Axtarış...

DESFA-nın səhmlərinin 66%-i 535 mln. avroya satılıb

DESFA-nın səhmlərinin 66%-i 535 mln. avroya satılıb

Yunanıstanın qaz-nəqliyyat sisteminin operatoru DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı müqavilə imzalanıb.



"APA-Economics" "RİA Novosti"yə istinadən xəbər verir ki, Yunanıstanın Dövlət Əmlakının İdarə olunması üzrə Fondu (HRADF) bəyan edib ki, DESFA-nın 66%-lik səhm paketi 535 mln. avroya Snam, Enegas İnternacional and Fluxys" şirkətlərinin daxil olduğu "SENFLUGA Energy İnfrastructure Holdings S.A"ya satılıb. Səhm paketinin 31%-i HRADF-a, 35%-i isə "Hellenic Petrolium"a məxsusdur.



Qeyd edək ki, bundan əvvəl 2013-cü ildə keçirilən tenderdə bu səhm paketi üçün 400 mln. avro təklif edən SOCAR şirkəti qalib olub. Amma 2016-cı ildə Avropa Komissiyasının nəzarət paketinin qeyri-avropa şirkətinə satılmasını qadağan etdiyindən razılaşma ləğv edilmişdi.



"Səhmlərin satışı ilə bağlı müqavilə Hesablama Palatasının təsdiqindən və Rəqabət Komissiyasının razılığından sonra imzalanıb. Bu ilin sonuna kimi razılaşmanın bağlanacağı gözlənilir".



Fond tenderin investorların ciddi marağına səbəb olduğunu bəyan edib: "Özəlləşdirmə proqramının nəticəsində 251,28 milyon avro məbləğində gəlir əldə edilib. Bundan başqa, DESFA-nın biznes-planı 2023-ilə qədər 330,66 milyon avro məbləğində investisiya layihəsinin reallaşdırılmasını nəzərdə tutur".



Qeyd edək ki, qalib konsorsiumda əsas rolu İtaliyada fəaliyyət göstərən "Snam" şirkəti (50%-lik iştirakla) oynayır. Trans Adriatik qaz kəmərinin (TAP) səhmdarı olan "Snam" bütün Avropa üzrə qaz boru kəmərinin operatorudur. İspaniya şirkəti "Enegas SA"nın törəmə şirkəti olan "Enegas İnternacional" qaz infrastrukturunun (yeraltı qaz anbarı və LNG zavodlarının) inkişafı, tikintisi, saxlanılması və istismarı ilə məşğul olur. Bu şirkət də TAP layihəsində iştirak edir.



Konsorsiumda 16,7% paya sahib "Fluxys S.A" Belçikanın müstəqil qaz infrastrukturu qrupu olaraq Avropa bazarında fəaliyyət göstərir və TAP layihəsində iştirak edir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz