“Beşinci kolon”un iqnor olunması vaxtı... - TƏHLİL



Dünyanı cənginə alan yeni növ koronavirus epidemiyasının yayılmasına qarşı mübarizə tədbirləri gücləndirilib.

Virusun daha çox can aldığı Çin, İran, İtaliya və digər Avropa ölkələri, eləcə də Rusiya və Türkiyədə epidemiya ilə mübarizə aparılır. 33 nəfərin koronavirusa yoluxduğu Azərbaycanda da epidemiyanın yayılmasına qarşı tədbirlər görülür. Martın 3-dən uşaq bağçaları bağlanıb, orta və ali məktəblərdə dərslər dayandırılıb. Xəstəliklə, onun yayılması və nəticələri ilə bağlı vətəndaşlara müntəzəm olaraq məlumatlar verilir. Karantin tədbirləri görülür, yeni laboratoriyalar alınıb. Qısa müddət ərzində ən müasir dörd laboratoriya alınıb gətirilib və hazırda laboratoriyaların sayı 10-a çatıb. On xəstəxana xüsusi rejimdə işləyir. Bu xəstəxanalar Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşir. Xəstəxanalarda həm xəstələrin müalicəsi aparılır və həm də karantin tədbirləri görülür. Virusun yayılmasının qarşısını almaq məqsədilə paytaxt Bakı, Sumqayıt, Abşeronda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, toy və yas məclisləri, digər kütləvi tədbirlər qadağan edilib. Hökumət əhaliyə çağırış edərək kütləvi tədbirlərdə iştirak etməməyə çağırıb.

Dövlət başçısının qərarı ilə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib. Martın 19-da imzalanan Prezident sərəncamına əsasən isə 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus pandemiyasının və dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb. Göründüyü kimi, Azərbaycan dövləti epidemiyanın yayılmasının, kütləvi insan itkisinə yol açmasının qarşısını almaq üçün lazımi addımları atır. Lakin istənilən epidemiya kütləvi təlaş yaratmaq gücündədir. Cəmiyyətimizin qarşısında duran əsas məsələ kütləvi təlaşa, psixoz duruma uymamaq və karantin tədbirlərinə, o cümlədən virusun yayılmasının qarşısını almağa hesablanan qadağalara, gigiyenik normalara riayət etməkdir. Bu işdə qeyri-hökumət təşkilatlarının, ictimai fikrə təsir edə bilən ziyalıların və təbii ki, həm də siyasi partiyaların üzərinə böyük vəzifə düşür. Aydındır ki, Azərbaycanın torpaqlarını bir hissəsi erməni işğalçıları tərəfindən zəbt edilib. Hələ də dövlət müstəqilliyimizin möhkəmlənməsini istəməyən güclər var. Dövlət müstəqilliyimiz bizə sinidə hazır verilməyib. Müstəqilliyi qazanmaq üçün çoxlu itkilər, qurbanlar vermişik. Yaxın Şərqdə, keçmiş SSRİ məkanında baş verən hadisələr göstərir ki, müstəqilliyimiz, ölkənin demokratik inkişafı hər an təhlükə ilə üzləşə bilər. Ölkənin müstəqlliyinə cavabdeh təkcə siyasi hakimiyyət deyil. Müxalifət, müstəqilliyin qazanılmasında rolu olan qüvvələr də dövlət maraqlarımızın keşiyində dayanmalıdır. Dövlət başçısı İlham Əliyev son çıxışlarında bir neçə dəfə ölkədə inkişafa mane olan “beşinci kolon”un olduğuna işarə vurub. Bu qüvvənin koronavirus epidemiyasından sui- istifadə edərək öz məqsədlərinə çatmaq istədiyini bildirib. “Biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o “beşinci kolon”dan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir.

Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın, onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar”-Prezident belə deyib. Dövlət başçısı hesab edir ki, insanların xəstəliyindən sui-istifadə edib ajiotaj yaratmaq yaxşı niyyət deyil:

“Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu “beşinci kolon”un nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, “beşinci kolon”, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər. Hər kəs bunu bilsin”.

Ölkədə yeni siuasiya yaranıb. Bunu dövlət başçısı da öz çıxışında bəyan edib. O, dialoq mühitinin bundan sonra da davam etdiriləcəyini, siyasi boykotçuların siyasi proseslərin dışında qalacağını bildirib:

“Və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir. Yəni, biz bunu etdik və şadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya vermişdir, faktiki olaraq siyasi dialoq artıq başlamışdır. Əminəm ki, bunun nəticələri də xalqımız üçün və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaqdır. O ki qaldı bu dialoqdan imtina edən qruplaşmalara, onlar özləri bilərlər. Hər halda mən demişəm, bir daha demək istəyirəm, uduzan tərəf biz olmayacağıq və yeni siyasi konfiqurasiyada satqın, xain “beşinci kolon”un nümayəndələrinə yer olmayacaq. Azərbaycan təmizlənir, o cümlədən satqınlardan, xainlərdən, “beşinci kolon”un nümayəndələrindən təmizlənir və təmizlənməlidir".

Bütün bunlara baxmayaraq, hələ də koronavirus epidemiyasının yayılmasını, neftin ucuzlaşmasını az qala toy-bayrama çevirənlər var. Bunlar daxildə özünü “ana müxalifət” adlandıranlar və onları Avropada təmsil edən söyüşcüllərdir. Koronavirus bir qlobal bəladır və nə qədər ki, təhlükə lokallaşdırılmayıb, hər kəs virusdan qorunmağın yollarını düşünməlidir. Toplum olaraq vahid möqve nümayiş etdirməyin zamanıdır. Neçə ki, işğalçı düşmən qarşısında iqtidar-müxalifət ayrı-seçkilyi olmur, cəmiyyət eyni mövqedən çıxış edir, eləcə də hazırda hər kəsi düşündürən məsələ eyni olmalıdır. Lakin bəzi qüvvələr koronavirusu sanki fürsət bilirlər. Məqsəd aydındır- mümkün olduğu qədər ajiotaj yaratmaq. Oxşar ideyalar ötən ilin oktyabr günlərində “inqilab” eşqinə düşənlər tərəfindən də səslənirdi. Ən təhlükəlisi odur ki, özünü ana müxalifət adlandıran qüvvələrin və onlara ideoloji, maddi, mənəvi dəstək verən bəzi keçmişdəkilərin arasında məskən salmış “beşinci kolon” bu ajiotajın yaranmasında daha çox canfəşanlıq edir. Belə bir durumda Azərbaycançı qüvvələr, vətənpərvər ziyalılar, ictimai-siyasi təşkilatlar dövlətçilik mövqeyində dayanmalı, müstəqilliyimizi istəməyən dairələrin əlində “maşa” olanlara öz yerini göstərməlidir. Azərbaycanda dəfələrlə ölkənin dövlət müstəqilliyi, suverenliyi təhlükə altında olub. Lakin xalq-dövlət birliyi xarici qüvvələrin əlində oyuncağa çevrilmiş qiyamçılara qarşı çıxıb, "yox" deməyi bacarıb. Ortada oktyabr 1994 və mart 1995-ci il çevriliş ssenarilərinin örnəyi var. O zaman müxalifətin vahid lideri mərhum Əbülfəz Elçibəy, demokratik müxalifətin avanqardları İsa Qəmbər, Etibar Məmmədov idi. O ağır dövrdə qiyamçılara heç bir dəstək verilmədi, dövlətçilyin qorunması üçün xalqa və siyasi partiya üzvlərinə çağırış edildi. İndi isə dünyada pandemiya elan edilib. Özünü müxalifət sayan bütün qüvvələr bir olmaq və cəmiyyətdə ajiotaj yaranmaması üçün iqtidarla eyni mövqe sərgilməlidir. Çünki burada millət və dövlət məsələsi var, siyasi maraqlar arxa planda olmalıdır. Öz məqsədlərini, korporativ maraqlarını güdən "5-ci kolon" isə İQNOR edilməlidir. Çünki indiki durumda siyasi intriqalarla, xaos arzusuyla yaşamaq dövlətçiliyin düşməni olmaq düşüncəsidir. İndiki durum bir olmaq, diri olmaq zamanıdır!

Cebhe.info Analitik Qrup
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət