Məlum olduğu kimi, ölkədə olan problemli kreditlərin həcmi o qədər şişdi ki, sonra ölkə başçısı məsələyə müdaxilə etməli oldu. Ölkədə baş verən iki devalvasiya hadisəsindən sonra dolların qiyməti az qala iki dəfə qalxdı. Bunun da nəticəsində onsuz da çətin maddi durumda olması səbəbindən kredit götürməyə məcbur olan borclular banka iki dəfə artıq məbləğdə pul ödəməkdə çətinlik çəkdilər. Bunun da nəticəsində sonsuz sayda məhkəmə iddiaları qaldırılmalı oldu.
Prezidentin imzaladığı müvafiq fərmandan sonra əhalinin kredit borcları bağışlandı, onların kursdan artıq ödədikləri məbləğlər kompensasiya şəklində geri qaytarıldı. Kompensasiyaların verilməsindəki şəffaflığı təmin etmək məqsədilə proses tam elektronlaşmış formada həyata keçirildi. Vətəndaş yaradılmış saytda öz adını tapıb, ona nə qədər kompensasiya müəyyən edildiyini öyrənə bilir. Proses çox sadədir, vətəndaşa kompensasiya müəyyən edilibsə, deməli, onunla bank arasındakı bütün mübahisələr həllini tapmış olub. Ancaq bizə edilən şikayətlərdən məlum olur ki, ölkəmizdə fəaliyyət göstərən və “hər kəsin bankı” olduğunu bəyan edən “Unibank” kompensasiyaların ödənişi və problemli kreditlərin nizama salınması ilə bağlı məsələdə vətəndaşları qanunsuz pul tələbləri ilə, sözün əsl mənasında, incidir. Bu da ölkə rəhbərliyinin deyilən sahədəki problemlərin aradan qaldırılması istiqamətində atdığı humanist addımlarla daban-dabana ziddiyyət təşkil edir.
Prosesdən növbəti şikayəti “Unibank”ın qanunsuzluqları ilə qarşılaşan Yusifov Rasim Firidun oğlu edir. Şikayətçi vətəndaş yazır: “Cənab Prezidentin problemli kreditlərlə baglı sərəncamından sonra mənə 1181 manat kompensasiya hesablanmışdı. Mən cox gözlədim ki, mənə SMS qələcək, amma bu baş vermədi. Nəhayət, özüm müraciət etdim və şok yaşadım. Bankdan mənə bildirildi ki, “Unibank”a borcum var – 913 manat. Fimsa.az saytından götürdüyüm məlumatdan isə açıq görünür ki, vətəndaşa çatan hissə 1181 manatdır, borca yönəldilən hissə – 00, restruktrizasiyaya yönəldilən hissə – 00. Qeyd etmək istəyirəm ki, belə vəziyyətlə üzləşən təkcə mən deyiləm, buna ancaq “Unibank” KB ASC-də rast gəlinir. Cənab Prezidentin sərəncamında bütün dəbbə və faizlərin silinməsi banklara tövsiyə edilmişdi. Amma “Unibank” nəinki faiz silir, hələ özündən mifik faizlər fikirləsib tapır”.
