən çox subartezian quyusu qazılıb, hələ ilin sonuna kimi 30-da qazılacaq”.

- Ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı davamlı addımlar atılır...

- İlham Əliyevin daim diqqət və nəzarətində olan məsələdən biri də ölkəmizdə yüksək gəlir verən və əməktutumlu ənənəvi kənd təsərrüfatı istehsalı olan pambıqçılıq, çayçılıq, baramaçılıq, tütünçülük, fındıq və sitrus meyvəçiliyi, habelə digər sahələrin bərpası və inkişaf etdirilməsidir. Məhz hörmətli Prezidentimizin bu sahələrə diqqət və qayğısının nəticəsidir ki, unudulub tamamilə sıradan çıxmaq təhlükəsi ilə üzləşən bu sahələrdə son 2-3 ildə əsaslı dönüş yaranıb, bu məhsulların istehsalı dəfələrlə artıb, bu sahələr üzrə Dövlət Proqramları qəbul edilib. Bu sahələrin inkişafını stimullaşdırmaq üçün Prezidentin imzaladığı müvafiq sənədlər əsasında subsidiyalar verilir, alış qiymətləri artırılır və respublikamızın sosial-iqtisadi inkişafına dair keçirilən elə bir görüş və iclas yoxdur ki, İlham Əliyev cənabları bu sahələri dərindən təhlil edib öz tövsiyələrini verməsin.Bu barədə hörmətli Prezidentimiz oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etmişdir ki:”Mingəçevir sənaye parkında 2 böyük iplik fabriki işləyir. Orada 750 insan işlə təmin olunub. Orada işləyənlər əsasən qadınlardır. Bu iplik fabriklərinə 80 milyon dollar sərmayə qoyulub. Bu, bizim ixrac potensialımızı genişləndirirvə biz mahlıcı ipə çevirərəkartıq daha da yalyutatutumlu məhsul ixrac edirik. Bu prosesin davamı olmalıdır ki, biz artıq hazır məhsula da nail ola bilək”. Bununla əlaqədar bir faktı misal çəkmək istəyirəm. Bu ilin yanvar-iyul aylarında ölkəmizdən ixrac edilən bir kiloqram pambıq lifinin qiyməti 1,56 dollar təşkil etdiyi halda bir kiloqram pambıq ipliyinin kiloqramı 2,50 dollar olub və bir emal mərhələsinin artıq aparılması məhsulun dəyərini 60 faiz artırıb. Əgər biz emal prosesini hörmətli Prezidentimizin dediyi kimi hazır məhsula kimi davam etdirsək, o halda məhsulun dəyərini ən azı 2-3 dəfə artıra bilərik. Ölkəmizdə formalaşan aqrar siyasət də məhz bu istiqamətə yönəlib və şübhə etmirik ki, yaxın vaxtlarda Prezidentimizin qarşıya qoyduğu bu məqsədə nail olunacaq, yeni iş yerləri yaradılmaqla unudulmuş bu sahələrdən böyük gəlirlər əldə olunacaqdır.

Ölkəmizdə idxaldan ixraca keçidi təmin etməyə yönəlmiş müasir aqrar siyasətin əsas istiqamətlərindən biri də kənd ərazilərinin sosial simasını kökündən yaxşılaşdırmaqdır. Belə ki, hazırkı şəraitdə kənd ərazilərinin sosial inkişafını təmin etmədən kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafına nail olmaq mümkün deyildir. Bu məqsədlə respublikamızın kəndlərində hər il böyük həcmdə təhsil, səhiyyə, mədəniyyət, rabitə obyektlərinin tikintisi, yaşayış məskənlərinin işıq, qaz, içməli su ilə tam təmin olunması, kəndarası yollara asfalt salınması və digər sosial yönümlü işlər görülür. Onların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

- Eldar müəllim. Kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrların hazırlanması işini necə dəyərləndirərdiniz?

- Kənd təsərrüfatının intensiv inkişafını təmin edən amillərdən biri də yüksək ixtisaslı mütəxəssislərlə yanaşı peşəkar kadrların mövcudluğudur. Belə ki, keyfiyyətli məhsul istehsalını təmin edən yüksək məhsuldarlığa malik texnika və texnologiyalardan səmərəli istifadə olunması üçün xüsusi hazırlıq keçmiş peşə sahiblərinə ehtiyac getdikcə artır. Bunu nəzərə alaraq və eyni zamanda ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi ilə bağlı ilk peşə-ixtisas təhsili müəssisələrində “Pambıqçı”, “Baramaçı”, “Tütün ustası” kimi ixtisaslarla yanaşı, “Suvarma sistemlərinin operatoru”, “Soyuducu qurğularda məhsulların saxlanması və anbarlanması üzrə operator”, “Bitkiçilik mütəxəssisi”, “Aqroservis mütəxəssisi”, “Heyvandarlıq mütəxəssisi” kimi yeni ixtisaslar üzrə kadr hazırlığına başlanıb. Bu tədbirlərin həyata keçirilməsi kəndə və kənd təsərrüfatına marağı artırmaqla yüksək ixtisaslı mütəxəssisləri və peşəkar kadrları aqrar sahəyə cəlb etməyə və məhsul istehsalının səmərəsini yüksəlməyə şərait yaradır.

Bundan əlavə kənd təsərrüfatı məhsullarının idxalından ixracına keçməkdə kənd təsərrüfatı kooperativlərinin yaradılmasının da çox böyük əhəmiyyəti vardır. Bunu nəzərə alaraq respublikamızda “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun qəbul edilmiş və bu Qanuna uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 iyul Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Prezidentinin formalaşdırdığı müasir aqrar siyasət nəticəsində yaxın gələcəkdə ölkəmizdə əsas ərzaq məhsullarına tələbat tamamilə yerli istehsal hesabına təmin olunacaq, sahibkarlarımız yüksək rəqabətə davamlı kənd təsərrüfatı və ərzaq məhsulları ilə xarici bazarlara çıxmaqla dünya ərzaq təhlükəsizliyinə layiqli töhfə verəcəklər. Onu da qeyd etmək lazımdır ki, xarici ölkələrdə Azərbaycan Respublikasının Ticarət evlərinin açılması Azərbaycanın brend məhsullarının xarici ölkələrdə tanıdılması üçün çox böyük əhəmiyyət kəsb edir və respublikamız özünün rəqabət qabiliyyətli aqrar məhsulları ilə xarici ticarəti genişləndirəcəkdir. Bu məhsulların ixracının davamlı olaraq əsaslı surətdə artması onu sübut edir ki, Azərbaycan Prezidentinin aqrar sahədə formalaşdırdığı siyasət öz bəhrəsini verir və ölkəmiz əhalinin yerli istehsal hesabına ərzaq təhlükəsizliyinin təmin edilməsi və xarici ölkələrə ixracın səviyyəsinin artırılması üçün qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirir. Bu da onu göstərir ki, İlham Əliyev cənablarının 15 illik Prezidentlik dövrü, sosial-iqtisadi həyatımızın bütün sahələrində olduğu kimi aqrar sahədə də sözün əsl mənasında dönüş dövrü olub, ölkəmizin inkişaf salnaməsinə tarixi töhfə verib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz