2 il öncə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkənin birinci vitse-prezidenti təyin edilməsi çox tarixi bir hadisə idi. Zaman da göstərdi ki, bu təyinat, bu etimad çox düzgündür.
"Millitv.Az" oxu.az-a istinadən bildirir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkənin birinci xanımı Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunmasının iki ilinin tamam olmasına münasibətini bildirərkən deyib.
Qeyd edək ki, 2017-ci ilin fevral ayın 21-də ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın ilk birinci vitse-prezideti vəzifəsinə təyin edilib.
M.Qurbanlı sözlərinə davam edərək, bildirib ki, ötən 2 il ərzində M. Əliyeva həm ölkə daxilində, həm də beynəlxalq aləmdə uğurlu siyasi fəaliyyətini bir daha sübut edib:
“Dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərən Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə son bir neçə ildə ölkəmizdə onlarla məscid, ibadətgah və dini ziyarətgah təmir olunaraq xalqın istifadəsinə verilib.
Təbii ki, bu prosesdə Heydər Əliyev Fondu da xüsusi fəaliyyəti ilə seçilib. Fondun dəstəyi ilə bərpa olunan İmam Hüseyn məscidinin istifadəyə verilməsi də milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir. Bu günlərdə Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Gəncədə “İmamzadə” dini kompleksini ziyarət etməkləri dinimizə göstərilən dövlət dəstəyinin bariz nümunəsidir. Dinlərarası, mədəniyyətlərarası münasibətlərin qurulmasında, o cümlədən multikultural dəyərlərin inkişafında göstərdiyi xidmətlərə görə də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva II dərəcəli “Müqəddəs Mələksima Knyaginya Olqa” ordeni ilə təltif edilib. Bu orden Mehriban xanımın fəaliyyətinə verilən böyük dəyərin göstəricisi hesab olunur”.
Onun sözlərinə görə, M.Əliyeva ilk növbədə milli maraqların keşiyində durur: “Onun şəxsi təşəbbüsü ilə milli musiqimizin, ədəbiyyat və poeziyamızın inkişafı ilə bağlı olduqca mühüm proqramlar həyata keçirilir, muğamımızın dünyada tanınması istiqamətində də böyük işlər görülür.
Eyni zamanda, Mehriban xanım sülh və tolenatlığın yayılması, dünyada humanizm dəyərlərinin bərqarar olması üçün müntəzəm olaraq tədbirlər həyata keçirir. O, eyni zamanda, səhiyyə və sosial məsələlərə böyük həssaslıqla yanaşır,talassemiyalı xəstələrin müalicəsinə, o cümlədən bu xəstəliyin profilaktikası üzrə maarifləndirmə ilə bağlı dövlət səviyyəsində aparılan işlərə öz dəstəyini verir. Bununla yanaşı, Mehriban xanım ölkədə idmanın inkişafına da mühüm töhfələr verib.
Məhz Mehriban xanımın sayəsində Azərbaycanda idmanın gimnastika növü xeyli inkişaf edib, ölkəmiz bu sahədə dünyada layiqincə təmsil edilir, Azərbaycan mötəbər beynəlxalq yarışlara evsahibliyi edir. Mehriban xanım təhsil, elm, incəsənət sahələrində mühüm strateji addımlar atır. Təhsilə, elmə böyük dəstək verən Birinci vitse-prezident "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yeni məktəblərin tikilməsinə, təlim-tədris prosesinin inkişafı və təkmilləşdirilməsinə lazımi şərait yaradır.
Mehriban xanım Əliyevanın istər xeyriyyəçilik, istərsə də ictimai fəaliyyətinin əsas istiqamətləri sırasında təhsilin mühüm yer tutması təsadüfi deyil, çünki o, dövlətimizin gələcəyini təhsilin inkişafında görən ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik konsepsiyasına əsaslanır. Bütün bunlar Mehriban xanım Əliyevanın bir insan, şəxsiyyət və dövlət xadimi kimi necə yüksək keyfiyyətlərə malik olduğunu bir daha sübut edir.
Tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyeva müstəqil dövlətimizin inkişafı və tərəqqisinə, milli dəyərlərin qorunub saxlanmasına, xalqın sosial-mədəni inkişafına böyük töhfələr verir və bundan sonrakı fəaliyyətində də bunun şahidi olacağıq”.
Millət vəkili, yazıçı Hüseynbala Mirələmov isə deyib ki, məlum təyinat ölkədə aparılan islahatların məntiqi davamı olmaqla ölkədə yeni bir tarixi reallığa qapı acmış oldu:
“Bu reallığın xarakterini və Azərbaycanın gələcəyi üçün yaratdığı möhtəşəm perspektivləri isə təbii ki, ölkənin birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş şəxsiyyətin mənəvi keyfiyyətləri, Azərbaycan xalqına və dövlətinə olan sevgisi, indiyə qədər daşıdığı bütün vəzifələrdə cəmiyyətimizə, ümumən bəşəriyyətə verdiyi töhfələr əks etdirir. İstənilən yüksək vəzifəli şəxsin təyinatdan sonrakı ilk addımı onun prioritetlərinin, amallarının aynasıdır. Əlbəttə, ilk sözü burada bir qədər şərti səciyyə daşıyır. Çünki, ilklər sırasında cəmi bir addımın da adını çəkmək mümkündür, fəaliyyətin birinci mərhələsində görülən yüzlərlə işi də sıralamaq olar.Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi atdığı ilk addımlara gəlincə isə o, yeni vəzifəsinin icrasına məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasından, eləcə də 2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin yüksək texnologiyalı protezlərlə təmin edilməsindən başlandı.Bununla da göstərdi ki, o, cəmiyyət üçün ən ağır görünən problemlərin üstünə gedəcək. Sosial məsələlər hər zamankı kimi bundan sonra da onun üçün əsas olacaq. Onun rəhbərliyi ilə yerinə yetirilən layihələrin təsirini vətəndaşlar öz gündəlik həyat və məişətlərində birbaşa şəkildə duyub hiss edəcəklər”.
