Onun milli ənənələrə bağlı olan digər bir ziyalı ailəsinə gəlin köçməsi, yəni Heydər Əliyev və akademik Zərifə Əliyevanın gəlini olması, onda belə bir keyfiyyətlərin daha da dərin kök atmasına təsir edir.
Odlar yurdu Azərbaycan ölkəsində hər zaman qadınların fəaliyyəti yaddaşlarda silinməz izlər buraxıb. Yəni, tarixin bütün dönəmlərində Azərbaycan qadını özünün təmkinli, tədbirli, həyat yoldaşına sadiq olması ilə fərqlənmiş, yeri gəldikdə Vətən uğrunda ləyaqətlə vuruşmağı, onu qorumağı özünə borc bilmiş, bir sözlə adını tariximizin şanlı səhifəsinə ləyaqətlə yazdırmağı da bacarmışlar. Bu barədə Azərbaycan tarixində istənilən qədər faktlar var. Bu da bir həqiqətdir ki, Azərbaycanın qədim dövlətçilik tarixində bir hökümdar olaraq Tomrisin adı tariximizə qızıl hərflərlə yazılıb. Əhəmənilər dövlətinin qurucusu Kir Vətənimizi işğal etmək istədikdə, həmin vaxt Tomris işğalçıya qarşı amansız mübarizə aparır və heç bir vəclə Əhəmənilərə imkan vermir ki, onlar Vətənimizi işğal edə bilsinlər. Tarixdən məlumdur ki, şəxsən Tomrisin özü Kirin başını kəsir və işğala da, məhz həmin vaxtdan son qoyulur. Zaman-zaman diplomatiya tariximizdə də, qadınlarımız öz möhürlərini vurublar. Belə qadınlardan biri və ən məhşuru Sara Xatun olub. Bu barədə Azərbaycan tarixində kifayət qədər məlumatlar var. Fətəli xanın Dərbənd qalasında olmadığından istifadə edən düşmənlər qalaya hücuma keçirlər. Həmin vaxt Fətəli xana sadiq olan həyat yoldaşı Tuti Bikə qalada olur. Elə ki, düşmən mənfur niyyətini həyata keçirmək istəyir, o halda Tuti Bikə qətiyyətlə ayağa qalxır, qalada olan hər kəsi səfərbər edir və onu düşmənlərdən qoruyur. Bu Azərbaycan qadınının öz həyat yoldaşına sadiqliyinə, vəfalığına bariz nümunədir. Qaçaq Nəbinin həyat yoldaşı Həcər xanım haqqında da o qədər geniş danışmağa lüzum yoxdur. Çünki, bu qadın hər zaman at belində olmuş və öz həyat yoldaşı ilə birlikdə məzlum xalqın hüquqlarını qorumaq üçün, hətta istismarçılarla olsa belə qanlı mübarizələr aparmışlar. Yaxın tariximizə nəzər saldıqda onu da qeyd edə bilərik ki, istər Böyük Vətən müharibəsi dövründə, istərsə də Dağlıq Qarabağ müharibəsi dövründə Azərbaycan qadınlarından bəziləriı daim ön sıralarda olub, ərən oğullarımızla birlikdə yağı düşmənə qarşı mərdliklə vuruşmuşlar. Arxa cəbhədə olan qadınlarımız isə, cəbhədə vuruşanları istehsalatda və kənd təsərrüfatında əvəz etmişlər, övlad böyütmüşlər, bir sözlə hər cür çətinliklərə və mərhumiyyətlə sinə gəlməyi də bacarmışlar. Bütün bunları ümumiləşdirib belə bir qənaətə gəlmək olur ki, tarixin həlledici dönəmlərində qadınlarımız heç də kişilərdən geri qalmamışlar. Bu gün Azərbaycan Respublikası müstəqillik dövrünü yaşayır, dədə-baba torpaqlarımızın bir hissəsi tapdaqlar altındadır. Belə bir problemin varlığına baxmayaraq, bu gün respublikamız gündən-günə inkişaf edir, çiçəklənir, yeni-yeni uğurlara da imza atır. Əldə olunan uğurların və aradan qaldırılan problemlərin həllində, hər zaman Azərbaycan xanımlarının rolu böyük olub. Hal-hazırda Azərbaycanda demokratik dəyərlərə söykənən dövlət quruculuğunun inkişaf etdirilməsində, həmçinin onun möhkəmlənməsində Azərbaycan Respublikasının birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Əliyeva Mehriban Arif qızı 26 avqust 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, görkəmli yazıçı və ədəbiyyatşünas alim, Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, tanınmış pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadimi, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. O, 1996-cı ildən indiyədək Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor olmaqla bərabər, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor qadın olub. Onun çoxsaylı elmi əsərlərində (3 monoqrafiya 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır. Aida İmanquliyeva 19 sentyabr 1992-ci ildə vəfat edir. Mehriban xanım Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirdikdən sonra, Tibb Universiteinin (əvvəlki N.Nərimanov adına Azərbaycan Tibb İnstitunun ) müalicə-profilaktika fakültəsinə daxil olur. O, hətta verdiyi müsahibələrinin birində peşə seçimini bu cür dəyərləndirir: “Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax bu onun baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası – həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir”. O, həmçinin 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitunu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda çalışır. 