Hacıqabulun ömürlük icra başçısı olacağını zənn edən Əhməd Muxtarov deyəsən, son proseslərdən məlumatsızdır.
Söhbət artıq gənc, oliqarxlaşmayan kadrların önə çəkilməsindən gedir. Misal üçün Şamaxı icra başçısı Tahir Məmmədovun təyinatı növbəti faktdır.
Amma Ə.Muxtarov işindən azad olunacağı qorxusu ilə yaşamır. Ona görə işləmək o qədər də maraqlı deyil.
Cahan.info xəbər verir ki, buna şahid olmaq üçün Hacıqabul İcra Hakimiyyətinin feysbukdakı rəsmi səhifəsinə nəzər yetirmək kifayətdir.
Səhifədə rəsmi xəbər yayılıb ki, icra başçısının Bürvənd kəndində növbəti səyyar qəbul-görüşü keçirilib. Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər. Stop!
Fotodan görünür ki, hamı rəsmi geyimdədir, idarə işçiləridir, büdcə təşkilatlarının üzvləri iştirak edir və bir Bürvənd kənd sakini görmək olmur. Bunu şərhə də sakinlərdən biri yazaraq fikrini bildirib.
Guya Ə.Muxtarov əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alınıb.
Amma tədbirdə bir kənd sakini iştirak eləmir ki, icra hakiminə dərd-sərini söyləsin. Məgər prezident Ə.Muxtarovu təyin edib ki, idarə müdirlərini başına toplayıb iclas keçirsin?!
Bax belə münasibətin, yalançı tədbirlərin ucbatından vətəndaşlar problemlərini deməyə söz tapmır, çarəsiz qalaraq prezidentə və mətbuata müraciət edirlər.
Ə.Muxtarov camaatdan qaçmasaydı, xalqın içində olsaydı, kənd sakinlərini bir-bir dinləyib problemlərinin həllinə tapşırıq versəydi, bu tragikomik şərait yaranmazdı.
RİH-nin feysbuk səhifəsində digər səyyar görüşlər barəsində də belə yalan məlumatlara rast gəlinir. İcra başçısı məmurları başına toplayıb kənd sakinləri adı ilə onlarla görüşür.
Ümumiyyətlə, dəyişiklik növbəsi çatan rayonlardan biri Hacıqabuldur. 12 ildən çoxdur ki, bu rayona başçılıq edən Ə.Muxtarov Hacıqabulda əlini ağdan qaraya vurmayıb.
Bu müddətdə rayonda inkişaf getməyib, büdcə pulları abadlıq-quruculuq işləri adı ilə mənimsənilib. Yolların asfaltlanmasına ayrılan xərclər yeyilib, kanalizasiya sisteminin qurulmasınas yönələn maliyyə korrupsiyaya uğrayıb.
Hacıqabula gedən hər kəs şahid olar ki, rayonda görüntü xatirinə bir kosmetik abadlıq işləri də görülməyib. Məsələn, park sala, bir-iki abadlıq işləri həyata keçirilə bilərdi.
Cahan.info xəbər verir ki, "Son illər dövlət büdcəsindən "Regonların iqtisadi inkişafı proqramı" çərçivəsində ən çox maliyyə vəsaiti ayrılan rayonlardan biri də Hacıqabuldur. Bu rayonun iqtisadi inkişafı əsasən səneyi və kənd təsərrüfatı sahələri üzrə olsa da, ortada ciddi bir nəticə yoxdur".
Bunu Qlobal.az-a ünvanladıqları müraciətdə rayon sakinləri qeyd ediblər. Onlar deyirlər ki, rayona 2006-ci ilin mart ayından Əhməd Muxtarov rəhbərlik edir.
12 ildir ki, rəhbərlik etdiyi rayonda heç bir uğura imza ata bilməyən Muxtarovla bağlı son illər narazılıqlar da artır.Rayon sakinləri ölkə başçısına və müvafiq dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlayıblar:
“Xüsusən də pambıqçılığın inkişafı ilə bağlı verilən tapşırıqlar və ayrılan maliyyə vəsaitləri ünvanı üzrə xərclənmədiyi və ya səmərəsiz xərcləndiyi üçün bu sahədə də heç bir nailiyyət əldə olunmayıb.
