“Skyscanner” saytı dünyanın müxtəlif ölkələrində 2 həftəlik istirahətin orta qiymətini hesablayıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan maliyyə baxımından daha cəlbedici və səyahət üçün daha maraqlı ölkələrin sırasında yer alır.
Siyahıya görə Azərbaycan 23 istiqamət arasında 6-cı yerdə qərarlaşıb.
Səyahət qiymətinə aviabiletlərin qiyməti, oteldə və ya kirayə qalma xərcləri və gündəlik xərclər daxildir.
Orta göstərici olaraq yetkin yaşlarında olan iki nəfərin iki həftəlik səyahəti, hotel otağında və ya mənzildə birgə qalması, yerli kafelərdə qidalanması, ara-sıra restoranlarda nahar və ya şam yeməyi etməsi əsas götürülüb.
Rusiyadan Azərbaycana iki həftəlik səyahətin ümumi məbləği 1616 ABŞ dolları olaraq qiymətləndirilir. Səyahət məbləğinin 426 dolları aviabiletlərin alınması, 1190 dollar isə ölkədəki səyahət xərclərinin (hoteldə qalma, nəqliyyat, qidalanma və s.) payına düşür.
Ölkəmizə səyahət üçün ən çox xərc tələb edən ayın avqust olduğu göstərilir: iki nəfərin gündəlik büdcəsi 85 ABŞ dolları təşkil edir, onlardan – 35 dolları otel və ya mənzildə qalma, 32 dolları qidalanma, 18 dolları nəqliyyat və əyləncə xərclərinin payına düşür.
Qeyd edək ki, siyahıda birinci yerdə Belarus, ikinci pillədə isə Moldova qərarlaşıb.