2005-ci ildə isə, “Eftanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işini müdafiə edir və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alır. Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurur və hal-hazırda onların Leyla, Arzu və Heydər adlı üç övladları var. Mehriban xanımın ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərə, milli ənənələrə sadiq qalan Azərbaycan ziyalılarının əhatəsində böyüməsi, məhz onun bir şəxsiyyət kimi formalaşmasına, ailə dəyərlərinə sadiq olmasına və s. olduqca təsir göstərir. Onun milli ənənələrə bağlı olan digər bir ziyalı ailəsinə gəlin köçməsi, yəni Heydər Əliyev və tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın gəlini olması, onda belə bir keyfiyyətlərin daha da dərin kök atmasına birbaşa təsir edir. Mehriban xanım aktiv ictimai fəaliyyətə 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayır və 1996-cı ildə isə, Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” “jurnalını təsis edir. O, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilir və həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirir. Mehriban Əliyeva eyni zamanda Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun da prezidentidir. 10 may 2004-cü ildə Heydər Əliyevin doğum günündə təsis edilmiş Heydər Əliyev Fondunun əsas məqsədi, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin sosial-rifah halının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi formalaşmaları işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir. Ötən dövr ərzində Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olmuş və Fondun xətti ilə həyata keçirilən bütün layihələr, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdıır. Mehriban Əliyevanın fəaliyyətində idmanın inkişafına da xüsusi önəm verilir. O, 2004-cü il 28 dekabrda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilir. 21 yanvar 2016-cı ildə “Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri seçilən Mehriban Əliyevaya, Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə, Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə, Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim olunur. Mehriban xanım 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə, partiyanın sədr müavinidir. 2005-ci və 2010-cu illər ərzində o, Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş və həmin seçki dairəsindən lazımi səs toplayaraq deputat seçilmişdir. Milli Məclisin deputatı olduğu illər ərzində atdığı yaddaqalan addımlarından biri də, onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutması və genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsi olub. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır. Azərbaycanın dövlətçiliyi tarixində ilk dəfə olaraq “Birinci xanım” statusunu, məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətimizin həyatına birinci xanım ənənəsini gətirib. Adətən, hər bir ölkənin tarixində birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən isə, kənarda heç bir sahə qalmır. Belə ki, o, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir və atdığı addımlar da rəğbət hissi ilə qarşılanır. Mehriban xanımı ölkə başçısı ilə ictimaiyyət arasında ən mahir əlaqələndirici hesab etmək olar. Onun irəli sürdüyü bir çox təşəbbüslər dövlət və vətəndaş birliyinin təmin edilməsində mühüm rol oynayır. Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində, məhz millətə layiqli xidmət məramı dayanır. Azərbaycanın Birinci xanımı müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə görə, bir çox beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən yüksək mükafatlara da layiq görülüb. Ötən ilin 21 fevralında Azərbaycanıın Birinci xanımı Mehriban Əliyeva prezident İlham Əliyev tərəfindən ölkənin Birinci vitse-prezidenti təyin edilib ki, bu da onun hökumətdə ilk daşıdığı vəzifəsidir və fəaliyyətinin ana xəttini xeyirxahlıq və humanizm təşkil edir. Onun hərtərəfli fəaliyyəti, mədəniyyətimizin tərəqqisi sahəsində gördüyü