Oktyabrın 9-u Ümumdünya Poçt Günü kimi qeyd olunur.
Ümumdünya Poçt Günü Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranma tarixi ilə bağlıdır. Ümumdünya Poçt İttifaqı poçt əlaqələrini təmin etmək və təkmilləşdirmək məqsədilə 1874-cü il oktyabrın 9-da İsveçrənin paytaxtında 22 ölkənin nümayəndələrinin imzaladığı Bern müqaviləsi ilə beynəlxalq təşkilat kimi təsis olunub. 9 oktyabrın Ümumdünya Poçt Günü kimi qeyd olunması ilə bağlı qərar isə 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində qəbul olunub.
192 ölkəni özündə birləşdirən ümumdünya Poçt İttifaqının baş qərargahı Berndə yerləşir.
Yarandığı vaxtdan ötən illər ərzində çox böyük tarixi inkişaf yolu keçmiş ÜPİ hazırda dünyanın, demək olar ki, bütün ölkələrini özündə birləşdirməklə, təkcə poçt sahəsində deyil, həm də beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilib. ÜPİ həm də siyasi bir təşkilat olmaqla BMT-nin xüsusiləşdirilmiş idarəsi kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993-cü ilin aprel ayında ÜPİ-yə üzv qəbul olunub və hazırda tamhüquqlu üzv kimi fəaliyyət göstərir. Müstəqil ölkə kimi ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, çox sürətli inkişaf yolu keçmiş və öz fəaliyyətinin ÜPİ-nin müəyyən etdiyi beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm uğurlar əldə edib.
Bu il Azərbaycan poçtu öz 200 illik yubileyini qeyd edib. Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci il iyunun 1-də Gəncə şəhərində ilk poçt kontoru açılıb.
1861-ci ildə ilk dəfə olaraq Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt, eləcə də Astarabad limanları arasında dəniz poçt mübadiləsi yaranıb. 1863-1872-ci illərdə İran tranzit ticarətinin müdafiəsi məqsədilə Tiflis və Culfa arasında poçt rabitəsi qurulub. Culfada poçt şöbəsi yaradılaraq, İranla Azərbaycan arasında ilk beynəlxalq məktub mübadiləsi təsis edilib.
Azərbaycanda poçtun dəmiryol nəqliyyatı ilə daşınmasına 9 may 1883-cü ildə Bakı-Tiflis,1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanılıb.
1918-ci il oktyabrın 6-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılıb.
Azərbaycan poçtunun ən çətin və həm də ən şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir ki, bu illərdə xüsusilə poçtalyonların fədakarlığını qeyd etmək yerinə düşərdi. Bu dövrdə poçt işçilərinin üzərinə ikiqat məsuliyyət düşürdü, çünki poçt göndərişlərinin həcminin artması və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edirdi.
XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqilliyi bərpa etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilib. 1997-ci il yanvar ayının 1-dən etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə poçt rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Beləliklə 1997-ci ildə "Azərpoçt” İstehsalat Birliyi kimi işini davam etdirdi. Həyata keçirilən məqsədyönlü tədbirlər və uğurlu kadr islahatları çərçivəsində 1997-ci ilin mart ayında poçt rabitəsinin qısamüddətli "Dirçəliş və inkişaf proqramı” qəbul olunub, dekabr ayında isə "1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası” təsdiq edilib. 1999-cu ildən "Azərpoçt” Dövlət Müəssisəsi kimi fəaliyyət göstərib. Nəticədə 2000-ci ildən etibarən poçt rabitəsi yenidən rentabelli fəaliyyət göstərməyə başlayıb. 2009-cu il avqustun 31-dən isə "Azərpoçt” MMC kimi fəaliyyətini davam etdirir.
Ölkənin milli poçt operatoru olaraq, "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir. Poçt şöbələrinin müasir standartlara uyğun kompüterləşməsi, texniki avadanlıqlarla təchizatı və informasiya texnologiyalarının ən son nailiyyətlərinin bu sahədə geniş tətbiqi göstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına tam təminat verir.
Bununla belə, respublikada milli poçt operatoru olan "Azərpoçt” MMC ilə yanaşı, 60-dan çox özəl poçt operatoru vasitəsilə hüquqi və fiziki şəxslərə sürətli və kuryer poçt xidmətləri göstərilir.
2010-cu ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən milli poçt operatoruna maliyyə xidmətlərinin göstərilməsi üzrə lisenziya verildikdən sonra "Azərpoçt” MMC Beynəlxalq ödəniş sistemləri olan SWIFT-ə, 2011-ci ildən "MasterCard” ödəniş sisteminə, ölkə daxilində isə XÖHKS-ə, AZİPS, HÖP-ə və digər ödəniş sistemlərinə qoşularaq bu sistemlərin imkanlarından istifadə edir.
"Azərpoçt” MMC-nin beynəlxalq sahədəki uğurlarından biri də ÜPİ-nin EMS Kooperativi tərəfindən sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə dünyanın 160-dan artıq poçt operatoru arasında keçirilən yarışlarda "Azərekspresspoçt” RM-nin ardıcıl 9 dəfə qızıl səviyyəli Sertifikatına layiq görülməsidir.
"Azərpoçt” MMC-dən AZƏRTAC-a bildirilib ki, hazırda "Azərpoçt ”MMC-nin 63 poçt filialı, 7 rabitə qovşağı, 4 törəmə müəssisə, 1497 poçt şöbəsi və 83 poçt agentliyi mövcuddur.
Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe, ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızda regional və beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması və Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb. Hazırda Azərbaycan poçtunun ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərməsi sahəsində layihə həyata keçirilir.
Bu məqsədlə "Azərpoçt" MMC və geniş beynəlxalq aviadaşıma imkanlarına malik "Silk Way" aviaşirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb və 2016-cı ilin iyul ayından fəaliyyətə başlanıb. Layihə üzrə dünyanın əsas yük mərkəzi olan Cin Xalq Respublikasında sifariş olunan e-kommersiya məhsulları bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən "Silk Way" Aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilir və "Azərpoçt” MMC tərəfindən poçt kimi emal olunaraq MDB və dünyanın 15 ölkəsinə (ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, Fransa, İran, İsrail, İtaliya, Lüksemburq, Niderland, Rusiya, Türkiyə, Ukrayna) daşınır və çatdırılır.
Eyni zamanda "Azərpoçt”un EMS xidməti ilə Estoniya poçtu arasında bağlanmış müqavilə əsasında ABŞ və Almaniyadan daxil olan EMS göndərişləri "Azərpoçt” MMC üzərindən Rusiya Federasiyasına göndərilir.
Hazırda layihə üzrə fəaliyyətin genişləndirilməsi məqsədilə Çində, Koreya Respublikasında və Sinqapurda ekspress daşıyıcı kimi fəaliyyət göstərən digər şirkətlərlə də danışıqlar aparılır və yaxın zamanlarda daha iri həcmlərdə e-kommersiya məhsullarının Azərbaycan üzərindən xarici ölkələrə daşınması və çatdırılması gözlənilir.
"Azərpoçt” MMC-də 2017-ci ilin ən uğurlu layihəsi "Şəbəkə” xidmət mərkəzlərinin istifadəyə verilməsi olub. 2017-ci il fevral ayının 10-da istifadəyə verilən müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir.
Eyni zamanda, "Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. "Smart Pay” - ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür. "Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın təmin edilməsi və bürokratiya hallarının aradan qaldırılmasıdır.