Dünya hələ də ötən ilin dekabrında Çində aşkarlanan koronavirusla mübarizə aparır.
Mart ayından etibarən sərhədləri bağlayan, tədrisi təxirə salan, karantin rejimi tətbiq edən ölkələrdə koronavirusa yoluxma ilə bağlı vəziyyət nəzarət altına alındıqca, yumşaldılma tədbirləri görülür. Bu sıraya sərhədlərin açılması, qarşılıqlı səfərlərin müəyyən şərtlər daxilində bərpası da daxildir. Xüsusi şərtlər arasında səfər edəcək şəxslərin COVID-19-a dair test nəticələri ilə bağlı arayış təqdim etməsi də daxildir.
Artıq Azərbaycanda da müvəqqəti uçuş təlimatları hazırlanaraq təqdim edilib.
Bununla yanaşı, insanlar əmin olmaq üçün koronavirus testindən keçməyə maraq göstərirlər. Ancaq dövlət səhiyyə müəssisələri zəruri olduğu halda bu testi aparır və nəticəsi barədə şəxsə SMS göndərilir.
Dövlət tərəfindən məlum virusdan müalicə üçün Bakı şəhəri daxil, Astara, Qobustan və Cəlilabad rayonlarında xüsusi tibb müəssisələr ayrılıb. Bakıdakı palatalar Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Kliniki Tibbi Mərkəz (KTM), 7 saylı uşaq infeksion xəstəxanasında yerləşir, bir neçə modul tipli xəstəxana da istifadəyə verilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat katibi (TƏBİB) Rəvanə Əliyeva Cebhe.info-ya açıqlamasında hazırda koronavirusla bağlı 23 laboratoriyada test aparıldığını bildirib.
Hökumət koronavirusa görə müayinə və müalicəni özəl tibb müəssisələrində qadağan edib. Buna baxmayaraq, bəzi özəl klinikalarda koronavirusla bağlı testlər aparılır. Qiymətlər isə 25 manatdan 100 manata qədər dəyişir.
Cebhe.info məsələni özəl klinikalarla dəqiqləşdirib.
"Modern Hospital"dan saytımıza verilən məlumata görə, klinikada koronavirusa görə test əsasən, əməliyyat ediləcək xəstəyə edilir:
“Klinikamızda koronavirusdan test aparılır. Əsasən əməliyyata girən xəstədə koronavirus testi yoxlanılır. Qiyməti isə 25 manatdır. Test qan analizi ilə aparılır. Klinikamızda yaxmadan test yoxdur”.
“Medi Club” klinikasından bildirilib ki, klinikaya yalnız koronovirus simptomu olmayan xəstələr qəbul edilir və ya çağırış edə bilir:
“Simptomu olan xəstələri klinikaya qəbul etmirik. Əvvəl konsultasiya, həkim baxışı olur. Onun qiyməti 38 manatdır. Test yaxmadan 118 manat, qandan isə 50 manatdır”.
“İnci” laboratoriyasından isə bildirilib ki, klinikada koronavirusa görə yaxmadan test aparılmır:
“Yaxmadan yalnız "103" təcili tibbi yardım xidmətində test aparılır. Bizdə yalnız "BS" və "MS" qan analizi aparılır. "BS" 50 manat, "MS" isə 40 manatdır. Müraciət edənlər də var”.