Axtarış...

Rəna Mirqasımova-Fel: Mən heç yerdə özümü burada, ata evindəki qədər yaxşı hiss etmirəm



Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində istedadlı təhkiyəçilərin və tarix bilicilərinin mühazirələri təşkil edilib

Bizim xaricdəki dostlarımız - israilli gid Rəna Mirqasımova-Fel və onun italiyalı həmkarı Sergey Yermolinski yenidən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin qonaqları olublar. Artıq üçüncü dəfə həmin Mərkəzdə bu istedadlı təhkiyəçilərin və tarix bilicilərinin mühazirələri təşkil olunub. Tədbirin keçirilməsinə “Paşa Travel” şirkəti çox kömək göstərib, buna görə şirkətə təşəkkürümüzü bildiririk.

Maqsud İbrahimbəyov yaradıcılığını XV əsrdə Florensiyada keçirilən yaradıcılıq məclisləri ilə müqayisə edən Sergey Yermolinski uzaqgörənliklə deyir: “Tezliklə burada möhtəşəm hadisə olmalıdır”. Rənanın sözlərinə görə isə, bu evin divarlarını Maqsud İbrahimbəyovun şəxsiyyəti “canlandırır”. “Mən heç yerdə özümü burada, ata evindəki qədər yaxşı hiss etmirəm”, - deyən Rəna xanım əlavə edir ki, Maqsud İbrahimbəyov Mərkəzinin ziyarət edilməsi Bakıya gələn israilli turistlər üçün ekskursiya proqramına daxildir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ziyalılar nəslinin parlaq nümayəndələrindən biri olan Rəna Mirqasımova-Fel İsraildə yaşayır. Orada ekskursiyaçı-gid kimi tanınıb. Qeyri-adi istedadı sayəsində təkcə real şəhər üzrə deyil, həm də çoxdan keçmişdə qalmış dövrlərə və ya ümumiyyətlə uydurulmuş dünyalara ekskursiyalar keçirməyi bacarır. Məsələn, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində o, “Mahabharata” və “Ramayana” adlı qədim hind eposlarına həsr edilmiş iki mühazirə və təxəyyülü canlandıran “Şivanın kosmik rəqsi və ya allahların əbədi diyarı” mövzusunda daha bir mühazirə oxuyub. Tamaşaçılar bizim Mərkəzin rahat zalını tərk etmədən sərgüzəştlər və sehirlərlə dolu bir dünyaya - allahların, iblislərin və qəhrəmanların yaşadığı müəmmalı və sakral hind vedanta fəlsəfəsi və tarixi dünyasına “səyahət edirlər”.

Qədim Hindistan mifologiyası nə qədər mürəkkəb və dolaşıq olsa da, Rəna Mirqasımova-Fel bu barədə maksimum sadə dildə maraqlı və inanılmaz dərəcədə hazırcavablıqla söhbət aça bildi. Mühazirə o qədər maraqlı oldu ki, tamamilə gözlənilməz debatlar və nəticələr şəklində davam etdi: Rənadan sonra kinorejissor Oqtay Mirqasımov və Bakı Marionet Teatrının rejissoru Tərlan Qorçu da arilərin və digər xalqların mənşəyi barədə söhbətə qoşuldular.

İtaliyada yaşayan ekskursiyaçılar nəslinin davamçısı, Orta əsrlər və İntibah dövrü incəsənəti tarixi üzrə mütəxəssis Sergey Yermolinski saray intriqaları, böyük incəsənət əsərlərinin sirləri və o dövrün zadəganlarının həyatı barədə, necə deyərlər, hər şeyi bilir. Bu dəfə Bakıda iki mühazirə oxudu - “böyük və dəhşətli” Mediçi klanına qarşı sui-qəsd və Florensiyanın məşhur Uffisi qalereyası barədə. Bu mühazirələrdən birincisi dinləyiciləri təmtəraqlı interyerlər arasında baş verən qətl cəhdlərinin gözəgörünməz şahidlərinə çevirdi, ikinci mühazirə isə onları Avropanın ən qədim və məşhur muzeylərindən biri ilə tanış etdi.


Daha çox xəbər

Şərh yaz