Millət vəkilinin bildirdiyinə görə, artıq aradan 2 il müddət ötüb:
“Tarix kimi yanaşanda o qədər də böyük müddət sayılmaz. Amma bu 2 il Azərbaycan həyatında böyük bir tarix kimi yaşanıb, əslində... Qısa müddətdə ölkə və cəmiyyət həyatında o qədər böyük dəyişikliklər baş verib ki, əgər bunlar reallıq kimi ortada olmasaydı, onların hər biri üçün, bəlkə də onilliklərin lazım gəldiyini düşünərdik.Bu iki ildə çox şeylər dəyişib...
Azərbaycan həyatında müsbətə doğru çox hadisələr baş verib və bu dəyişikliklər günü bu gün də davam etməkdədir. Dəyişməyənlərsə, prezidentin qarşıya qoyduğu milli hədəflərdir. Bu hədəflərə münasibətdə göstərdiyi prinsipiallıqdır. Azərbaycanın uğur yoludur. Xalqla hakimiyyətin vəhdətidir. İnsanlarımızın cənab İlham Əliyev, Mehriban xanım Əliyeva şəxsiyyətinə dərin rəğbətidir. Ölkənin və xalqın maraqlarının daim üstün tutulması, xeyirxahlıq, mərhəmət, insanlara sevgi onlar üçün bir həyat normasıdır.Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın fəaliyyətini də bu norma müəyyənləşdirir. O, Azərbaycana xidmət edərək üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Əsl vətəndaşlıq nümunəsi ortaya qoyur”.
Digər millət vəkili Eldəniz Səlimov da hesab edir ki, M. Əliyevanın son 2 illik fəaliyyəti bir daha 21 fevral 2017-ci il sərəncamının, təyinatının nə qədər doğru və düzgün olduğunu təsdiqlədi. Millət vəkili qeyd edib ki, bir daha təsdiqlənmiş oldu ki, ölkə prezidentinin seçimi, qərarı yerində və zamanında olan bir seçim, bir qərardır:
“Ümumiyyətlə, Mehriban xanım Əliyeva siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharətlə və ustalıqla gəlir. İstər Heydər Əliyev Fondunun rəhbəri, istər millət vəkili, istər UNSESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, istərsə də birinci vitse-prezident kimi Mehriban xanım üzərinə götürdüyü missiyanı və üzərinə düşən işləri, vəzifələri çətinliyindən, asanlığından, sadəliyindən, mürəkkəbliyindən asılı olmayaraq, hamısını şərəf və ləyaqətlə, uğurlu və layiqincə yerinə yetirib, bu gün də bu şərəfli, Azərbaycan xalqı və dövləti naminə xidmət missiyasınıa davam etməkdədir. Mehriban xanım ölkə prezidentinin həyat yoldaşı olmaqla yanaşı, həm də onun ən sadiq və ən sədaqətli silahdaşıdır. Onlar qoşa qanad kimi yorulmadan böyük şövq və əzmlə Azərbaycan xalqının və artıq 28-ci ilini yaşayan ikinci müstəqil Azərbaycan dövlətinin inkişafı, intibahı, tərəqqisi, çiçəklənməsi üçün birlikdə çalışır və fəaliyyət göstərirlər. Nəticələr, nailiyyətlər, uğurlar da göz önündədir, sayı bir deyil, iki deyil, onlarla, yüzlərlədir. Bunlar da məhz deyildiyi kimi, Mehriban xanımla cənab prezidentin birgə fəaliyyətinin, birgə əməyinin, birgə zəhmətinin nəticəsidir. Bu yerdə onu da xatırladım ki, 21 fevral 2017-ci il təyinatından cəmi bir neçə gün sonra “Rossiya 1” telekanalının “Vesti nedeli” proqramına müsahibəsində yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət barədə danışan Mehriban xanım belə demişdi: “Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”. Həmin dövrdən bu günə qədər olan titanik fəaliyyət də məhz bu etimadın tam doğrulduğuna əyani sübut və nümunədir.
Azərbaycan cəmiyyəti də bunun şahididir. Bu baxımdan, hər kəs bir daha inanır ki, Mehriban xanım hazırda qüdrətli, nüfuzlu dövlətə çevrilmiş Azərbaycanın gələcək inkişafı, xalqımızın firavanlığı naminə çoxşaxəli fəaliyyətini bundan sonra da əzmlə davam etdirəcək, növbəti uğurlarına, zəfərlərinə imza atacaq. Mehriban xanıma bundan sonrakı fəaliyyətində də uğurlar və uğurlar arzu edirik”.