işlər barədə mətbuatda kifayət qədər açıqlamalar dərc olunub. Bir müddət bundan əvvəl “Şərq-Qərb” nəşriyyatında çap edilmiş “Mehriban Əliyeva– Azərbaycan mədəniyyyətinin hamisi” adlı nəfis tərtibatlı, çoxsaylı fotoşəkillərlə zəngin kitab-albom Mehriban xanımın Azərbaycanın ictimai-siyasi, sosial həyatında fəal iştirakından, mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi sahəsindəki xidmətlərindən bəhs edir. İllüstrativ materiallarla, fotolarla zəngin olan bu kitab iki hissədən və ayrı-ayrı fəsllərdən ibarətdir. Birinci hissənin “Mehriban Əliyeva–Azərbaycan mədəniyyətinin hamisi” adlı birinci fəslində Mehriban xanımın valideynlərindən, ailəsindən, keçdiyi həyat yollarından, aldığı təhsildən, Heydər Əliyev Fondunun prezidenti kimi respublikamızda və dünyanın bir sıra ölkələrində onun rəhbərliyi ilə həyata keçirilən layihələrdən ətraflı danışılır. Azərbaycanın Birinci xanımı uşaqların təhsilini və sağlamlığının qorunmasını öz fəaliyyətinin əsas qayəsi bilir. O, Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən təhsildəki problemlərin həllini özünün başlıca vəzifələrindən biri elan etmiş, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” proqramları çərçivəsində çox böyük işlər görmüşdür. Fondun dəstəyi ilə 2005-2014-cü illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunmuş və bəziləri yenidən qurulmuş, “Təhsilə dəstək” layihəsi çərçivəsində respublika üzrə 20-dən çox uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilmiş, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində respublika üzrə 32 uşaq müəssisəsi əsaslı təmir edilmişdir. Bütün bunlar Mehriban xanımın rəhbərliyi ilə təhsil sahəsində görülən çoxsaylı işlərin kiçik bir hissəsidir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətində səhiyyə sahəsinə də çox böyük diqqət yetirilir. Mehriban xanım 1988-ci ildə “əla” qiymətlərlə bitirdiyi İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin Elmi Şurasının yekdil qərarı ilə 2012-ci ildə bu ali məktəbin fəxri professoru diplomu və Xatirə nişanı ilə təltif olunub. Ulu öndərin adını daşıyan fondun ölkəmizin səhiyyə sahəsindəki xidmətləri çoxdur və bu gün də davam edir. Kitabın “Mehriban Əliyevanın Azərbaycandakı mədəni irsin qorunması sahəsindəki fəaliyyəti” adlı ikinci fəslində, Birinci xanımın mədəniyyətə hamilik sahəsindəki geniş fəaliyyəti əksini tapmışdır. Zəngin və qədim tarixə malik Azərbaycan mədəniyyətinə Mehriban Əliyeva hər zaman qayğı və sevgi ilə yanaşıb. Təsadüfi deyil ki, hər bir mədəniyyət xadimi, mədəniyyətlə əlaqəli şəxslər, Azərbaycan mədəniyyəti ilə maraqlananlar Birinci vitse-prezidenti mədəniyyətimizin hamisi kimi tanıyırlar. Mehriban xanımın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun yaradılması mədəniyyətimizin tərəqqisinə yeni təkan verdi.Təşkilatın əsas məqsədi milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiyası, yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin həyata keçirilməsindən ibarətdir. Mehriban ƏliyevaFondunişini 3 istiqamətə– mədəni tədbirlər, xeyriyyə aksiyaları, naşirliyə yönəltmişdir. “Tarixi mədəniyyət abidələrimizin bərpası və mədəniyyət obyektlərinin inşası sahəsindəki fəaliyyəti” adlı üçüncü fəsildə Mehriban xanımın çoxşaxəli fəaliyyətinin mühüm sahələrindən bəhs olunur. Azərbaycan ərazisində zəngin tarixi keçmişimizi əks etdirən maddi-mədəniyyət abidələri günümüzə qədər gəlib çatmışdır. Onların öyrənilməsi nəticəsində Azərbaycanın yüksək mədəni irsə malik qədim mərkəzlərdən biri olması sübuta yetirilmişdir. Ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, mədəniyyətin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması, yeni mədəniyyət ocaqlarının yaradılması istiqamətində aparılan işlər 2004-2015-ci illər ərzində Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın reallaşdırdığı layihələrdir. Qədim Gəncəmizin tarixinə dair iki abidə Çar Rusiyasına qarşı Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş Cavad xanın məzarının, VII əsrə aid Comərd Qəssabın türbəsinin öz yerində bərpası, məhz Heydər Əliyev Fondunun rəhbərinin təşəbbüsü və köməyi ilə həyata keçirilmişdir. Hazırda bərpa edilmiş, əvvəlki simasına sahib olmuş tarixi abidələrimizin siyahısı kifayət qədər çoxdur. Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondu ulularımızdan bizə yadigar qalmış mədəniyyət incilərimizin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi üçün, məqsədyönlü və konkret fəaliyyət planına malikdir. “Musiqi layihələri” adlı dördüncü fəsildə qədim tarixə malik musiqi mədəniyyətimizin inkişafı sahəsində görülən işlərdən danışılır. Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik muğam sənətinin inkişafı və təbliği, Azərbaycan milli musiqi irsinin hifz edilməsi, dünya incilərinin Azərbaycanda tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur. Heydər Əliyev Fondu daim Azərbaycan xalqının düşüncə sistemində xüsusi yer tutan ali dəyərlərə tapınaraq cəmiyyətin mənəvi cəhətdən saflaşmasına və yüksəlişinə, milli mədəniyyətin yad təsirlərdən qorunmasına yönəldilmiş xoşməramlı missiyanın daşıyıcısıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qədim muğam sənətimizin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, nəhayət, muğamın inkişafı, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə muğam televiziya müsabiqələri keçirildi. Keçirilən müsabiqələrdə əsas məqsəd xalqımızın sərvəti olan muğamın incəliklərini respublikamızda və xaricdə yaşayan azərbaycanlılara aşılamaq, həm də bu sənəti qorumaq, inkişaf etdirmək oldu. İşıq üzü görən kitabın birinci hissəsində söhbət Mehriban xanım Əliyevanın ölkə daxilində gördüyü işlərdən gedirdisə, ikinci hissədə onun mədəniyyətimizin, ölkəmizin dünya miqyasında tanıdılması sahəsindəki fəaliyyətindən bəhs olunur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan mədəniyyəti ilə bağlı reallaşan ilk tədbirlərdən biri Avropa İttifaqının üç vacib qurumundan biri olan Avropa Parlamentinin mənzil-iqamətgahında keçirilmişdir. 2009-cu il noyabrın 10-da Avropa Parlamenti deputatlarının, Avropa İttifaqı təsisatları və Belçika hakimiyyət dairələri rəsmilərinin iştirakı ilə təşkil edilmiş Azərbaycan mədəniyyəti günləri, xalqımızın qədim tarixinə, zəngin mədəniyyətinə, incəsənətinə və mətbəxinə həsr edilmişdir. Tədbir çərçivəsində Azərbaycan mədəniyyətinin müxtəlif nümunələri, o cümlədən musiqi, təsviri incəsənət, xalq sənətkarlığı, folklor, milli rəqs, Azərbaycan xalq mahnıları və muğamları, caz musiqisi və mətbəximiz iştirakaçılara xüsusi təsir bağışlamışdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın müstəqilliyinin ildönümləri ilə əlaqədar dünyanın müxtəlif ölkələrində, o cümlədən Fransanın paytaxtı Parisdə, Rusiya Federasiyasının paytaxtı Moskvada, Vatikan dövlətində, İtaliyanın paytaxtı Romada Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının həmin ölkələrdəki səfirliklərinin dəstəyi ilə keçirilən “Azərbaycan gecəsi” adlı tədbirlər, məhz mədəniyyət və incəsənətimizin dünyada təbliğ olunmasında mühüm rol oynamışdır. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı, təbliği sahəsində görülən işləri bu gün də yazıb qurtarmaq mümkün deyil Çünki onun gördüyü işlər müstəqil Azərbaycanın tərəqqisi, inkişafı yolunda görülən möhtəşəm işlərin ayrılmaz tərkib hissəsidir və dünya ictimaiyyətinin bu barədə məlumatlanmasını ancaq alqışlamaq olar. Mehriban xanım Əliyevanın fəaliyyətindən danışarkən onun bilavasitə təşəbbüsü ilə uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində iri layihələrin həyata keçirilməsindən də söz açmaq lazımdır. Azərbaycanın Birinci xanımı daim uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi çıxış edir. Bir sözlə uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı üçün böyük layihələr həyata keçirilməsinə nail olur. Xüsusu vurğulanası hal odur ki, Mehriban Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə müasir Azərbaycanmızın tarixində təməl yaratmaqla, həm gələcək nəsillər üçün yolun əsas cizgilərini göstərir, həm də hər kəsə nümunə olur. Onu da qeyd edək ki, Mehriban xanımının geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır.
Bütün bunları nəzərə alaraq, respublikamızın ictimai-siyasi həyatında mühüm rol oynayan, atdığı addımları ilə hər kəsə nümunə olan Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, ona həyatda uzun ömür, cansağlığı və gələcək işlərində uğurlar arzulayırıq.
MEDİA MƏLUMAT MƏRKƏZİ (MMM) - nin redaksiyası və kollektivi adından