Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilənlər - Kamal Fərhadov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Elçin Aslanovun məhkəməsi keçirilib.
Millitv.az "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə baxış iclası baş tutub.
Prokuror ittiham aktını elan edib. Belə ki, E.Aslanov 2017-ci il mayın 12-də S.Şəfiyevlə birlikdə Qəbələ rayonunda yaşayan Çiçək Məmmədovanın mal tövləsinə gizlicə girərək orada gizləniblər. Bir gün sonra, mayın 13-də Ç.Məmmədova evdən çıxdıqdan sonra tövlədən çıxaraq evə giriblər və oradan 3 min manatlıq qızıl üzük və boyunbağı götürüblər.
Mayın 26-da Elçin, Kamal və Səyavuşla birgə Binəqədi rayonunda yaşayan Azər Məmmədovun evinə giriblər. Onlar yaşlı kişi olan Azərə bıçaqla xəsarət yetirib ayaqlarını "skoç"la bağlayıblar. Daha sonra evdən 2352 manat pul və 3 min manat dəyərində qızıl aparıblar.
İyunun 14-də isə Ramillə Kamal Xətai rayonunda yaşayn Maksimov Yuri Aleksandroviçin evinə girib, onu girov saxlayaraq oradan 13 min manatlıq pul və qızıl aparıblar.
Oktyabrın 22-də Səyavuşla Kamal Bakıda yaşayan Viktor Məmmədovun evinə qonşu adı ilə girib oradan 3375 manatlıq quldurluq ediblər.
İttihama münasibət bildirən şəxslər özlərini qismən təqsirli biliblər. Onlar pulun miqdarının şişirdildiyini deyiblər və bıçaqdan istifadə etmədiklərini, zərərçəkmişlərə fiziki təzyiq göstərmədiklərini deyiblər. Amma quldurluq etdiklərini etiraf ediblər.
Zərərçəkmiş Azər Məmmədov deyib ki, Kamal onun xalası oğludur: "Hadisədən bir-iki həftə əvvəl yoldaşım vəfat etmişdi. Kamal gəlib başsağlığı verdi, sonra getdi. Ardıyca Elçinlə Səyavuş gəldi, uzaq qohumum olduğunu dedilər. Mən də qohumlarla çox əlaqə saxlamadığım üçün əksəriyyətini tanımıram. Nəysə, evə girdilər, yoldaşımın ölümünə görə məni danlamağa başladılar ki, guya mənim günahımdan ölüb. Bu söhbət xoşuma gəlmədi, dedim durun gedin. Üstümə hücum edib məni təpiklə vurub yerə yıxdılar. Elçin ayağımı "skoç"la bağladı, əllərim açıq qaldı. Elçinin əlində bıçaq var idi. Bu vaxt Kamal da evə girdi, başladılar axtarmağa. Tapdıqları şeyləri götürəndən sonra çemodanı mənə verdilər. Orda bir cib var idi, əlimi saldım ki, görüm pulun hamısını götürüblər, ya yox. Ordan 500 manat çıxdı, onlar görməmişdilər. Həmin pulu da məndən aldılar. Amma sənədlərə dəyməmişdilər, hamısı yerində idi. Rəhmətlik yoldaşımın mənə bağışladığı üzüyü də apardılar. İndi də apardıqlarını qaytarmalarını tələb edirəm".
Digər zərərçəkən Yuri Maksimov deyib ki, tanımadığı şəxslər qapını döyüblər, o da açıb: "Qapını açan kimi məni itələyib içəri girdilər. Ağzımı "skoç"la bağlayıb çarpayıya uzandırdılar. Kamal mənim yanımda qaldı, digərləri də evi axtarıb qızılları götürdülər. 12 min 700 manatlıq ziyan vurublar, şikayətçiyəm".
K.Heydərov isə məbləğə etiraz edib: "Mən bu cinayəti törətmişəm, bu da mənim 5-ci məhkumluğumdur. Amma burada Hindistan kinosu qurmaq lazım deyil. Mən o evdən cəmi 3 min dollar götürmüşəm".
Elçin Aslanov isə deyib ki, Azər Məmmədovun evinə Səyavuşla birgə girib: "Sonradan da Kamal gəldi. O evdən 2300 manat çıxdı, kişidən soruşduq ki, xərcliyin var? Dedi olanım o idi. Götürdüyümüz pulun 200-nü kişiyə qaytardıq, dedik "ala xərcləyərsən". Qalanı da adama 700 bölüb getdik. Mənim qızıllardan xəbərim olmayıb. Həm də biz gələndə kişi içkili idi, onu heç vurmağa ehtiyac yox idi, elə özü yıxılırdı".
K.Heydərov deyib ki, 3 cinayətə özü rəhbərlik edib: "Azərin evindən qızılı mən götürüb Səyavuşa verdim, dedim mənim başım çıxmır. Tutulandan sonra da 35-ci bölmənin rəis müavini Kamal müəllimə qaytardıq. Dedik bunu yiyəsinə verin. Amma müstəntiq dedi ki, ekspert rəy verib ki, guya onlar qızıl deyil. Mən də dedim qızıl olub-olmadığını bilmirəm, amma kişinin evindən götürmüşük, özünə qaytarın. Hələ də onu Azərə verməyiblər. Cənab hakim, polisi çağırın, deyin camaatın komplektini özünə qaytarsın.
Viktorun evindən də rubl filan götürməmişik. Cənab hakim, rubl ölü puldur, dollar olan yerdə rublu neynirəm? Sadəcə dollarla manatı götürüb çıxdıq. Rubl götürəni Allah vursun".
K.Heydərov Viktor Məmmədovun evinə girərək yol verdiyi "səhv"dən də danışıb: "Pilləkəni qalxa-qalxa fikrimdə tutmuşdum ki, buna deyim altdakı qonşunam. Viktor 8-ci mərtəbədə qalırdı. Qapını açanda ona dedim ki, 6 mərtəbədə qalan qonşunam, sənin evindən bizə su damır. Bu bədbəxt də demədi ki, 6-ya su 7-dən damar, mənim də fikrimdən çıxmışdı ki, 7 deyim. Nəysə, buna dedik ki, tualetə baxaq. Ora girən kimi dəsmalı götürüb boynuna keçitdim, Səyavuşa dedim bunu saxla. Orada bıçaq, "skoç" filan olmayıb. Viktor elə hamamda sakitcə dayandı, mən pulu götürdüm, getdik".
Proses sentyabrın 26-da davam etdiriləcək.