\
"Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyinatından sonra DGK-da hələ sabiq sədr Aydın Əliyevin zamanında mövcud olan problemlər, vətəndaşların ciddi narazılığına yol açan əyrintilər nəinki öz həllini tapmayıb, əksinə onların sırasına yeniləri də əlavə olunub. Elə buna görə də Səfər Mehdiyevin DGK sədri kimi fəaliyyətinin arzuolunan səviyyədə olmadığını demək mümkündür” – bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.
Məqalədə daha sonra deyilir: "Düzdür, mətbuatda Dövlət Gömrük Komitəsi ilə bağlı vətəndaşların şikayətləri əsasında hazırlanmış, konkret faktlara əsaslanan yazılardan sonra adıçəkilən qurumun yetkili şəxsləri DGK-ya yaxınlığı ilə seçilən sayt, xəbər portalları vasitəsiylə dərhal bəsit və standart cümlələrlə deyilənləri təkzib etməyə çalışırlar. Lakin Dövlət Gömrük Komitəsinin bununla bağlı yaydığı informasiya heç də hər zaman inandırıcı görünmür. Çünki məşhur atalar sözündə də deyildiyi kimi, görünən dağa bələdçi lazım deyil. Odur ki, yolu azı bir dəfə gömrük keçid məntəqələrindən düşən, yəni ölkəyə bu və digər məhsul idxal, ya da ixrac edən, əsasən də Azərbaycana avtomobil gətirən şəxsə Səfər Mehdiyevin tabeçiliyində çalışan gömrükçülərin hansı oyunlardan çıxdıqları, onların sadə vətəndaşlara, o cümlədən kiçik və orta sahibkarlara, hətta bəzən daha iri iş adamlarına qarşı sərgilədikləri münasibət, bir sözlə gömrükdə yaşanan arzuolunmaz mənzərə ən incə detallarınadək bəllidir.
Məhz elə buna görədir ki, Dövlət Gömrük Komitəsinin rəsmiləri qurum haqda mətbuatda yayımlanan tənqidi materialları nə qədər təkzib etməsə çalıssalar da, onların fikirləri konkret faktlar qarşısında olduqca cılız görünür".
Daha sonra məqalədə DGK rəhbəri ilə bağlı müəmmalı məqamlara toxunulur: "Əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan, adıçəkilən qurumdakı ən mühüm və gəlirli postları məhz həmyerlilərinə həvalə edən Səfər Mehdiyevin keçən ilin avqust ayının 30-da Masallı, Lənkəran, Yardımlı və Lerik rayonlarından olan vətəndaşları, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünlərlə görüşü zamanı xoşagəlməz olay yaşanıb.
Bir məqamı da nəzərinizə çatdıraq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev yerli KİV-lərin birinə müsahibəsində bildirib ki, son dövrlərdə gömrükdəki bəzi neqativ halları ictimailəşdirməklə, hətta sosial şəbəkələrdə adıməkilən quruma təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edirlər.
"Amma onlar bizi ruhlandırır" deyən DGK sədri onu da qeyd etmişdi ki, əgər hər hansı gömrük məmuru ilə bağlı xoşagəlməz hadisə və yaxud rüşvət, korrupsiya ilə bağlı iddiası varsa, buyurub məhkəmələrə müraciət edə bilərlər: "Biz də onlara tam dəstək verəcəyik. Bizim işimiz budur, şəffaflığı təmin etmək, bu sistemə, bu dövlətə xidmət etmək".
Əfsuslar olsun ki, hazırda gömrük sistemində yaşanan arzuolunmaz mənzərə Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri kimi fəaliyyətini müsbət qiymətləndirməyə imkan vermir. “Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadənin üzləşdiyi problem və bunun nəticəsində iş adamının intihara əl atması deyilənlərin təsdiqindən başqa bir şey deyil. Və burada qərəz axtarmağın özü ən böyük qərəzçilik, ədalətsizlikdir. Çünki MMC-nin direktoru özü mətbuata verdiyi açıqlamasında konkret olaraq gömrük əməkdaşlarını ittiham edir. Eyni zamanda, yuxarıda sadalanan digər faktlar da Dövlət Gömrük Komitəsində neqativ halların olduğundan xəbər verir.
Məhz bu da öz növbəsində, Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinin tabeçiliyində bir departament kimi fəaliyyət göstərməsi ilə bağlı ekspertlər tərəfindən səsləndirilən çoxsaylı təkliflərin reallığa çevrilməsini aktuallaşdırır. Odur ki, Səfər Mehdiyev rəhbərlik etdiyi gömrük sistemində ciddi islahatlar aparmalı, qurumu həmyerlilərinin - Nehrəmlilərin nəzarətindən çıxarmalı, vətəndaşların Dövlət Gömrük Komitəsi ilə bağlı şikayətlərinə qulaq verib onların həllinə çalışmalıdır. Əks halda, ölkə əhalisinin gömrük sistemindən artan narazılığı onun acı sonunu gətirə və sələfi Aydın Əliyevin taleyini yaşaya, vəzifəsini itirə bilər".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.
Mənbə DİA.az