Axtarış...

Pandemiyanın yaratdığı fürsət: “Separatçılar zərərsizləşdirilə bilər” - TƏHLİL



Müharibələrin tarixi elə bəşəriyyət qədər qədimdir. Tarix boyunca müxtǝlif dövlətlǝr arasında saysız-hesabsız münaqişələr baş verib.

Lakin hələ də bu münaqişələrin bir çoxu həllini tapmayıb. Ermənistanın Azərbaycana ərazi iddiası və hərbi təcavüzü ilə başlanmış Dağlıq Qarabağ münaqişəsi 30 ildən çoxdur davam edir.

Suriyada 2011-ci ildə başlanmış vətəndaş müharibəsi səngimək bilmir. Buradakı müharibə hökumət qüvvələri, Avropa Birliyi ölkələri, Rusiya, İran, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedir. Türkiyə öz təhlükəsizliyini qorumaq üçün Suriyada antiterror əməliyyatları aparır.

Ukraynanın Donbas bölgəsində də vəziyyət gərgindir. Rusiyameyilli qüvvələrlə Ukrayna ordusu arasında 2014-cü ilin aprel ayından başlanan savaş davam edir.

Maraqlıdır, postpandemiya dövründə siyasi münaqişələrin taleyi necə olacaq?

Politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında bildirib ki, bu proseslərdə təkcə münaqişə tərəflərinin deyil, həmçinin qlobal güclərin maraqlarını da nəzərə almaq lazımdır:

"Koronavirus hadisəsi bir çox ölkələri özünə qapatdı. Sərhədlər bağlandı. Ayrıca siyasi münaqişələrdə təkcə münaqişə tərəflərini deyil, bilavasitə bu münaqişəni yaradanların, bu prosesdə geosiyasi maraqlar güdən qlobal güclərin də maraqlarını nəzərə almaq lazımdır. Maraqlıdır ki, koronavirus dövründə bu siyasi münaqişədə tərəflərin havadarları olan ölkələrin də başları özlərinin daxili problemlərinə, COVID-19 virusuna qarışıb. Bu günlərdə demək olar ki, virusa ən çox yoluxma və ölüm halları ABŞ-da baş verir. Paralel olaraq postsovet məkanında olan münaqişələri süni surətdə yaradan və bu günə kimi idarə edən Rusiyanın da daxilində koronavirus pandemiyası vüsət alıb və bu prosesin hara qədər inkişaf edəcəyi bəlli deyil. Bu gün Rusiyanın da başı öz daxili problemlərinə və koronavirusla mübarizəyə qarışıb".

Politoloqun sözlərinə görə, postsovet məkanında və Dağlıq Qarabağ məsələsində münaqişə tərəfləri baş-başa qalıb:

"Hərbi əməliyyatlar başlasa Ermənistan Azərbaycanla baş-başa qalacaq. Doğrudur, bu məsələnin bir də pandemiya ilə bağlı müəyyən mənəvi tərəfləri var. Bir çox politoloqlar bunu indiki vəziyyətdə doğru saymırlar, ancaq Azərbaycanın torpaqları işğal olunanda, 1 milyondan çox vətəndaşımız didərgin düşəndə nədənsə bu mənəvi məsələlər heç də yada düşmədi. Ona görə də düşünürəm ki, qısamüddətli, ildırımsürətli lokal hərbi əməliyyatlar keçirilə bilər. Çünki Qarabağda uzunmüddətli müharibənin aparılması mümkün də deyil. Qlobal güclər buna imkan verməyəcəklər. Bunun örnəyi 2016-cı il 4 günlük aprel döyüşlərində də göründü. Rusiya - Ermənistanın havadarı olan bir ölkə bu savaşın böyüməsinə, Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasına imkan vermədi. Lakin hər bir halda postpandemiya dövründə dövlətlərin, geosiyasi maraqları olan qlobal güclərin başları daxili məsələlərə qarışacaq. Yəni pandemiya ilə mübarizəyə paralel olaraq iqtisadi böhrandan çıxmaq üçün çox ciddi zəhmət sərf etmək lazım gələcək. İqtisadiyyatı qaldırmaq, pandemiya ilə birmənalı mübarizə aparmaq və bu virusu yox etmək, buna qarşı peyvənd yaratmaq bir neçə ay ərzində həll edilə biləcək məsələlər deyil”.

Politoloq qeyd edib ki, digər münaqişələrdə də tərəflər baş-başa qalacaq:

"Ukrayna Donbas separatçılarını çox asanlıqla zərərsizləşdirə bilər. Ən azından Donbas vilayətini separatçıların əlindən azad edə bilər. Suriyada da bu məsələ gündəmə gələ bilər. Ancaq hər bir halda Suriya rejiminə İran və Rusiya dəstəyi olmadan ayaqda durmağı mümkün olmadığı üçün bu dəstəyi çətin olsa da, davam edəcəyini düşünürəm. Suriyada bütün qlobal güclər öz güclərini, varlıqlarını nümayiş etdirirlər. Ayrıca Türkiyə də Suriyada varlığını davam etdirir. Bu da Rusiya və İranı məcbur edəcək ki, Suriyada Bəşər Əsədə dəstək versinlər. Çünki nə Rusiya, nə də İran Suriyanı Türkiyənin nəzarəti altına vermək istəmirlər. Ona görə də düşünürəm ki, Suriya istisna olmaqla digər siyasi münaqişələr həllini tapa bilər".


Daha çox xəbər

Şərh yaz