Qeyd edək ki, bənzər situasiya ilə üzləşənlərdən biri də “Bakı-Xəbər” qəzetinin əməkdaşı Samirə Səfərova olub. Bu problemə bir neçə dəfə toxunsaq da, bank qanunsuz tələblərinin yerinə yetirilməsində israrlıdır. Samirə xanımın üzləşdiyi vəziyyətlə bağlı qısaca xatırlatma verək ki, 2013-cü ilin avqustunda əməkdaşımız “Unibank”dan 3 min manat kredit və min manatlıq “Al kart” götürüb. Bir il aylıq ödənişlərini düzənli etdikdən sonra, 2014-cü ilin iyul ayında yenidən həmin banka müraciət edərək daha min manat kredit götürüb, bu krediti isə ona dollarla hesablayacaqlarını bildiriblər, jurnalist dollarla istəmədiyini dedikdə isə bildiriblər ki, pulu ona manatla verəcəklər. Lakin çox keçmədən, ayda bir neçə dəfə ödəniş etmək həm maddi, həm də fiziki cəhətdən çətinlik törətdiyi üçün banka müraciət edərək, kreditlərinin birləşdirilməsini və beləliklə, ayda bir dəfə ödəniş etməsini istəyib. 2014-cü ilin dekabrında onun kreditlərini birləşdirərək ümumi məbləğin 5 min dollar etdiyini deyiblər (manatla bu məbləğ 3900 manat idi – red.). Bildiriblər ki, hazırda bank manatla kredit vermədiyindən (!), onun da borcunu dollarla sənədləşdiriblər. Əməkdaşımız buna etiraz etdikdə isə deyiblər ki, bunun sizə dəxli yoxdur, siz ödənişlərinizi dollar ekvivalentində manatla edəcəksiniz. Lakin iki ay keçmədən, məsələnin xanım jurnalistə dəxli olub, özü də birbaşa anlamda. Belə ki, 2015-i ilin fevralında devalvasiya baş verib və bankdan əməkdaşımıza zəng vurub deyiblər ki, bundan sonra aylıq ödənişləriniz 160 deyil, 192 manat təşkil edir. Əməkdaşımız banka gedərək buna etiraz edib, bildirib ki, bankdan kreditləri manatla götürüb və onların həmin məbləği dollara çevirməsinə də etiraz edib, lakin onu arxayın ediblər ki, heç bir şey baş verən deyil, o üzdən də ona hansısa şəkildə güzəşt tanınmalıdır. Lakin bankın heç bir yetkilisi onu qəbul etmək istəməyib, sıravi işçilər isə bunun onların səlahiyyətində olmadığını bildiriblər. Əlacsız qalan əməkdaşımız aylıq ödənişlərini əvvəlki qaydada – 160 manatdan ödəməkdə davam edib. Lakin 3 ay belə davam etdikdən sonra bank, ayda 160 manat ödəniş etməsinə və bunu heç bir halda yubandırmamasına rəğmən, onu məhkəməyə verib. Üstəlik, Səbail məhkəməsi də vətəndaşın mənafeyinə etinasızlıq göstərərək bankın xeyrinə addım atıb və aylıq maaşının 50 faizinin (!) bankın xeyrinə tutulması barədə qərar çıxarıb. Ədalət mühakiməsindən əli üzülən S.Səfərova 2018-ci ilin avqustuna kimi ödənişlərini ayda 100 manat olmaqla bu şəkildə edib. Ötən ilin avqustunda isə bankın əməkdaşları yenidən jurnalistə hər gün zəng etməyə başlayıblar. Gündə bir neçə dəfə əməkdaşımıza telefon açan “Unibank” işçiləri onu hər vəchlə inandırmağa çalışıblar ki, gəlib borcunu yenidən hesablatsa, onun üzərindən məhkəmə qətnaməsi götürüləcək. Hətta deyiblər ki, bunu edərsinizsə, sizə yenidən kredit verməyə də hazırıq. Əməkdaşımız bir neçə gün bu zənglərə əhəmiyyət verməyib, bildirib ki, ona heç nə lazım deyil və borcunu eyni şəkildə ödəməkdə davam edəcək. Lakin israrlı zənglər öz işini görüb. Sentyabrın 13-də əməkdaşımız bankın Nərimanov rayonundakı filialına gedib və ona bildiriblər ki, sizə ən aşağı faiz tətbiq olunacaq, cəmi 15 faiz. Məhz bundan sonra məsələnin mahiyyəti əməkdaşımıza aydın olub – sən demə, məhkəmə qərarı qüvvədə olduğu müddətdə bank özünün soyğunçu faiz siyasətindən məhrum qalıbmış! Lakin bu da son deyil. Əməkdaşımız sənədləri imzalayıb qalxarkən digər bank işçisinin qarşısındakı müştəriyə borcunu 7 faizlə (!) hesabladığını dediyini eşidib, lakin “bəs onda mənə niyə 15 faiz” sualı havadan asılı qalıb. Beləliklə, yeni qrafikə əsasən əməkdaşımız ötən ilin sentyabrından ayda 120 manat ödəniş etməyə başlayıb. Bu, Prezidentin problemli kreditlərlə bağlı məlum fərmanı çıxanadək davam edib və o, Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında adının çıxmasını gözləyib. Bank isə bu müddətdə də ondan ödəniş tələb etməyə davam edib. Samirə xanım deyir ki, Palatanın saytında adının çıxması və ona 3451 manat kompensasiya hesablanması sanki çiyinlərindən ağır bir yükü qaldırıb. Təbii, bu iki aylıq müddətdə bankın onun özünə, ailə üzvlərinə, iş yerinə, hətta baş redaktoruna zəngləri ara verməyib. Mayın 15-də telefonuna bankdan gələn SMS isə onu çaşdırıb, çünki burada Palatanın təyin etdiyi 3451 manat kompensasiya məbləği 297 manat azaldılaraq 3154 manat olmuşdu. Bank bunu mart-aprel ayları üçün ödənişlərin olunmaması və gecikmə ilə bağlı əlavə faiz hesablanması ilə izah edib, halbuki, Palatanın əməkdaşımızla bağlı açıqladığı cədvəldə “qalıq borc” qrafasında “0” yazılıb, yəni bu illər ərzində əməkdaşımızın ödədiyi pullar bankın borcunu nəinki tamamilə qapatmağa, hətta artıq ödənilən 3451 manat vəsaitin onun özünə kompensasiya şəklində qaytarılmasına yetərli olub. O halda, yəqin razılaşarsınız ki, “Unibank”ın hər cür fırıldağa əl ataraq insanları özünə borclu çıxarmağa çalışması heç cür anlaşılmır. Bütün bu qanunsuzluqlarla yanaşı onu da bildirməliyik ki, “Unibank” bu müddət ərzində əməkdaşımıza qarşı düz dörd qanunsuz hərəkətə yol verib. Birincisi, onun manatla götürdüyü krediti cəmi ilyarım sonra dollara çevirməklə, ikincisi, MBNP-nin ona kompensasiya şəklində hesabladığı məbləğdən qanunsuz olaraq 297 manat çıxmaqla, üçüncüsü, Prezidentin bərpa etdiyi ədalət sayəsində kompensasiya ödənişindən sonra da daha bir il bir ayda 120 manat ödəniş tələb etməklə, dördüncüsü, müştəri ilə problemə görə onun yaxınlarını və iş yoldaşlarını vaxt-bivaxt narahat etməklə. Biz bu məsələni ictimailəşdirəndən sonra Samirə xanım “Unibank”ın məsul şəxsləri tərəfindən banka dəvət olunub. Aparılan araşdırmalardan məlum olub ki, sən demə, bankın etdiyi ən böyük qanunsuzluqdan bizim xəbərimiz yox imiş. Məlum olub ki, bankın təkidlə Samirə xanımı 2018-ci ildə ora çağırıb dollarla olan borcu manata çevirmək kimi təklifinin arxasında məkrli niyyət gizlənibmiş. İndi bank rəsmiləri özlərini təmizə çıxarmaq üçün izah edirlər ki, sən demə, həmin vaxt aparılan əməliyyatda Samirə xanımın adına yeni kredit müqaviləsi rəsmiləşdirilib. Yəni Samirə xanıma olunan güzəşt, verilən kompensasiya köhnə kreditə aiddir, 2018-ci ildə bağlanan müqaviləyə əsasən isə Samirə xanım banka kreditin faizni ödəməkdə davam etməlidir. Deməli, “Unibank” bilərəkdən vətəndaşı 2018-ci ildə tələyə salıb ki, bu gün Prezident fərmanının ətrafında rahat manevr edib, əhalinin təkrarən cibinə girə bilsin. Artıq görünür ki, bu aqibəti yaşayan çoxlu sayda vətəndaşımız var. “Unibank” niyə belə edir? Olmaya ölkədə yeni kütləvi narazılar ordusu formalaşdırmaq istəyir? Söhbət etdiyimiz bütün ekspertlər bildirirlər ki, bir kredit müqaviləsi üzrə vətəndaşa kompensasiya müəyyən edilibsə, bank ondan əlavə faiz tələb edə bilməz. Ekspertlərin sözlərinə görə, bu cür halları araşdırdıqda məlum olur ki, banklar vətəndaşı aldadaraq onunla yeni müqavilə bağlayıb ki, bu da bankdan yeni götürülmüş kredit anlamına gəlir. Bundan xilas olmaq üçün isə ekspertlər məsələni hüquq müstəvisində həll etməyi tövsiyə edir. Yəni məhkəməyə müraciət edilməlidir.
Məhəmmədəli QƏRİBLİ “Bakı-Xəbər”
P.S. Məqalədə əksini tapan məsələyə “Unibank”ın mövqeyinə dair istənilən həcmdə materialı dərc etməyə hazırıq.