Hətta 07 sentyabr 2018-ci il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin Akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 mart 2018-ci il tarixdə Bərdə rayonunda "Pambıqçılığın inkişafı məsələləri”nə dair keçirilmiş respublika müşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar "Sahələrin məhsul yığımına hazırlanması və yığımın təşkili” mövzusunda rayon müşavirəsi də problemlərin aradan qaldırılmasına kömək etməyib”.
Sakinlər deyirlər ki, həmin tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov da iştirak edib və ölkənin ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi, pambıqçılıqla yanaşı baramaçılığın və heyvandarlığın inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb:
“Müşavirədə çıxış edən Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov, Respublika Bitki Mühafizə mərkəzinin rəisi Damət Sultanov, "Aqrolizinq” ASC, "MKT İK” və "P Agro” MMC-lərin rəhbərliyi pambıqçılığın inkişaf perspektivləri haqqında, intensiv texnologiyalar, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri barədə məlumat veriblər.
Bu rəsmi xəbəri tirajlayan və işini bununla bitirən İcra Hakimiyyəti və yerli qurumlar bu günə qədər olan nəticələrdən və uğurlardan danışa, eyni zamanda ortaya inkişaf adına heç bir uğurlu nümunə qoya bilməyiblər”.
Bütün bunların əvəzində Əhməd Muxtarovun adı müxtəlif qalmaqallarda hallanıb: "Bu hadisələrin qısa xronikasına diqqət etsək, Hacıqabulla bağlı problemlər əsasən də korrupsiya, məmur özbaşınalığı və iqtisadi geriləmələrin olduğu aydın ortaya çıxar.
Maraqlı məqam odur ki, bu məlumatların əksər hissəsi əsasən aidiyyatı dövlət qurumlarının apardığı yoxlamalar və müşahidələrə, həmçinin rayon icra hakimiyyətindən sızdırılan məlumatlara əsaslanır.
İllər öncə mediada sakinlər iddia edirdilər ki, 68000 nəfər əhalisi olan rayona rəhbərlik edən Muxtarov rayonu köməkçisi və sürücüsünə həvalə edib".
Sakinlər bildirirdilər ki, icra başçısının köməkçisi Afiq Kərimov və sürücüsü Elçin rayonda "at oynadır". Onlar yaxın qohumlarını işə düzəltməklə yanaşı, həm də bəzi səlahiyyətlər də veriblər.
2018-ci ilin may ayında Muxtarovun adı Hacıqabul rayonunda inşa edilmiş Türk Şəhidliyinin lövhələrini sökməklə gündəmə gəldi. Bu barədə isə Musavat.com saytı məlumat yaydı.
Məlumatda qeyd olunur ki, 1918-ci ildə Türkiyədən Azərbaycana, daha sonra isə Bakıya gələrək Azərbaycan xalqını erməni-bolşevik zülmündən qurtaran Qafqaz İslam Ordusunun qəhrəman əsgərlərinin şərəfinə inşa edilmiş Türk Şəhidliyinin lövhələri sökülüb.
“Hadisənin nəyə görə, hansı səbəbdən baş verdiyi isə açıqlanmadı. İcra Hakimiyyəti bu məlumatı da cavablandırmağa "özünə rəva görmədi". Halbuki Hacıqabul rayonunda Türk şəhidliyi Azərbaycan tarixinin ən parlaq bir səhifəsini özündə ehtiva edir. Lövhə 2017-ci ilin 31 mart tarixində açılıb.
Həmin zaman Qubalı-Baloğlan kəndində səfirlik tərəfindən qəbirlərin üzərində ucaldılan abidənin açılışına Türkiyənin Azərbaycan səfir Erkan Ozoral, hərbi ataşe general Zəfər Ocak, Hacıqabul icra başçısı Əhməd Muxtarov, səfirlik işçiləri və kənd sakinləri qatılıb", - sakinlər yazırlar.
RİH-nin mövqeyini dərc etməyə hazırıq.
Cahan.info